Quru sərhədlər niyə açılmır? –
Azərbaycanda quru sərhədləri 2020-ci ilin martından bəri bağlıdır. Həmin vaxt hökumət bu tədbirin Covid-19 pademiyasının fəsadlarının qarşısını almaq üçün həyata keçirildiyini açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 5-də COVID-19 pandemiyasına rəsmi olaraq başa çatdığını açıqladı. Bununla belə, Azərbaycan hökuməti iyunun 23-də pandemiya ilə əlaqəli karantin rejiminin oktyabrın 2-nə qədər uzadılması barədə qərar çıxardı. Karantin rejiminin uzadılması isə quru sərhədlərin bağlı qalmasını şərtləndirmiş oldu.

Sonuncu dəfə Prezident İlham Əliyev 15 iyul 2022-ci ildə quru sərhədlərin bağlı qalmasını Covid-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədini daşıdığını açıqlamışdı:

“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur”.

Azərbaycanda Operativ Qərargahın açıqladığı rəqəmlərə görə, hazırda gün ərzində barmaqla sayılacaq qədər insan Covid-19-a yoluxur. Əksər mütəxəssislər bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiyanın başa çatdığı qənaətindədirlər. Belə olan halda hökumətin xəstəliyi əsas gətirərək quru sərhədləri təkidlə bağlı saxlamasına səbəb nədir?

Pandemiya iddiası ağlabatan olmadığından cəmiyyətdə məsələ ilə əlaqədar çoxsaylı ehtimallar və spekulyasilar ortaya çıxıb. Bəziləri hesab edir ki, quru sərhədlərinin bağlı olmasına səbəb hava yolları şirkətlərinin əlavə qazanc əldə etməsinə şərait yaratmaqdır, bəziləri də hökumətin bu addımı atmaqla daxili turizmi təşviq etmək və maliyyənin ölkə daxilində dövr etməsini təmin etmək niyyətini irəli sürürlər.

Quru sərhədlər daxili turizmi təşviq etmək üçün bağlıdır?

İyulun 17-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin quru sərhədlərin bağlı olmasının daxili turizmin artımına heç bir təsir göstərmədiyini bildirdi

"Quru sərhədlərin bağlı olması daxili turizmin artımına heç bir təsir göstərməyib. Bu amillər bir-biri ilə bağlı deyil", - deyə o qeyd edib.

Agentlik rəhbəri həmçinin vurğulayıb ki, sərhədlər bağlı olduğunudan Azərbaycan quru yollarla gələn turistləri də itirib:

"Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik”.

İqtisadçı Natiq Cəfərli də sərhədlərin bağlı qalmasının səbəbinin daxili turizmi təşviq etmək ehtimalı ilə razılaşmır. Onun sözlərinə görə, məsələnin nə iqtisadi, nə də hüquqi əsasları var:

“Daxili turizmi inkişaf etdirmək üçün quru sərhədləri bağlı saxlamaq absurddur. Quru sərhədləri bağlı saxlayaraq daxili turizmi inkişaf etdirmək konsepsiyası varsa, kökündən yanlışdır. Qiymətlərin baha olmasının səbəbi infrastrukturun zəif olması, hostel və 2-3 ulduzlu hotel şəbəkəsinin olmamasıdır”.

İqtisadçı qeyd edir ki, əgər hökumət doğrudan da daxili turizmi təşviq etmək istəyirsə, quru sərhədləri açıb daha çox gəlir edə bilər.

“Təkcə pandemiyadan öncəki statistikalara baxsaq, bunu aydın görərik”, - deyə o vurğulayıb

Quru sərhədlər avişirkətlər daha çox qazansın deyə bağlıdır?

Quru sərhədlərin bağlı olmasına dair irəli sürülən iddialardan biri avişirkətlərin daha çox vəsait əldə etməsi ilə bağlıdır.

Statistika göstərir ki, quru sərhədlər bağlanandan sonra aviabiletlər dəfələrlə bahalaşıb.

Bununla belə, digər iqtisadçı ekspert Toğrul Maşallı hesab edir ki, bu “gülünc” iddiadır.

