\
Ötən il banklar “qaz vurub, qazan doldurublar”
Ekspert: “Şərtlər ağırlaşır, iri banklar müştərilərini razı sala bilmirlər...”

2022-ci il Azərbaycan bankları üçün düşərli olub. Kommersiya qurumları il ərzində gəlirlərini nə az, nə çox 50 faiz artırmağa nail olublar. Bu barədə Mərkəzi Bankın açıqladığı illik göstəricilərdə bildirilir.

Rəqəmlərə gəlincə, bank sektorunun qazancı keçən il 915 milyon manat təşkil edib. Bu da bir il əvvəl – 2021-ci ilin 609 milyon manatlıq göstəricisindən 307 milyon manat çoxdur. Bankların ötən il ödədiyi mənfəət vergisi də artaraq 262 milyon manata çatıb.


Bəs 915 milyonluq gəlir banklar arasında necə bölüşdürülüb? Mərkəzi Bankının açıqladığı rəqəmlər göstərir ki, “Paşa Holdinq”ə daxil olan “Kapital Bank” liderdir. 2022-ci ildə bu bank 308 milyon manat gəlir əldə edib.

İkinci sırada isə səhmlərinin 60 faizə yaxını dövlətdə olan Azərbaycan Beynəlxalq Bankı dayanır. Bu kommersiya qurumu il ərzində 254 milyon manat mənfəət əldə edib. Üçüncü sıra yenə “Paşa Holdinq”ə daxil olan “Paşa Bank”a məxsusdur. 2022-ci ildə bu bankın gəliri 150 milyon manata yaxın olub. Beləliklə, holdinqə məxsus banklar sektorun gəlirlərinin 50 faizinə sahib olub.

Dövlətə məxsus “AzərTürk Bank”-ın da mənfəəti kəskin artaraq, 2021-ci ildəki 546 min manatdan 11 milyon manata çatıb. Beynəlxalq Bankla birgə bu dövlət bankının toplam mənfəəti 265 milyon manat olub. Bu, sektorun toplam qazancının 29 faizidir. Beləcə, 2022-ci ildə Azərbaycanda bankların toplam mənfəətinin 79 faizi “Paşa Holdinq”ə və dövlətə, yerdə qalan 21 faizi digər 21 banka çatıb.

2022-ci ilin nəticələrinə görə, ölkədə aktivləri 2 milyard manatı keçən 4 bank var. Bunlar – ABB (14 milyard manat), «Paşa Bank» (8,5 milyard manat), «KapitalBank» (7,8 milyard manat) və «XalqBank» (2,7 milyard manat)dır. Bu siyahıda 2021-ci illə müqayisədə dəyişiklik olmayıb.

Beləliklə, Mərkəzi Bankın 2022-ci il göstəriciləri bank sektorunda hansı durumdan xəbər verir?

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov “Pressklub.az”a bildirib ki, ötən il ümumilkdə bank sektoru üçün uğurlu il olub: “Ötən il bankların aktivlərində, mənfəətlərində, kredit portfellərində və depozitlərində artım müşahidə edilib. Lakin buna paralel olaraq bank sektorunda inhisarlaşma meylləri də güclənib. Yəni, sözügedən artımlar ilk beşlikdə qərarlaşan bir neçə bankın hesabına baş verib. Digər bankların hesabına daha az pay düşüb”.

Ekspert hesab edir ki, bu, bütövlükdə təhlükəli tendensiya hesab olunur. “Çünki inhisarlaşma birbaşa olaraq bank xidmətlərinin keyfiyyətinə mənfi təsir göstərir. Məsələn, bank müştəriləri üçün şərtlər ağırlaşır, iri banklar müştərilərini razı sala bilmirlər və nəticədə xidmətin keyfiyyəti aşağı düşmüş olur”, – o qeyd edib.

Hüquqşünas bildirir ki, bu tendensiyanın qarşısını almaq üçün bank sektorunda rəqabət mühiti gücləndirilməlidir: “İlk növbədə bank sektoru genişlənməlidir. Digər tərəfdən, kredit təşkilatlarının səlahiyyətləri artırılmalıdır. Bu gün onlar yalnız kredit verə bilirlər. Məsələn, pul köçürə, hesaba vəsait yükləyə, valyuta mübadiləsi apara bilmirlər. Bu təşkilatlar bu cür əməliyyatları aparmalıdırlar ki, bazarda qismən də olsa rəqabət mühiti formalaşsın”.

Ə.Həsənov vurğulayır ki, hazırda bank sektorunda istehlak kreditlərinin miqdarı xeyli çoxdur. Onun sözlərinə görə, bura biznes krediti adı altında ticarət şəbəkələrinə verilən kreditlər də daxildir:

“Banklar tərəfindən ticarət şəbəkələrinə kredit verilir və nəticədə bu yolla əhalinin kreditləşməsinə yol açılır. Bu kreditlərin qaytarılmaması riski isə istehlak kreditinə ehtiva edilir. Sabah ticarət şəbəkəkəri bu krediti qaytarmayanda bunun ziyanını banklar çəkmiş olur”.
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 ABŞ-ın dövlət borcu 36 trilyon dolları keçdi
25 Noyabr 2024 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər – ARAŞDIRMA
25 Noyabr 2024 ŞAD XƏBƏR - Bu sahədə çalışanların maaşları artırılacaq
24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI

Dünyapress TV

Xəbər lenti