Azərbaycanda pomidorun topdansatış qiyməti kəskin bahalaşıb. Ötən ay ölkədə çəhrayı pomidorun topdansatış qiyməti 1,85 manat olub, iyun ayında isə bu rəqəm 80 qəpik idi. Bu, 2,3 dəfə çox deməkdir. Keçən ilin iyul ayında isə bu rəqəm 55 qəpik olub (3,4 dəfə artım). Keçən ay Bakı və Göyçay pomidorlarının topdansatış qiyməti 1,55 manat təşkil edib, iyun ayında isə bu göstərici 80 qəpik idi. Bu, 93,7 faiz artım deməkdir. Bu ilin iyul ayında 1,55 manata olan Zirə pomidoru keçən ilin iyul ayında isə 55 qəpik idi (2,8 dəfə artım).
Bəs, bahalaşmanın səbəbləri nələrdir? Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, bahalaşmanın əsas iki səbəbi var: "Birincisi, ötən il Rusiyaya pomidor ixracında problemlər olub və pomidor istehsalçıları ziyana düşüblər, yəni satış həyata keçirə bilməyiblər. Həmin ziyan çəkən istehsalçılar bu il pomidor əkməyiblər. Ona görə də bu il bazarda pomidor qıtlığı var. İkinci səbəb yerli pomidorun daha çox Rusiyaya ixrac edilməsidir. Hətta, ilk dəfə bu il Xaçmazın açıq sahə pomidorları Rusiyaya ixrac edilib. Lakin həmişə açıq sahə pomidorları yerli bazarda satılırdı, istixana pomidorları isə xaricə gedirdi. Bazarda qıtlıq olanda qiymət qalxır".
Pomidor qıtlığı var "Hazırda Xaçmazın açıq sahə pomidorları 60 qəpik-1 manata satılır. Keçən il isə Xaçmazda bu rəqəm 10-15 qəpik idi. Neçə illərdir ki, açıq sahə pomidorları 20 qəpikdən yuxarı qalxmayıb. Lakin bu ildən isə qiymət bahalaşıb. Qıtlıq olanda bahalaşma baş verir", - deyə aqrar ekspert bildirib.
Pomidor əkən həmişə pomidor, soğan əkən isə həmişə soğan əkməlidir M.Həsənov ötən illər ziyana düşən, bu səbəbdən də pomidor əkməyən parnik sahiblərinə də öz müvafiq tövsiyələrin verilməsini zəruri hesab edir. Onun fikrincə, iqtisadçılar araşdırma aparmalı, hansı məhsulları əkməyin sərfəli olacağı ilə bağlı öncədən proqnozlar verilməlidir: "Proqnoz verən zaman siyasi, iqtisadi proseslər nəzərə alınmalıdır. Digər tərəfdən, bizdə ixtisaslaşma yoxdur, yəni pomidor əkən həmişə pomidor, soğan əkən isə həmişə soğan əkməlidir. Bir az soğan baha olan kimi pomidor əkən gedib soğan əkir və s. Ona görə də fermer bir il qazanır, bir il itirir. İxtisaslaşma olsa, proqnozlar vermək də rahat olar". İqtisadçının fikrincə, bu il və gələn il pomidor əkmək sərfəli olacaq. Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycandan 112,2 min ton və ya 134,2 milyon dollar dəyərində pomidor ixrac olunub. Bu da keçən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 4,7 faiz çox, həcm baxımından isə 5,7 faiz azdır.
Rusiyaya pomidor ixracı azalsa da, gəlir artıb Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan Rusiyaya pomidor ixracı ötən 7 ay ərzində 109,4 min ton və ya 129,8 milyon dollar olub. Bu da keçən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3 faiz çox, həcm baxımından isə 4,4 faiz azdır.
Ən çox pomidor Rusiyaya göndərilib Göründüyü kimi, bu il Azərbaycandan pomidorun 97,5 faizi Rusiyaya göndərilib. İxrac gəlirlərində artım isə bu il pomidorun daha baha qiymətə satılması ilə bağlıdır. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istixanalarda pomidor istehsalının həcmi 220,1 min ton təşkil edib, bu da ötən ilin analoji dövründən 3,3 faiz çoxdur. 2021-ci ildə Azərbaycanda istixanalarda yetişdirilən pomidorun həcmi 343,06 min ton təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 18,9 faiz çoxdur. 2021-ci ildə pomidor istehsalı 2015-ci ilə nisbətən 1,6 dəfə, 2020-ci ilə nisbətən isə 4,2 faiz artaraq 807,3 min ton olub. 2021-ci ildə ölkə üzrə pomidor istehsalının 50 faizdən çoxu Şəmkir (21 faiz), Abşeron (13,9 faiz), Bakı (10,8 faiz), Xaçmaz (8,2 faiz) və Göyçay (5 faiz) payına düşüb.
Rusiyaya pomidor ixracı ilə bağlı məhdudiyyətlər tam aradan qaldırılıb Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. Bu ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb. Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilib və pomidor və alma məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb. "Rosselxoznadzor" tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.
Ötən il Azərbaycandan pomidor ixracının 96,5 faizi Rusiyanın payına düşüb 2021-ci ildə Azərbaycandan pomidor ixracı 2020-ci ilə nisbətən 22,6 faiz azalaraq 145,2 min ton olub. 2021-ci ildə Azərbaycandan pomidor ixracının 96,5 faizi Rusiya bazarının payına düşüb, az həcmdə isə Ukrayna, BƏƏ və Qazaxıstana ixrac olunub. Ötən il Rusiyaya 157 milyon 559 min dollar dəyərində 140 min 110 ton pomidor ixrac edilib.