Son illər Azərbaycanın qiymətli kağızlar, o cümlədən istiqraz bazarında aktivlik müşahidə edilir.
Xüsusilə bank olmayan kredit təşkilatları aktiv şəkildə istiqraz buraxaraq vəsait cəlb edirlər.
Bəs bu istiqrazlara maraq nə dərəcədə yüksəkdir? Ümumiyyətlə, azərbaycanlı investorlar nəyə pul qoyur? "Report" bu məsələləri kapital bazarı üzrə ekspertlərlə müzakirə edib.
"Fiziki şəxslərin daxili istiqraz bazarına marağı azdır"
Onlardan biri Cəfər İbrahimli deyir ki, yerli kommersiya qurumlarının istiqraz emissiyalarına fiziki şəxslərin marağı azdır və həmin qiymətli kağızları əsasən hüquqi şəxslər alır: "Daxili istiqraz bazarına əsasən yerli banklar, sığorta və investisiya şirkətləri maraq göstərir. Dövlət qiymətli kağızlarından asılılığın azalması üçün korporativ istiqraz bazarının inkişafı vacib idi. Amma Maliyyə Nazirliyinin istiqraz emissiyaları da nəzərdə tutulan qrafiklə reallaşdırılır və cəlb olunan vəsaitlərdən dövlət büdcəsinin kəsirinin aradan qaldırılması üçün istifadə olunur. Dövlət istiqrazlarını xüsusilə banklar alır. Bu da onlarda likvidliyin yüksək olması ilə bağlıdır”.
"Azərbaycan vətəndaşları xarici səhm bazarına maraq göstərir"
Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları əsasən xarici səhm bazarına maraq göstərir: "Bunun da səbəbi daxili bazarda ABŞ dolları ilə investisiya qoyuluşunun gəlirliliyinin aşağı düşməsidir. Məsələn, 5 il əvvəllə müqayisədə Amerika valyutası ilə yerləşdirilən əmanətlərin illik faizd dərəcəsində kəskin azalma var. Odur ki, investorlarımız müxtəlif sektorlardan olan xarici şirkətlərin səhmlərini almağa çalışırlar. Maliyyə institutları isə avrobondlara investisiya edirlər. Çünki qlobal bazarlarda baş verən proseslər fonunda xarici ölkələrin mərkəzi bankları faizləri artırır. Son nəticədə xarici ölkələrin avrobondlarının yüksəlir və onlar bu baxımdan diqqəti cəlb edirlər".
"Xarici maliyyə bazarlarına gözləmə mühiti var"
Kapital bazarı üzrə digər ekspert Nəriman Yaqubov isə deyir ki, son vaxtlar xarici maliyyə bazarlarında gözləmə mühiti var: "Rusiya-Ukrayna müharibəsinə görə, dünyada neft-qazın, eləcə də digər əmtəələrin qiymətləri kəskin artıb. Bu da insanların alıcılıq qabiliyyətinə mənfi təsir göstərib. Bunun fonunda mərkəzi banklar inflyasiyanı nəzarətdə saxlamaq üçün uçot dərəcələrini artırırlar. Faizlərin artması isə həmişə böhrana gətirib çıxarır. Hazırda maliyyə bazarları bunu nəzərə alır və gözləmə mövqeyindədir".
"Azərbaycanlı investorlar riski sevmirlər"
Onun sözlərinə görə, azərbaycanlı investorlar demək olar ki, riski sevmirlər və sabit gəlirliliyə malik maliyyə alətlərinə üstünlük verirlər: "Xarici bazarlarda çox az sayda səhmlərə investisya edən investorlarımız ola bilər. Həmin səhmlər pul vəsaitlərinin hərəkəti, hesabatlılığı sağlam olan şirkətlərə məxsusdur. Onlar həm dividend ödəyirlər, həm də uzunmüddətli tarixləri var. Yəni, inkişafa yönəlik yox, daha çox stabil şirkətlər sayılır. Sabit gəlirli məhsullar arasında ən böyük tələb dövlət istiqrazlarınadır. Bunların həm riski çox azdır, həm də gəlirliliyi yüksəkdir. Yerli bazarda da insanlar əsasən dövlət istiqrazları və korporativ instiqrazlara yönəlirlər. Bunların da gəlirliliyi manatda olsa da, yüksək sayıla bilər".
"Faiz dərəcələri artanda qızılın qiyməti adətən azalır. Hazırda belə bir tendensiya var və bir müddət, yəni istiqrazların gəlirliliyi azalmağa başlayana qədər davam edəcək. Onda da qızıla yönəlmə olacaq. Qızıl istiqrazlar kimi portfeli qorumaq üçün istifadə edilən bir aktiv növüdür, eyni zamanda onun riski də azdır. Hazırkı şəraitdə bir az ehtiyatlı olmaq lazımdır. Hesab edirəm ki, təqribən 6 aydan sonra qızılı dəyərləndirmək və qızıla investisya etmək olar”, - deyə ekspert əlavə edib.