"Bəzi televiziya kanallarımız ailə dağıdan verilişlər təqdim edir" - Xalq artistindən ETİRAZ
Məlum olduğu kimi, cari ilin sentyabr ayında erməni əsilli iordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilsə də, Azərbaycan tərəfinin prosesə müdaxiləsindən sonra film “Oskar” nominasiyasından geri götürülüb. Eyni zamanda, filmin İordaniyada nümayişi qadağan edilib.

Maraqlıdır, ölkəmizdə Qarabağ, onun Azərbaycana məxsusluğu, zəngin tarixi ilə bağlı filmlər çəkilirmi? Bu sahədə görülən işlər nə dərəcədə qənaətbəxşdir?

Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı, mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Təəssüflər olsun ki, biz həmşə bu məsələdə geri qalırıq. Öz enerjimizi ermənilərin gördüyü təxribat xarakterli işlərin qarşısını almağa sərf edirik. Halbuki, biz prosesləri qabaqlaya bilərik. Biz tariximizlə bağlı sənədli-bədii, tarixi-xroniki filmlərin çəkilməsinə az diqqət edirik. Halbuki, biz bu materiallar vasitəsilə bir neçə dildə sənədli filmlər çəkib yaya bilərik. Bunun üçün Azərbaycanın kifayət qədər imkanı var.

Bizim televiziya kanallarımız ailə-məişət mövzusundan kənara çıxa bilmir. Azərbaycanda bəzi televizya kanalları ailə institutunu dağıdan verilişlər efirə verir. Bunun əvəzində Azərbaycan tarixi ilə bağlı sənədli filmlər çəkmək olar. Bunun üçün gərəkli olan bütün sənədlər, tarixi faktlar ortadadır.

Bir daha qeyd edirəm ki, biz bu işdə geridə qalırıq və bu geriliyi hökmən aradan qaldırmalıyıq”.
 

Dünyapress TV

Xəbər lenti