Onun sözlərinə görə, AZAL və "Buta" aviadaşıyıcılarında biletlərin bahalılığı quru sərhədlərin bağlı olmasının ortaya çıxardığı fəsaddır, onun səbəbi deyil.

"Quru sərhədlər yaxın vaxtlarda açılsa, AZAL və "Buta" əvvəlki kimi qazana bilməyəcək, amma quru sərhədlər bu aviadaşıyıcılar daha çox qazansın deyə bağlanmayıb. Bu mənasız iddiadır", - deyə o qeyd edib.

Müharibə və təhlükəsizlik ehtimalı

Hazırda Azərbaycan dünya miqyasında quru sərhədləri tam bağlı olan tək-tük ölkələrdən biridir. Əvvəldə qeyd edildiyi kimi, Prezidentlə yanaşı, digər yüksəkçinli hökumət təmsilçiləri bu barədə konkret açıqlama vermirlər. Nəticədə isə yalnız ehtimallar və spekulyasiyalar ortaya çıxır. Bunlardan biri də quru sərhədlərin milli təhlükəsizlik səbəbindən bağlı olmasıdır.

Toplum TV-yə açıqlama verən deputat Fazil Mustafa quru sərhədlərin məhz təhlükəsizlik amilinə görə bağlı qalmasını istisna etməyib:

“Quru sərhədlərin açılması vacibdir, çünki bu vətəndaşların tələbidir. Görünür, dövlət təhlükəsizliyi səbəbindən bu istiqamətdə qərar qəbul olunmur. Ümid edirəm ki, sərhədlərin açılması təmin olunacaq. Əks halda insanlar sıxıntı içində qalması qaçılmazdır. Ən azından sağlamlıq problemi olan, xaricdə təhsil alan və digər vətəndaşlara quru sərhədlərdən gediş-gəliş imkanı verilməlidir.”

Müstəqil siyasi şərhçi Azər Qasımlı da qeyd edir ki, quru sərhədlərin qapalı qalması qərarı milli təhlükəsizlik səbəbindən ola bilər. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin daha da kəskin hal alacağı ehtimalı hökuməti buna vadar edə bilər. Siyasi şərhçi bildirir ki, bunun nəticəsində Rusiyada yaşayan azərbaycanlılar ölkəyə kütləvi köç edə bilərlər, görünür, hökumət də buna görə ehtiyat edir:

“Hökumət heç bir əsas gətirmədən insanların hərəkət azadlığını pozur. Digər tərəfdən də sərhədləri bağlamaq sanki bizi bir daha SSRİ dövrünə qaytarır. Nə qədər ki, ictimaiyyət buna ciddi etirazını göstərmir, bunu gündəmə gətirmir, onlar heç bir açıqlama verməyəcəklər. Mənə görə, quru sərhədlərin bağlı qalması nə siyasidir, nə də iqtisadi. Əsas səbəb Ukraynada gedən müharibədir. Rusiyada yaşayan soydaşlarımız, hətta digər millətlər kütləvi şəkildə Azərbaycana axın etməyə başlaya bilərlər. Bu da hansısa formada anarxiyaya gətirib çıxara bilər".

Təkcə Gürcüstanla quru sərhədlərin açılması ehtimalına qaldıqda isə, Azər Qasımlı bildirir ki, Gürcüstanla sərhədin açılması əlbəttə ki, yaxşı olardı.

"Lakin bu vəziyyətdə də hökumət nəyə görə digər qonşu ölkələrlə yox, məhz Gürcüstanla sərhədin açılmasına aydınlıq gətirməyə məcbur olacaq. Hökumət isə buna getmək istəməz, çünki bizim təkcə Gürcüstanla deyil, Rusiya və İranla da quru sərhədimiz var. Belə olan halda hökumət onlara da hesabat verməli olar. Üstəlik də ki, Gürcüstan vasitəsilə də köç ola bilər. Bütün bunlara görə, hökumət ümumiyyətlə, quru sərhədləri bağlı saxlamağı daha münasib hesab edir”, - deyə o, açıqlamasında qeyd edib.
Toplum TV
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti