Qumar oyunları əhalini necə soyur?-
Həyatımıza internet daxil oldu, olmadı, onsuz da oyuna düşdük. Uşaqlı-böyüklü hər kəs qaldı kompüter qarşısında, saatlarla qalxmaq barədə düşünmədi. Beyinləri yoruldu, qədləri əyildi, gözləri məhv oldu, lakin, yenə də qalxmaq nədir, bilmədilər. Uşaqlarımız bütün meylini kompüterə, daha sonralar isə smartfon telefonlara saldı. Saatlarla internet aləmində gəzdilər, dolaşdılar, bizlərin isə əksəriyyəti heç bunun fərqində də olmadıq ki, axı uşaq bu qədər nə ilə məşğuldur. Əksinə, 2-3 yaşlı uşaqlarımız da zamanla telefonlarımıza dadandılar. Əllərinə telefon vermədinmi, yemək yemədilər, sakit dayanmadılar. Belə olanda bizlər asan yolu tapdıq. Telefonu verdik onların əlinə ki, səsləri kəsilsin, saatlarla qoyduq televizorun qarşısına ki, səsləri çıxmasın. Övladlarımız isə televizorda bizim mentalitetə, həyat tərzinə uyğun olmayan cizgi filmləri ilə dolduruldular. Telefonlarda uşaqlar nələrin şahidi oldu, onu da Allah bilir. Sən uşağa nəzarət etmirsənsə, buna əmin ol.

Lakin heç təsəvvür etməzdik ki, qarşıda elə oyunlar olacaq ki, bu oyunlar onun kölgəsində qalacaq. Məsələn, hansısa bir videonu, mahnını yükləmək üçün əməliyyat apararkən qarşımıza çıxan və təklif olunan oyunlar kimi. O oyunlar ki, illərdir ki, bizləri oyuna salır. Lakin bizə bu oyunlar hələ də dərs olmur ki, olmur…

Başlanğıc…

Azərbaycanda 13 illik fasilədən sonra, 2011-ci ildə ilk və yeganə qanuni idman mərc oyunu və “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” fəaliyyətə başlayıb. Bu portal təhlükəsiz, dövlət təminatlı və qanuni hesab olunur. Digər bütün mərc və onlayn platformalardakı oyunlar isə qanunsuzdur.

İnternetdə daha çox “1xBet”, “MotsBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları ilə qarşılaşmaq olur. Pandemiya dövründə əlacsızlıqdan kazino, bar, qumarxanalardan virtual aləmə köçürülən bu oyunların əksər istifadəçiləri gənclərdir. Bu yaşda olanlar belə elanlara daha tez aldanır və bu platformalara pul köçürərək, mərc etməyə başlayırlar.

Bəli, başlanğıcda hər şey çox sadədir. Qeyd etdiyim kimi, sosial şəbəkələrdə gəzişirsən, qarşına bir reklam çıxır. Səni bu oyundan yararlanmağa dəvət edir. Və yaxud da telefonuna linklər gəlir, açırsan… Elə hər şey də bunlardan sonra başlayır.

Təklif olunur ki, oyna, qazan! Milyonlara sahib ol! Həyatını dəyişdir! Sən, sən ol! Sən də nə edirsən, şirniklənirsən ki, axı qoy görüm, bu nə təklifdir, qoy bir baxım da. Beləliklə daxil olursan və ilkin olaraq sözsüz ki, qazanırsan. Çünki oyunların hamısı bu prinsipə xidmət edir ki, səni özünə cəlb etsin.

Qazandınmı, nə edirsən, qızışırsan. Daha böyük məbləğlər əldə etmək üçün mübarizəyə başlayırsan. 50 manat qoyub 70 manat götürürsən, həmin 70 manatı qoyub 100 manat əldə edirsən, beləliklə də şirnikləndirmə səni yeni bir yola yolçu edir.

Həyatın dəyişir?!

Bəli, oyunların reklamında deyildiyi kimi, həyatın dəyişir. Ancaq hansı istiqamətdə dəyişir, bunu görənlər və yaşayanlar ölkəmizdə yüzlərlədir. Həyatın dəyişir… Nə sən əvvəlki sən olursan, nə də cəmiyyətin, qohum-əqrəbanın, ailənin sənə qarşı münasibəti əvvəlki kimi olur.

İndi tez-tez belə ifadələr eşidirik: filankəsin oğlu qumara qurşanıb, xəbərin var? Filankəsin əri oyuna qurşanıb, eşitmisən? Filankəsin qızı filankəsin oğlundan qumara görə ayrılıb, bilirsən? Filankəsin əri evdən arvadının qızıl zinət əşyalarını da oğurlayıb oyunda uduzub, eşitmisən? Filankəsin oyunlarda uduzduğu pula görə banklara nə qədər kredit borcu var, xəbərin var?

