![]() |
![]() ![]() ![]() |
|
Ermənistanın tələm-tələsik və yarımçıq sülh sənədi imzalamaq hiyləsinin məkrli səbəbləri üzə çıxır; Paşinyan “aydınlaşdırılmalı bəzi məqamlar” deyəndə nəyə işarə edir?
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Albaniyada müzakirə predmeti olub, lakin konkret vaxt barədə məlumat yoxdur. “Yeni Müsavat” xəbər verir ki, bu barədə erməni mediası yazıb.
“Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi razılaşdırmaq, həmçinin bəzi məqamları aydınlaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr davam edir”. Bunu isə az öncə Paşinyan bildirib.
Ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 29-da deyib: “Biz sülh sazişinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh müqaviləsinin mətni yekunlaşıb və onun imzalanması qalıb”.
Lakin rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün iki legitim şərti və ya tələbi bəlli. Belə olan surətdə Paşinyanın və onun komandasının nikbinliyi nə ilə bağlı ola bilər? Bakı ilə “aydınlaşdırılmalı bəzi məqamlar” deyəndə Ermənistan baş naziri nəyi nəzərdə tutur, 2025-ci ildə bu il sənədin imzalanması mümkündürmü? Buna ən böyük əngəl hazırda nədir - Ermənistan cəmiyyəti, Rusiya, İran, yoxsa Qərb?..
“Paşinyan hesab edir ki, sülh sazişinin imzalanmasında istənilən gecikmə İrəvan üçün riskdir”. Bunu isə rusiyalı politoloq Yevgeni Mixaylov söyləyib. “Lakin Nikol Paşinyanın ”Ermənistanın Konstitusiya Məhkəməsi sülh müqaviləsini təsdiq etməsə, şəxsən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum təşəbbüsü ilə çıxış edəcəyi" barədə bəyanatları nədənsə inandırıcı görünmür və ümumiyyətlə, heç nə demək deyil. Təbii ki, Azərbaycanı bu ardıcıllıqlar qane etmir. Bakı sülh sazişi imzalanana qədər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın mövqeyi tamamilə ədalətlidir. Bakı risk etmək istəmir. İrəvan başa düşməlidir ki, Bakı ilə sülh əldə olunmasa, Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü tələbləri yerinə yetirmək üçün konkret addımlar atmasa, Bakının İrəvanı sülhə məcbur etməsi daha ağır formalar ala bilər", - deyə o qeyd edib.
Başqa sözlə, Azərbaycanın “B planı” işə düşə bilər...
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, Ermənistana diplomatik təzyiqləri artırmaq lazımdır. Onun fikrincə, rəsmi İrəvanı sülhə məcbur etmək üçün siyasi-diplomatik üsullarla təsirləri gücləndirməliyik. Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti sülh mövzusunda “gözə kül üfürür” və vaxt udmağa çalışır. “Cənab Prezident hər bir görüşdə və çıxışlarında Azərbaycan dövlətinin mövqeyini, tələblərini səsləndirir. Əgər münaqişənin tam başa çatması Ermənistana lazımdırsa, şərtlər qəbul olunmalıdır. Ancaq vaxt qazanmaq və hakimiyyət kürsüsünü düşünmək Paşinyana vacibdirsə, Azərbaycan hər hansı siyasi oyunda iştirak etməyəcək”, - Z. Qarayeva belə söyləyib.
Ekspertə görə, prosesin uzanması regionda kənar təsirlərin dərinləşməsinə səbəb olur və bundan sui-istifadə edilir: “Ermənistan beynəlxalq ictimaiyyəti inandırmaq istəyir ki, guya sülhü onlar istəyir, Azərbaycan əngəl olur. Bu yalan propoqanda davam edir. Buna görə də düşməni ifşa etməliyik və diplomatik təzyiqlərlə məlum iki şərtin yerinə yetirilməsinə nail olmalıyıq. Paşinyan qarşıdan gələn seçkilərdən qalib çıxmaq istəyirsə, Bakını dinləməlidir. Nəzərə alsınlar ki, Gümrüdə kommunistlər qələbə qazandı. Ardınca Rusiyadan Ermənistana həmlələr artmağa başladı. Paşinyan Kremlin addımlarını görə bilirsə, Azərbaycanla sülh prosesini sürətləndirməlidir. Çünki ondan asılı səbəblər var. Hər halda, Azərbaycan yeni bir diplomatik hücum planı ilə Ermənistanı sülhə məcbur etməlidir”.
Zaur Məmmədov
Politoloq Zaur Məmmədov hesab edir ki, Paşinyan əslində yeni nəsə deməyib, onun bu açıqlaması ikitərəfli dialoqda yeni qərar vermədiyinin göstəricisidir. Z.Məmmədova görə, Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişiklik məsələləri ilə əlaqələndirməsi proseslərdə inkişaf yox, geriyə qayıdışdır: “Paşinyan bildirir ki, Ermənistan Minsk qrupunun ləğv olunması ilə eyni vaxtda sülh sazişi imzalamağa hazırdır, amma bu yanaşma əslində prosesə süni şərtlər və paralel mexanizmlər əlavə etməkdir. Ermənistan əvvəllər Minsk qrupunu ”status" məsələsini gündəmdə saxlamaq üçün istifadə edirdi. İndi isə bu strukturun ləğvini müzakirə obyektinə çevirmək, sadəcə olaraq zaman udmaq və əsas məsələlərdən yayınmaq istəyir. İrəvan çox yaxşı bilir ki, təxminən gələn ildən başlayaraq ABŞ, Fransa və Rusiya Minsk qrupunun diriltmək üçün fəaliyyətə keçə bilərlər. Bu, Ermənistanın maraqlarına cavab verəcək. Ona görə məsələləri uzatmaqla bu kartı əlində saxlamaq istəyir".
Onun fikrincə, Konstitusiya məsələsində də eyni qayda ilə vaxt udmaq və məsuliyyətdən yaxa qurtarmaq istəyir: “Əslində isə onun məsuliyyətdən yaxa qurtarması üçün ən yaxşı yol mövzunun müzakirəsini xalqa vermək, referendum vasitəsi ilə erməni cəmiyyətinin öz gələcək aqibətlərini müəyyən etməsidir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir - Ermənistanın konstitusiyasında dəyişikliklər edilmədən sülh sazişi hüquqi baxımdan qeyri-müəyyən qalacaq və gələcəkdə iddiaların yenidən qayıtma riski yaranacaq”.
Politoloq düşünür ki, Paşinyan çıxışında guya konstruktivlik göstərir, əslində isə bu, siyasi manipulyasiya, vaxt udmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir: “Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasının dəyişdirilməsi sülhün real təminatı üçün zəruri şərtlərdir. Çünki bu məsələlər Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının və ya revanşist planlarının qarşısını almaq üçün hüquqi əsasları aradan qaldırır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”