"2022-ci ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda orta gündəlik neft hasilatı 424 min barel təşkil edib (2021-ci ilin 6 ayında - 468 min barel idi) və bu müddətdə cəmi 10 mln. ton neft hasil edilib".
"AzPolitika.info" xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Onun sözlərinə görə, bu rəqəmlər 6 ayda AÇG-də neft hasilatının 9,4% və ya təqribən 8 mln. barelə yaxın azaldığını göstərir.
"Bu çox böyük azalma tempidir. Özü də yarım illik nəticə üçün katastrofik azalmadır", - ekspert vurğulayıb.
Ətraflı
Mütəxəssis daha sonra hasilatın kommersiyasındakı duruma diqqət çəkib: "6 ayda AÇG-dən 76,74 mln. barel neftin hasilatı üçün istismar xərcləri (Opex) 229 mln. dollar təşkil edib. Ötən ilin yanvar-iyununda 84,7 mln. barel neftin çıxarılmasına 266 mln. dollar xərclənmişdi. Yəni AÇG-dən 1 mln. barel neftin çıxarılmasına 2021-ci ilin I yarısında 3,14 mln. dollar əməliyyat xərci tələb olunurdusa, bu il həmin göstərici 2,98 mln. dollar təşkil edib. Qeyd edim ki, Konsorsium xərclərin optimallaşdırılmasında irəliyə kiçik də olsa addım atsa da, amma AÇG-də neft hasilatının azalmasının qarşısını almaqda böyük çətinliklərlə üzləşib. Hasilatın azalma tempi bütün proqnoz göstəricilərini geridə qoyub. Əvvəllər proqnozlaşdırılırdı ki, AÇG-də gündəlik neft hasilatı 2025-ci ilə qədər 450 min barel ətrafında davam edəcək və sonra 400 minə qədər azalacaq. Amma ola bilsin ki, bu il AÇG-dən neft hasilatı 20 milyon tondan aşağı həddə düşsün".
Hasilatda kəskin azalmann səbəblərinə glincə, İlham Şaban deyir ki, gözlənildiyinin əksinə olaraq AÇG-də dərin qatlarında yerləşən layların neftverimliyi daha az olub. Onun sözlərinə görə, buna görə də BP və tərəfdaşları xərclərin optimallaşdırılması kursunda əvvəlki illərlə müqayisədə daha az neft çıxarırlar.
Ekspert xatırladır ki, 2016-cı ilin əvvəlində bazarda neft 20 dollara qədər ucuzlaşmışdı və gəlirlərin kəskin azalması ilə yadda qalmışdı.
"2016-cı ilin I yarısında AÇG-dən 119 mln. barel neftin çıxarılması üçün 260 mln. dollar əməliyyat xərci qeydə alınmışdı. Yəni görünən odur ki, AÇG-də neftin maya dəyəri artıma gedir. Kapital xərclərin artmasını da nəzərə alsaq bu göstərici son 5 ildə xeyli yüksəlib. Deməli hazırda Azərbaycanın neft gəlirlərinin 2 dəfəlik artımı sadəcə bazardakı hədsiz yüksək qiymətlərdən qaynaqlanır", - mütəxəssis vurğulayıb.
"AzPolitika.info"