Bəli, sadaladıqlarımın hər biri həyatında yaşanan onlarla insanın şahidiyik. Onların bu oyunlara aludə olması, daha sonra isə bu tilsimdən çıxa bilməmələri sadalamadığım nələrlə nəticələnib.

Adının çəkilməməsini xahiş edən ailəsi dağılan “A” adlı gənc deyir: bir neçə il əvvəl təsadüfən qarşıma çıxan reklam marağıma səbəb oldu. Bir neçə dəfə bu reklama baxmamağa cəhd etsəm də, sonda elə bil Allah ağlımı başımdan aldı, baxmalı oldum. Elə bir baxışla da həyatım dəyişdi. Əvvəlcə bir neçə dəfə uddum. Kiçik məbləğlər böyük məbləğlər üçün şirnikləndirdi məni. İşdən gəlirdim, keçirdim o biri otağa, başlayırdım oyuna. Yoldaşım bundan çox narahat olurdu. Hətta yemək üçün məni otaqdan zorla çıxarırdı. Məktəbli oğlum var, onun tərbiyəsi, dərsləri ilə məşğul olmağı birdəfəlik unutmuşdum. Evimizi ipoteka ilə almışdıq. Hər ay ödəniş etməli idik. Mən isə ailə başçısı olaraq oyuna qurşanmışdım. Əmək haqqı vaxtı baxırdım ki, ipotekanı ödəməyə, evə bazarlıq etməyə əlimdə pul qalmır. Beləliklə, həyat yoldaşımla aramızda münasibətlər pozulmağa başladı. O, əvvəllər elə bilirdi ki, mən onu hansısa bir qadınla aldadıram. Otaqda saatlarla qalmağım onda bu təəssüratı formalaşdırmışdı. Kim olsa, belə düşünərdi. Lakin sonra bildi ki, mən hansı yoldayam.

Yoldaşım həm mənim, həm də öz valideynlərinə xəbər verdi. Gəldilər, məni qarşılarına qoyub danladılar, məsləhət verdilər. Mən də onlara söz verdim ki, ta oynamayacam. Lakin aradan bir neçə gün keçməmiş baxdım ki, yenə oyundayam.

Dövlət işində işləyirəm. Yaxşı da əmək haqqı alıram. Amma nə olsun, maaşı haradan aldım, hara getdi, bilmirəm. Yoldaşım bezib məhkəməyə boşanmaq haqqında ərizə verdi. Boşandı məndən. Mən də evdən çıxmalı oldum. İndi oğlumun qayğısı da, evin ipotekası və dolanışığı-hamısı yoldaşımın üzərindədir.

Mənimsə qazancım küçələr oldu. İşdən sonra küçələrdə veyillənmək. Sonra da kirayə yaşadığım evdə oyun oynamaq. Bilirəm ki, səhv yoldayam, amma bu yoldan ayrıla bilmirəm. Heyif ailəmdən, oğlumdan. Mən onları itirdim. Bundan sonra nə etsəm də, onları geri döndərə bilmərəm. Mən ailəmi oyuna satdım. Çox təəssüf hissi içərisində yaşamaqdayam…

Adının çəkilməsini istəməyən “M” isə orta yaşlıdır. Əvvəlcə maşınını, evdən oğurladığı qızıl əşyaları, daha sonra isə evini oynadığı oyuna qurban verib. Hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. Ailəsi dəfələrlə dağılmaq təhlükəsində olub. Lakin valideynlər buna mane olublar. Birtəhər ki, ailəni bir yerə yığıblar. Oğullarını da yolundan döndərə biliblər.

Hazırda həmin ailə çox çətinliklə yaşayır. “M” beş nəfərlik ailəsini günəmuzd fəhləlik etməklə dolandırır. Övladlarının böyüməsi, qayğılarının artması isə onun işini daha da çətinləşdirib. O, bu böyük səhvi etdiyi üçün peşman olduğunu və rayonda yaşadığı üçün el arasına çıxmaqda çətinlik çəkdiyini bildirir. Utandığından evə, işə elə gəlib-getməyə çalışır ki, onu görən olmasın.

