Serbiya prezidenti Aleksandar Vuçiç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bölgədə sülhün sabitləşməsi üçün dəstək istəyib.
Bu barədə çərşənbə günü Serbiya liderinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Prezident Ərdoğan Kosovo və Metohiyadakı mövcud vəziyyətlə maraqlanıb və prezident Vuçiç ona serblərə qarşı zorakılığın artmasına səbəb olan hadisələrin xronologiyası ilə bağlı məlumat verib. O, həmçinin Türkiyə dövlət başçısından regionda sülh və sabitliyi qorumaq üçün ölkəsinin nüfuzundan istifadə etməyi xahiş edib”, - Vuçiçin mətbuat xidməti söhbətin təfərrüatlarını açıqlayıb.
Vuçiç Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ona ölkəni inkişaf yolunda uğurla aparmasını arzulayıb.
Həmçinin, Vuçiç Ərdoğanı Serbiyaya səfərə dəvət edib. (Mənbə: TASS)