Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib. Nazir bildirib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait 1,0 milyon manat və ya 20 faiz artırılır.
Siyasi partiyaların maliyyələşməsi ilə bağlı "Sherg.az"a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, partiyaların gəlirləri, əsasən, iki əsas mənbədən təmin olunur:
"Ya dövlət tərəfindən ayrılan vəsaitlərdən, ya da partiya üzvlərindən toplanan üzvlük haqlarından. Lakin əhalinin vəziyyətini nəzərə aldıqda, partiyaların maliyyələşməsi yalnız dövlətin dəstəyi ilə mümkün görünür. Bu baxımdan, dövlət tərəfindən ayrılan vəsaitin artırılması, şübhəsiz ki, partiyaların fəaliyyəti üçün əhəmiyyətli bir addımdır. Ancaq burada mühüm sual yaranır: bu artım nə qədər təsirli və faydalı olacaq?
Məsələn, hazırda partiyalar üçün nəzərdə tutulan 5 milyon manatlıq büdcənin 20 faiz artırılması ilə bu məbləğin 6 milyon manata çatdırılacağı proqnozlaşdırılır. Lakin burada nəzərə alınmalı müəyyən məqamlar var. Belə ki, bizim partiya parlamentdə təmsil olunmur. Siyasi partiyalar üçün maliyyə yardımının 90 faizi parlamentdə təmsil olunan partiyalara, 5 faizi ehtiyata, qalan 5 faizi isə parlamentdə təmsil olunmayan partiyalara ayrılır. Belə bir vəziyyətdə, 6 milyon manatlıq büdcədən parlamentdə təmsil olunmayan təxminən 15 partiya üçün ayrılan 5 faiz, həmin partiyalar arasında bölüşdürüləcək. Bu isə hər bir partiya üçün kifayət qədər kiçik məbləğ təşkil edir".
Tural Abbaslı əlavə edib ki, bu məbləğ yalnız mərkəzi qərargahın xərclərinin ödənilməsi baxımından müəyyən qədər yetərli sayıla bilər.
"Ancaq regiondakı qərargahların fəaliyyətinin davam etdirilməsi, müxtəlif tədbirlərin təşkili və digər zəruri xərclər nəzərə alındıqda, bu məbləğ yalnız simvolik bir dəstək rolunu oynayır. Buna görə də hesab edirəm ki, qanunvericilikdə siyasi partiyalar haqqında müəyyən düzəlişlərin edilməsi zəruridir. Xüsusilə də, maliyyə bölgüsünün daha ədalətli və tarazlı şəkildə aparılması vacibdir. Ancaq yenə də dövlət yardımlarının artırılması ümumi olaraq müsbət və dəstəklənəsi bir addım kimi qiymətləndirilə bilər".