Cənubi Koreya Prezidenti Yun Sok Yol Konstitusiya Məhkəməsində çıxış edərək ölkə vətəndaşlarından hərbi vəziyyətin elan olunması ilə bağlı yaranan qarışıqlıq və narahatlığa görə üzr istəyib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Xalqımdan üzr istəmək və sizə təşəkkür etmək istəyirəm... Hərbi vəziyyət ölkə və xalq naminə tətbiq olundu, lakin bu prosesdə dəyərli vətəndaşlarımız üçün qarışıqlıq və narahatlıq yaratdığım üçün səmimi qəlbdən üzr istəyirəm", – deyə prezident bildirib.
O, hərbi vəziyyətin elan olunması ilə bağlı özünə qarşı irəli sürülən üsyan ittihamlarını bir daha rədd edib. Yun, həmçinin siyasətçilərin həbsi və Milli Assambleyanın binasından çıxarılması barədə əmr verdiyinə dair iddiaları “absurd” adlandırıb.
Qeyd edək ki, Yun Sok Yol 15 yanvarda üsyan işi üzrə həbs edilib. Bu, Cənubi Koreya tarixində ilk dəfədir ki, vəzifədə olan prezident istintaq orqanı tərəfindən həbs olunur. Lakin siyasətçi bildirib ki, o, istintaqa könüllü şəkildə ifadə verməyə gedib və özünü günahkar hesab etmir.
Xatırladaq ki, Yun Sok Yol 3 dekabr 2024-cü ildə Cənubi Koreyada hərbi vəziyyət elan etmişdi. O, bu addımını Şimali Koreya tərəfdarı qüvvələri məhv etmək və azad konstitusiya quruluşunu qorumaq zərurəti ilə əsaslandırmışdı. Lakin Seulda kütləvi etirazlar başladı və vətəndaş cəmiyyəti fəalları şəhərə gətirilən əsgərlərlə qarşıdurmaya girdilər. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olundu. Daha sonra Cənubi Koreya parlamenti Yuna impiçment elan etdi.