Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib.
"Report"un məlumatına görə, media nümayəndəsi "Fənərbağça"nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, "Qarabağ" Ermənistan komandası deyilmi" söyləyərək, yanlışlığa yol verib.
Verilişin digər iştirakçısı Hüseyin Özkek onun səhvini düzəldib. Bilgiç proqramın gedişində Niderlandın PSV komandasını da aşağılayıb. O, Eyndhoven təmsilçisinə "PSV-MSV" deyib.
Bundan əlavə, verilişin gedişində Bilgiçin 2024-cü ildən qüvvəyə minəcək Çempionlar Liqasının yeni formatından xəbərsiz olması üzə çıxıb. Həmkarı Hüseyin Özkek bu barədə onu məlumatlandırıb.
Bilgiç "Qarabağ"ın Azərbaycan klubu olmasından məlumatsızlığı və onu Ermənistan komandası kimi təqdim etməsi səbəbindən sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb, belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb olunub.
Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. "Qarabağ" püşkatmaya ikinci səbətdən, Türkiyə təmsilçilərindən "Fənərbağça" üçüncü, "Trabzonspor" isə dördüncü səbətdən qoşulacaq.