Vaqif Səmədoğlu, Muxtar Maniyev, Rəfael Dadaşov, Arif Quliyev, Ramiz Əzizbəyli, indi də Firəngiz Rəhimbəyova. Unudulmayacaq, hətta əfsanəvi “Bəxt üzüyü”nün eyni dərəcədə unudulmaz, əfsanəvi yaradıcılarının yarpaq tökümü də deyə bilərik. Mükəmməl bir ekran işini Azərbaycan mədənniyyətinə miras qoyub getdilər. Adlarını çəkdiyimiz şəxsiyyətlərin hər biri Azərbaycanın ədəbi-bədii, ümumilikdə mədəniyyət, incəsənət tarixində silinməz iz qoyub. 1980-ci illərdə estradamıza yeni səs, avaz, modern davranış, səhnə estetikası gətirən Firəngiz xanımın həyatla vidalaşması xəbəri isə dünən yayıldı. Deməli, xoşbəxt insan odur ki, adı çəkiləndə insanların üzündə sevinc, gülüş yaranır.
Firəngiz Rəhimbəyova estrada mahnılarının gözəl ifaçısı idi, musiqimizə özünəməxsus ifa tərzi gətirmişdi, parlaq, gözqamaşdırıcı görkəmi vardı. Amma bu bir həqiqətdir ki, Azərbaycan insanı Firəngiz xanımı məhz “Bəxt üzüyü”ndə canlandırdığı Seda roluna görə sevdi. Ümumiyyətlə, Seda müsbət obrazdırmı, mənfidirmi, suala cavab vermək çətindir. Əsərin müəllifi də, filmin yaradıcıları da elə gözəl ekran işi (bundan əvvəl Sumqayıt teatrı “Bəxt üzüyü” tamaşasını hazırlamışdı və o da eyni dərəcədə xalq tərəfindən sevilirdi – M.R.) ərsəyə gətiriblər ki, filmdə mənfi obraza “rast gəlmək” olmur. Əsərdəki, filmdəki mənalı gülüş bütün mənfiliklərin üzərini örtür. Firəngiz xanımın filmdə canlandırdığı Sedanın hətta Moşu Göyəzənlinin “a Seda, sən əvvəldən belə sırtıq olmusan, yoxsa sonradan” sualına “6-cı sinifdən…” cavabı da insanlarda bu yaraşıqlı xanıma qarşı mənfi rəy oyatmır, əksinə, bu gözəl, şıltaq və şaqraq xanımı izləyiciyə sevdirir. Firəngiz xanım Azərbaycanı tərk edib Amerikaya köçmüşdü, amma insanlar onu yenə sevə-sevə, dodaqda təbəssümlə xatırlayırdılar. Hayıf ki, bəzən bu cür istedadlarımız Vətəndən iraq düşür və nə vaxtsa köç xəbərlərini alırıq…
Xatırladaq ki, Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olan Firəngizin uşaqlıqdan incəsənətə həvəsi olub. Firəngizin anası Raisa xanım çox erkən yaşda dünyasını dəyişib. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurub.
Sona xanım Elmlər Akademiyasının işçisi olub. Firəngizi, demək olar ki, həmin qadın böyüdüb, boya-başa çatdırıb, ali təhsil alması üçün dəstək olub, toyunu edib. İncəsənətə marağı və istedadı onu estrada səhnəsinə gətirib. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirib. Firəngiz Rəhimbəyova 1993-cü ildən ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyova 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub, Los-Ancelesdə yaşayıb. Bu şəhərdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olub. Aktrisa ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı “Qırmızı planet” fantastik filminə, həmçinin rusiyalı qaydasız döyüş ustası Oleq Taktarovun Kriss Kleyn, Rebekka Romin, Cin Reno kimi Hollivud ulduzları ilə birgə çəkildiyi “Rollerboll” filminə dəvət edilib. Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib. Müğənni-aktrisa 62 yaşında, infarktdan dünyasını dəyişib.
Uzun illərdir ABŞ-da yaşayan azərbaycanlı aktrisa və müğənni özü haqqında müsahibələrinin birində belə deyib: “Mən təsadüfən ABŞ-da deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Qohumlarım öz ailələri ilə uzun müddətdir ABŞ-da yaşayırlar. Bura köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət, çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır.
Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır. Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi - gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır.
Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm... Bakıda doğmalarım, demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var. Bakıya gəlməyi planlaşdırıram”. Qeyd edək ki, Firəngiz xanımın Raçel adlı bir qızı, iki nəvəsi var.
Aktrisa “Azərbaycana qayıdaraq yaradıcılıqla məşğul olarsınız” sualına isə belə cavab vermişdi:
“Bu, mənim üçün ağrılı sualdır... Yəqin ki, uzun müddət üçün qayıda bilmərəm. Lakin bundan sonra tez-tez Bakıya gəlmək niyyətindəyəm”.
Amma bu, Firəngiz xanıma nəsib olmadı. O, Azərbaycanla da, onu sevənlərlə də əbədi vidalaşdı. Allah rəhmət eləsin. P.S. Yadıma gəlir, uzun illər əvvəl Azərbaycan efirinə qonaq gələn müğənni amerikalı həyat yoldaşı haqqında “zəlzələ olanda, biz ikimiz də mənzili tərk etdik. Maşınımız evin qarşısında idi.
Raymond təmkinini pozmadı, hətta o, həyəcanlı dəqiqələrdə də centlemenliyini arxa plana keçirmədi. Əvvəlcə avtomobilin qapısını açıb, nəzakətlə məni əyləşdirdi, qapını örtdü, sonra özü sükanın arxasına keçdi...” Görün, nəyə diqqət edib Firəngiz xanım!.. Ruhu şad olsun.