"Necə birdən belə oldu, bilmirəm"
Ötən gecə müğənni-aktrisa Firəngiz Rəhimbəyli vəfat edib.

62 yaşlı sənətçi ürəktutmasından vəfat edib.

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyli daha çox "Bəxt üzüyü" filmindəki Seda rolu ilə məşhurluq qazanıb.

Xatırladaq ki, Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub. 1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb. Dia.az xəbər verir ki, "Bəxt üzüyü" filmində bir yerdə rol aldığı sənət yoldaşları Cebhe.info-ya onunla bağlı danışıb.

Xalq artisti Afaq Bəşirqızı bildirib ki, Firəngiz Rəhimbəyli səhhəti ilə bağlı heç bir şikayəti yox idi:

"Dəfələrlə telefon danışığımız olub. Çox mehriban qız idi. "Bəxt üzüyü-2"-də görüşdük, çəkildik. Sağlam idi, heç səhhətindən şikayət eləmirdi. Donub qalmışıq. Həyatsevər biri idi. Necə birdən belə oldu, bilmirəm".

Əməkdar artist Gülşad Baxşıyeva isə aktrisanın ölüm xəbərini bizdən öyrəndi:

"Doğrudan?! İndi sizdən öyrənirəm. İnana bilmirəm. Çox sarsıldım. Hazırda şok keçirirəm. Bu, necə ola bilər? Onun nə yaxşı var idi ki? Çox yaxşı bir insan idi. Yaxşını pisdən seçən, yaxşıya dəyər verən biri idi. Hələ onun sənətini kənara qoyuram, insan kimi çox gözəl qəlbə sahib idi. Ürəyim sıxıldı, çünki belə bir şey gözləmirdim. Həqiqi deyirəm. Kino çəkilən vaxtı da şənliyi, mehribanlığı ilə yadımda qalıb. Onun hər hansı bir nadinc hərəkətini görmədim. İçdiyi suyu, yediyi çörəyi bölüşürdü. Qəribə bir canayaxınlığı var idi. Adam kimi adam idi. Duyğusal, həssas idi. Gözəl səsi vardı, o, "Ana torpaq" mahnısı ilə iz qoyub. Çox təəssüflənirəm".

Gülşad Baxşıyeva deyib ki, aktrisa hər zaman Bakıya gələndə görüşüblər:

"Əlaqəmiz var idi, zəngləşirdik, danışırdıq. Hər dəfə Bakıya gələndə bizi dəvət edirdi, onun evində yığışırdıq, görüşürdük. "Bəxt üzüyü-2" çəkiləndə də məni adımı çəkib. Deyib ki, başa düşmədim, Gülşad niyə ikinci filmdə yoxdur? Yəni, dəyər verən olub. Allah rəhmət eləsin!"

Xalq artisti Valeh Kərimov isə sonuncu dəfə "Bəxt üzüyü-2"-də görüşdüklərini qeyd edib:

"Mən bunu bir az öncə dostumun hüzur yerində öyrəndim. "Bəxt üzüyü-2" çəkiləndə görüşmüşdük. Bakıya gələndə görüşürdük. Kinodan sonra əlaqəmiz olmayıb. Yaxşı insan idi. Həm gözəl səsə sahib idi, həm də aktrisalıq qabiliyyətinə. Allah ona rəhmət eləsin!"

Dünyapress TV

Xəbər lenti