Yenə də adının çəkilməsini qəti şəkildə istəməyən “Y” deyir ki, dövlət işində çalışıram. İllərdir ki, oyunlara aludə olmuşam. Əvvəl xeyli qazandım, daha oyundan çıxa bilmədim. Dedim elə yəqin belə də olacaq, həmişə udacağam. Lakin günlərin bir günü uduzdum. 500 manat ödəməli oldum. Əmək haqqımı aldım, ödədim, əlimdə bir o qədər pul qalmadı. Axı ailənin qayğıları, evin bazarlığı, digər xərclər-hamısı maaşıma bağlı idi. Belə olanda iş yoldaşlarımdan borc almağa başladım. Onların arasında hörmətim olduğu üçün heç kim mənə “yox” demədi. Beləliklə, 1000-1500 manata qədər borc aldım. Arada kiçik məbləğlər udub, böyük məbləğlər uduzdum. Fikirləşdim ki, əmək haqqımı buraya versəm, uşaqlar ac qalacaq. Ona görə də məcbur qalıb kredit görürdüm. Bundan heç kimin xəbəri olmadı. Kreditlə borclarımın bir qismini ödədim. Söz verdim ki, bir də oynamayacağam…

Lakin günlər sonra özümü yenə oyunda gördüm. Nə etdimsə, ayrıla bilmədim. İş yoldaşlarım bu arada verdikləri pulu istədilər, qaytara bilmədim. Artıq kollektivdə mənə qarşı inamsızlığın formalaşdığını açıqca hiss edirdim. Bir daha borc istədim, gördüm ki, artıq mənim haqqımda hamı eyni fikirdədir və mənə bir qəpik də verən olmadı. Məcbur qalıb başqa bankdan da pul götürməli oldum. Beləliklə elə bir oyuna düşdüm ki, çıxmağım mümkün olmadı.

Atamgil hadisədən xəbərdar oldular. Mənimlə söhbət etdilər. Bu yoldan dönməyimi tələb etdilər. Sözün düzü, işimi itirəcəyimdən də qorxdum. Söz verdim ki, çəkiləcəyəm. Çəkildim də. İndi atamgil ailəmin dolanışığına köməklik edirlər, özümsə aldığım əmək haqqını iş yoldaşlarımdan aldığım borclara və kreditlərə ödəyirəm. Hələ qarşıda neçə illər var ki, həmin borclar və kreditlər bitsin…

Eynilə narkomaniya…

Bütün bu söhbətləri dinləyəndən sonra bu qənaətə gəldim ki, bu oyunlar eynilə narkomaniya kimi bir şeydir. Hər ikisinin başında iradəsizlik, daha sonra asılılıq, sonda borclanmaq, oğruluq, qeyri-sağlam həyat tərzi, hətta ölüm dayanır. İnsan necə ki, ətrafında olan pis dostların tələsinə düşür, onların qurbanına çevrilir, narkomaniyaya başlayır, virtual dostlar da adamı başdan çıxarıb oyunlara sürükləməklə onu eynilə narkomaniyaya bənzər bir yola yolçu edir.

Narkoman da eyni həyatı yaşayır, oyunçu da. Narkoman da borc istəyir, oğurluq edir, öz evindən əşya götürüb satışa çıxarır, yeri gələndə kredit də götürür, oyunçu da eynilə… Bütün bunları o da təkrarlayır. Onların ortaq oxşarlığı isə iradəsizlik, bunun yaratdığı aludəlikdir.

Narkomaniyanın da sonunda ailə itkisi, yaxınların, qohumların, dostların üz çevirməsi var, oyunların da. Narkoman da zamanla hörmətdən düşür, cəmiyyətdən təcrid olunur, oyunçu da. Hər ikisi pul əldə etmək üçün üz tutmadıqları qapı, axtarmadıqları yol qalmır. Ən bağışlanmaz hal isə onların öz evlərindən oğurluq etməsidir ki, bu, hər iki səhv yolda dəfələrlə müşahidə olunan vəziyyətdir. Öz evindən oğurluq isə mənəviyyatın ölməsi, insanlığın sıradan çıxması deməkdir. Onlar üçün həyat yoldaşının, övladın heç bir qiyməti yoxdur. Çünki elə bir yola düşürlər ki, onları bu yoldakı istəklərdən başqa heç nə düşündürmür.

Odur ki, narkomaniya tək bəla deyilmiş, oyunların insanları saldığı oyunlar narkomaniyadan da pis bəla imiş…

Ha poz ki…

Elə söhbətin bu yerində hər addımda qarşılaşdığımız “Poz, qazan!” oyunu barədə də bir neçə kəlmə danışmaq, yerinə düşər. Çünki bu oyun da kimlərinsə xeyrinə, kimlərinsə ziyanınadır. Biz nəyi pozuruq, nəyi qazanırıq, heç bilirikmi? Kim bu oyundan sanballı nə isə qazanıb, xatırlayırmı?

“Poz, qazan!” yarandığı vaxtdan onun satışı ilə məşğul olan şəxs bir dəfə etiraf etmişdir ki, neçə illərdir, bu işlə məşğul oluram, bircə dəfə bir nəfər 100 manat udub. Deməli, digər insanların isə yalnız başı aldadılır.

