Kiçildilən rəqəmlər, artan qiymətlər və danışan faktlar
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib. Komitədən bildirilib ki, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 113,7 faiz həddində olub.

Qeyd edək ki, son aylar ərzaq məhsullarının qiymətlərində kəskin artım qeydə alınır. İlin əvvəlindən etibarən un, makaron məmumlatları, şəkər tozu və digər zəruri qida məhsullarının qiymətləri iki dəfəyə yaxın artıb. Bəzi ekspertlər son bahalaşmanı dünya miqyasında baş verən iqtisadi hadisələrlə əlaqələndirsə də, əks qənaətdə olanlar - məmur oliqarxiyası və inhisarçıların qiymət artımına rəvac verdiyini iddia edənlər də var. Dia.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov AYNA-ya açıqlamasında deyib ki, qiymət artımları nəinki Azərbaycanda, bütün dünyada hiss olunmaqdadır: “Koronavirus pandemiyasından sonra dünyada ciddi dəyişikliklər baş verməyə başlayıb. Böyük güclər arasında baş verən qarşıdurmalar, qarşılıqlı iqtisadi çəkişmələr dünya miqyasında qiymətlərin artmasına səbəb olub. Misal üçün, un məmulatlarının qiymətlərinin bahalaşması Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə bağlıdır. Çünki dünyada ən böyük taxıl idxalçıları Rusiya və Ukraynadır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və şimal qonşumuza qarşı sanksiyalar səbəbindən dünyada taxıl böhranı hökm sürməkdədir”.

“Digər sahələrdə qeydə alınan bahalaşmanı da doğuran əsas səbəb budur. Norveç hökumətinin açıqlamasına görə, bu ölkədə son 10 ilin ən ağır inflyasiyası baş verir. İnkişaf etmiş, etməkdə olan, güclü, zəif - bir sözlə, bütün ölkələrdə inflyasiya və bahalaşma qeydə alınır”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın fikrincə, Azərbaycan digər dövlətlərlə müqayisədə bu böhrandan da minimum itkilərlə çıxacaq: “Koronavirus pandemiyası, digər iqtisadi böhranlarda olduğu kimi, ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq. Digər dövlətlərlə müqayisə etsək, görərik ki, Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu iqtisadi böhrandan da minimum itkilərlə yayınmağımızı təmin edir. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə pensiyalar və məvaciblər artırılıb. Məhz elə bu səbəbdəndir ki, əhali bahalaşmanın ağır fəsadlarını hiss etmir”.

“Bəzən belə fikirlərə rast gəlirik ki, guya, bahalaşma daxili problemlərlə əlaqədardır. Bu, tamamilə əsassız və məntiqsiz bir yanaşmadır. Bu gün dünyada elə ölkə yoxdur ki, orada ikirəqəmli inflyasiya qeydə alınmasın. Bir daha söyləmək istəyirəm ki, bunu doğuran əsas səbəb dünya miqyasında iqtisadi böhranın hökm sürməsidir”, - deyə Məmmədov vurğulayıb.

İqtisadçı ekspert Nemət Əliyev isə baş verənləri təkcə dünyada yaşanan böhranla əlaqələndirmir. O, AYNA-ya şərhində söyləyib ki, DSK-nın açıqladığı hesabat reallığı əks etdirmir: “Azərbaycan hökuməti bəyan edir ki, inflyasiya 13 faiz həddindədir. Əslində isə bu məlumat həqiqətə uyğun deyil. Statistika Komitəsi sadəcə hesabat xatirinə hesabatlar hazırlayır. Onsuz da cəmiyyətin belə hesabatlara inamı və etimadı yoxdur. Çünki hər kəs bilir ki, bu açıqlanan rəqəmlər hansı məqsədlərə xidmət edir”.

“Bu ilin əvvəlindən etibarən 35-40 faiz bahalaşma qeydə alınıb. Hətta bəzi məhsullar var ki, onların qiymətlərində iki dəfəyə yaxın artım olub. Bunlar çox ciddi və təhlükəli rəqəmlərdir. Bunu görmək üçün marketlərdə və bazarlarda kiçik monitorinq aparmaq kifayətdir. Dükanlarda qiymətlər nəinki ay ərzində, bəzən saatbasaat dəyişir”, - deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, orta məbləğ pensiya və orta əmək haqqının artırılması bahalaşmanın cüzi bir hissəsini kompensasiya edir: “Görünən odur ki, Dövlət Statistika Komitəsi və digər bu kimi qurumlar Azərbaycan hökumətindən daxil olan məsləhətlər əsasında rəqəmlər səsləndirir. Çünki bu rəqəmlərin reallıqla heç bir əlaqəsi yoxdur. Mənasız mexanizm tapıblar. Real inflyasiyanı ikiyə və ya üçə bölərək rəqəmlər açıqlayırlar”.

“Ən acınacaqlı məqam odur ki, hökumət bu bahalaşmanın qarşısını almaqda maraqlı görünmür. Məmur oliqarxiyası əksər sahələrə nüfuz edib. Qiymətlər “kartel üsulu” (inhisarçıların razılaşması) ilə müəyyən olunur. Heç olmasa, belə bir çətin şəraitdə insanların heysiyyatı ilə oynamasınlar, əhalini daha çıxılmaz duruma salmasınlar. Göründüyü kimi, heç bir məsuliyyət hiss etmirlər”, - deyə Əliyev bildirib.

Əlavə edib ki, cəmiyyəti Allahın ümidinə buraxmaq olmaz: “Elə ailələr var ki, yavan çörəyə möhtacdırlar. Heç olmasa, onları düşünün. Ənənəvi statistikalar, şişirdilmiş rəqəmlər çıxış yolu deyil. Hökumət təcili tədbirlər görməlidir”.

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 ABŞ-ın dövlət borcu 36 trilyon dolları keçdi
25 Noyabr 2024 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər – ARAŞDIRMA
25 Noyabr 2024 ŞAD XƏBƏR - Bu sahədə çalışanların maaşları artırılacaq
24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI

Dünyapress TV

Xəbər lenti