“Poz, qazan!”ı çox vaxt vadar olub oynayırıq, yəqin bunun fərqinə varan olub. Məsələn, metroya giririk, marşrut avtobusdan istifadə etmək istəyirik, karta pul yükləmək lazım gəlir. Baxırsan ki, cibində xırda pul, yəni manatlıq yoxdur. Deməli, nə etməlisən, pul xırdalamalısan. Başlayırsan metronun, dayanacaqların ətrafında ha firlanırsan ki, pul xirdalayasan, bir yer tapa bilmirsən. Bu haldan səmərəli şəkildə istifadə edib metroya, dayanacaqlara yaxın yerlərdə məskunlaşan “Poz, qazan!”çılara yaxınlaşıb, bir dəfə pozmaqla qazanmasan da, pulunu xırdalaya bilirsən. Beləliklə “Poz, qazan!”çılar qazanır, sənsə itirirsən. Hər gün yüzlərlə adam “Poz qazan!”çıların tələsinə düşür. Ya pul xırdalamaq üçün, ya da bir manat nədir ki, bir bəxtimi sınayam dedikləri üçün…

Görəsən, olmazdı ki, metroda və dayanacaqlarda pul xırdalamaq üçün bir yer nəzərdə tutulardı? Axı əvvəllər belə idi. Manat verib qəpik alırdın ki, metrodan istifadə edə biləsən. Yaxın məsafələrdə belə bir xidmətin nəzərdə tutulması çox vacibdir. Əks təqdirdə həm insanlar əziyyət çəkir, həm də “Poz qaçan!”çılar qazanır.

Sən də ha poz ki, nə isə qazanacaqsan… Bu da oyuna salan oyunlardan biri deyilmi?..

Bəs nə etməli?..

Qeyd edək ki, ölkədə bəzi mərc saytları bloklanıb və girişi məhdudlaşdırılıb. Ölkəmizdə həm də oyunların təhlükəsizliyini təmin etmək üçün tutarlı qanunlar var ki, onlar tətbiq olunmaqdadır. Amma “MostBet” və “1xBet” kimi böyük istifadəçi kütləsi olan saytların həm reklamına, həm də girişinə heç bir məhdudiyyət qoyulmayıb.

Mərc oyunları həvəskarlarının 60 faizi indi onlayn qumar ilə məşğuldur. ABŞ, Almaniya və İsveçrə dünyanın ən çox mərc oynanılan ölkələri hesab olunurlar. Elə bu səbəbdən də artıq ABŞ internetə nəzarət mexanizmini hazırlayıb tətbiq etməyə başlamaq üzrədir. Bəli, dünyanı yaratdıqları oyunlarla zəhərləyən dövlətlər indi özlərini bu bəladan xilas etmək üçün yollar axtarır. Bəs digər insanlar?..

Qonşu Türkiyədə səlahiyyətli şirkətlər istisna olmaqla, mərc oyunları qadağandır. Lakin burada da son illər mərc oyunlarına böyük həcmlərdə vəsait qoyulur. Bu səbəbdən də 18-50 yaş qrupunda olan 5 milyon insan ildə 50 milyard pul itirib.

Bu statistikaya əsasən belə bir sual çıxır meydana: tək pulmu? Xeyr, insanlar oyunlara meyil salmaqla, aldanmaqla, aldadılmaqla mənəvi dəyərlərini, ailə dəyərlərini, həyat yoldaşlarını, övladlarını da itirirlər. Pul ər çirkidir, deyirik. Onu nə vaxtsa, çətinliklə də olsa, ödəmək olur. Bəs itirilən mənəvi dəyərlərin necə, yerini doldurmaq olurmu?..

Bəs nə etməli?.. Bunun bir yolu var. Bizləri oyuna salan oyunlardan kənar olmalı. İnanmamalı, o linklərə daxil olmamalı, o reklamlara aldanmamalı. Dəhşətli hal odur ki, əsasən “Youtube”də, digər sosial şəbəkələrdə də aldanmış və aldadılmış yüzlərlə insanın etiraflarını oxusaq da, mətbuatdan bu qəbildən olan insanlar haqqında oxuyub məlumat alsaq da, yenə də aldanırıq. Deməli, biz şüurumuzda dönüş etməliyik. Ətrafımızdakı insanlara baxıb dərs almalıyıq. Dağılan ailələrə, atasız qalan uşaqlara, evsiz qalan ailələrə, kollektiv arasında hörmətdən düşən, cəmiyyət arasında pis mənada barmaqla göstərilən insanlara baxıb öz yolumuzu müəyyənləşdirməliyik.

Oynayaq, yoxsa, oynamayaq? Oynayarıqsa, sözsüz özümüzü oyuna salacağıq. Bunun başqa yolu yoxdur…

Mətanət Məmmədova

Mənbə – Səs qəzeti
https://www.tvpress.az/qumar-oyunlari-xalqi-nec%c9%99-talayir-poz-qazanma-oyna-udma-arasdirma/

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti