“Santexniklər” prezidenti necə istefaya göndərdilər?
50 il əvvəl, 1974-cü il avqustun 9-da ABŞ prezidenti Riçard Nikson Uotergeyt qalmaqalı nəticəsində istefa verdi. Prezidentin əməllərinin qərəzliliyi amerikalıları sarsıtdı və siyasi sistemi daha şəffaf edən geniş miqyaslı islahatlara səbəb oldu. “Meduza” bu hadisələr haqqında material hazırlayıb.

“Ağ evin santexnikləri”

1971-ci ilin yanvarında ABŞ Dövlət departamentinin analitiki Daniel Ellsberq Vyetnam müharibəsindən məyus olaraq, hərbi əməliyyatların gedişi, Amerika ordusunun itkiləri və Müdafiə nazirliyinin yalanları barədə xeyli məxfi məlumatları jurnalistlərə ötürdü. “Pentaqon sənədləri” adını alan həmin materialları “The New York Times” iyunda dərc etdi.

Birinci müddəti sona çatmaq üzrə olan prezident Nikson sızma üzündən cin atına mindi. O, Ellsberqin əlində başqa məxfi məlumatların da olacağından qorxurdu. Ədliyyə nazirliyinin əməkdaşı Eqil Kroq və prezidentin köməkçisi Devid Yanq mümkün sızmaların qarşısını almaq və Niksonun opponentlərinə qarşı kompromat toplamaq üçün gizli agentlər qrupu - “Ağ evin santexnikləri”ni yaratdılar.

Keçmiş CIA və FBI agentləri Hovard Hant və Qordon Liddi Ellsberqin xəstəlik tarixçəsini əldə etmək və susdurmaq üçün şantaj etmək məqsədilə onun həkimi olan kaliforniyalı psixiatr Lyuis Fildinqin ofisinə girməyi təklif etdilər. Kroq və Yanq planı Niksonun daxili siyasət üzrə müşaviri Con Erlixmanla razılaşdırdı və “santexniklər” sentyabrın 3-də psixiatrın ofisinə girdilər. Onlar Ellsberqin dosyesini tapdılar, amma orada maraqlı bir şey yox idi.

Hant və Liddi Ellsberq əleyhinə kampaniyanı davam etdirmək istəyirdilər: publik çıxış öncəsi onun xörəyinə LSD qatmaq və mənzilinə girmək niyyətində idilər. Erlixman bunu onlara qadağan etdi və Niksonla söhbətində psixiatrın ofisinə girilməsinə eyham etdi: “Bizim kiçik bir əməliyyatımız oldu, amma düşünürəm, bu haqda bilməsəniz yaxşıdır”.

Ellsberqi diskreditasiya etmək cəhdlərinin uğursuzluğu Liddinin karyerasına xələl gətirmədi. Tezliklə onu prezidentin yenidən seçilməsi üzrə komitənin (CRP) maliyyə müşaviri təyin etdilər. Əslində isə demokratlara qarşı kompromat toplanılması və digər əməliyyatlara cavabdeh idi. O, öz işini CRP rəhbəri Ceb Maqruderlə, baş prokuror Con Miçellə və prezident administrasiyasının əsas hüquqşünası Con Dinlə razılaşdırırdı.

Bir müddət sonra Liddi bir neçə layihələr təklif etdi və onların icrası üçün yarım milyon dollar istədi. Amma Mitçell planın bir hissəsini bəyəndi: Vaşinqtonun “Uotergeyt” hotelində (əslində “Uotergeyt” kompleksinin ofislər üçün binasında – Pressklub.az) demokratların mənzil-qərargahına girmək. Plana görə, qəsdçilər opponentlərin sənədlərinin şəklini çəkməli və dinləyici qurğular yerləşdirməli idilər. Onlardan bəziləri sonralar deyirdilər ki, demokratların kommunist Kubası ilə maliyyə əlaqələrini sübut etmək niyyətində idilər. Ola bilər, əsas məqsəd demokratların qərargah rəhbəri Larri OʼBrayana kompromat toplamaq olub.

Əməliyyatda Liddi və Hantla yanaşı keçmiş CIA agenti Ceyms Makkord (o, CRP-də təhlükəsizlik rəisi idi) və daha əvvəl FBI-da işləmiş Alfred Bolduin iştirak edirdi. Hant Kastro rejiminə qarşı diversiyalarda iştirakdan tanıdığı dörd keçmiş CIA əməliyyatçısını - Virgilio Qonsales, Bernard Barker, Frenk Sturqis və Euxenio Martinesi - cəlb etdi.

Beş nəfərdən ibarət qrup mayın 28-də mənzil-qərargaha daxil oldular və bir neçə dinləyici qurğu yerləşdirdilər. Onlardan bəziləri tezliklə xarab oldu və qrup iyunun 17-də yenidən müdaxilə etdi. Mühafizəçi bir qapının qıfıl dilinin yapışqanlı lentlə örtüldüyünü görür və polis çağırır. Çağırışa mülki geyimli polislərin olduğu avtomobil cavab verir. Əsas girişi müşahidə edən Bolduin onların yaxınlaşmasını sezmədi və müdaxilədə iştirak edən beş nəfər saxlanıldı. Baş verənləri qonşu binadan müşahidə edən Liddi və Hant aradan çıxdılar.

Pornofilmdən mənbə

Liddi ertəsi gün Maqruderə zəng etdi və müdaxiləçilərin tutulduğunu dedi. Ağ evdə izləri tələsik silməyə başladılar.

Müstəntiqlər tutulanlardan Bernard Barkerin qeyd kitabçasında Hantın nömrəsini tapdılar. Keçmiş CIA agentinin prezident administrasiyası ilə əlaqəsini gizlətməyə çalışan Erlixman Hantın seyfindəkiləri məhv etməyi tapşırdı.

Bir neçə gün sonra “The Washington Post”un jurnalistləri Bob Vudvord və Karl Bernstayn Hantın həm müdaxilədə barmağı olduğunu, həm də Ağ evlə bağlılığını xəbər verdi. Məlumatın mənbəyi FBI direktor müavini Mark Felt idi. O, ya istintaqa maneçilik cəhdindən narazı idi, ya da özünün büro direktoru təyin olunmamasına görə Niksondan intiqam alırdı. Felt və Vudvord yarım il ərzində yeraltı qarajda görüşdülər. “The Washington Post” redaktoru o zaman populyar olan pornofilmin adı ilə mənbəni daxili sənədlərdə “Dərin udlaq” adlandırırdı.

1972-ci ilin iyununda Ağ evdə anladılar ki, FBI tezliklə müdaxiləçilər və Nikson qərargahı arasında maliyyə əlaqəsini aşkar edəcək. Bunu prezidentə administrasiya rəhbəri Harri Holdeman xəbər verdi. O, CIA vasitəsilə FBI-ya təzyiq edərək hadisəni milli təhlükəsizlik məsələsi elan etməyi məsləhət gördü. Bu söhbət audiokasetə yazıldı: Ağ evdə dinləyici qurğular Niksonun öz tələbi ilə yerləşdirilmişdi.

Təzyiqə baxmayaraq, müstəntiqlər həqiqətən də tezliklə Nikson qərargahının cari xərclər üçün Liddi və Barkerə yazdığı çekləri tapdılar. Sentyabrda Hant və Liddi müttəhimlər kürsüsündə oturdular. Onlar Ağ evi şantaj etməyə başlayaraq hüquqşünaslara ödəmək və ailələrinin dolanışığı üçün pul tələb etdilər. Onların susqunluğunu təmin etmək üçün Nikson administrasiyasının əməkdaşları seçki kampaniyasının gizli daxılından yüzminlərlə dolların ötürülməsi sistemini təşkil etdilər.

1972-ci ilin oktyabrında, prezident seçkilərinə bir ay qalanda Vudvord və Bernstayn oxuculara xəbər verdilər ki, FBI, qurucusu Nikson olan bütöv siyasi casusluq sistemini araşdırır. Bütün ittihamları rədd edən Ağ ev mətbuatı qərəzlilikdə və liberallara yardımda qınadı. Nikson özü avqustun sonlarında bildirdi ki, onun tələbi əsasında Din daxili tədqiqat aparıb və müdaxiləçilərlə prezident administrasiya arasında heç bir əlaqə tapmayıb. 7 noyabr seçkilər günü Nikson Vyetnam savaşının əleyhinə olan demokrat Corc Makqoverni darmadağın etdi və ikinci müddətə seçildi.

Prezidentliyin “şiş”i

“Uotergeyt yeddiliyi” üzərində məhkəmə 1973-cü ilin yanvarında başladı. Prosesin sədri hakim Con Sirika oldu.

Hant və dörd ortağı dərhal günahlarını etiraf etdilər, ayın sonunda isə andlılar Liddi və Makkordu günahkar bildilər. Hakim hökmü martın 23-də oxudu: müttəhimlərə 6,5 ildən 40 ilə qədər həbs cəzası kəsildi. Yeganə istisna Makkord oldu: sən demə, o, hökmə bir neçə gün qalmış Sirikaya məktub yazaraq, müdaxiləçiləri himayə edənlər və onların Ağ evlə əlaqələri barədə danışa biləcəyini iddia edib. Müraciəti oxuyan hakim digər müttəhimləri də cəzalarının yumşaldılması müqabilində ifadə verməyə səslədi.

Həmin günlərdə Din Niksonla görüşdü və ona dedi ki, Uotergeytdə dinləyici qurğunu prezidentin tabeçiliyində olanlar qoyublar, indi də susmalarına görə müdaxiləçilərə pul ödəyirlər. Hüquqşünas baş verənləri böyüməkdə olan “xərçəng şişi” adlandırdı. Nikson da qalmaqaldan uzaqda qalmaq üçün yaxın ətrafı ilə əlaqələri kəsməyi qərara aldı.

Prezident Dinə hadisə haqqında hesabat yazmağı tapşırdı. Amma hüquqşünas anladı ki, əməliyyatda öz iştirakını təsvir edəcəyi sənəd Ağ evə bütün günahı onun üzərinə yıxmaq fürsəti yaradacaq. Artıq iki həftədən sonra o, Uotergeyt qalmaqalını araşdırmaq üçün hələ fevralda yaradılan xüsusi Senat komitəsinə gizlicə ifadə verməyə başladı. Komitənin daha bir informatoru Makkord oldu. Qərargahın keçmiş rəhbəri Maqruder isə aprelin 13-də etiraf etdi ki, and içib yalan danışıb və Dinlə Mitçell əleyhinə ifadələr verdi. FBI direktoru Patrik Qrey aprelin 27-də Hantın sənədlərinin məhvini etiraf etdi və istefa verdi.

Bundan üç gün sonra Nikson Dinin, Erlixmanın, Holdemanın və baş prokuror Riçard Klyayndinstin istefasını qəbul etdi. Həmin gün axşam amerikalılara telemüraciət edən prezident qalmaqalla heç bir əlaqəsinin olmadığını bildirdi. Dedi ki, Ədliyyə nazirliyinin yeni rəhbəri Elliot Riçardson (ABŞ-da Ədliyyə nazirliyinə baş prokuror rəhbərlik edir, yəni Elliot Riçardson Riçard Klyayndinstin xələfi idi - Press klub) qalmaqalı araşdırmaqdan ötrü “istənilən qərarları qəbul etməkdə tam ixtiyar sahibidir” və xüsusi müstəqil prokuror təyin edə bilər. Mayın 17-də baş solisitor Arçibald Koks xüsusi prokuror təyin edildi.

Bu zaman Senat dinləmələri artıq açıq həyata keçirilirdi: onları hər gün iri telekanallar və radiostansiyalar yayırdılar. Amerikalıların 85 faizi heç olmasa bir dəfə konqresdən reportajları izlədi. İyunun 3-də Con Din komitəyə dedi ki, Ağ evin müdaxiləçilərlə əlaqəsini gizlətmək zərurəti barədə ən azı 35 dəfə Niksonla danışıb. Əlavə etdi ki, söhbətlərdən birində ona elə gəlib ki, danışıqlar lentə alınır. Prezidentin protokol xidmətinin rəhbəri Aleksandr Batterfild iyulun 13-də etiraf etdi ki, Niksonun tələbi əsasında Ağ evdə avtomatik dinləyici sistem işləyirmiş.

Komitə Ağ evdən dərhal audioyazını istədi, tezliklə xüsusi prokuror Koks da rəsmi sorğu göndərdi. İcra hakimiyyətinin imtiyazlarına istinad edən Nikson kasetləri verməkdən boyun qaçırdı və Koksdan öz sorğusunu geri çəkməyi istədi. Prokuror prezidenti məhkəməyə verdi və qəzəblənən Nikson oktyabrın 20-də baş prokuror Riçardsondan Koksu işdən çıxarmağı tələb etdi. Riçardson isə etiraz əlaməti olaraq istefa verdi. Onun müavini Uilyam Rukelshaus da prezidentin əmrini yerinə yetirməkdən imtina etdi (və o da istefa verdi – Pressklub.az). Nəticədə Koksu baş prokuror vəzifəsinin yeni icraçısı Robert Bork işdən çıxardı. Amerika jurnalistləri bu hadisələr zəncirini “şənbə gecəsi qətliamı” adlandırdılar.

Nikson isə öz günahsızlığında israr etməkdə davam edirdi və noyabrın 17-də mətbuat konfransı zamanı sonradan məşhurlaşacaq ifadə işlətdi: “Mən dələduz deyiləm”. Dörd gündən sonra məlum oldu ki, prezidentin Holdemanla söhbətinin bir audioyazısı silinib. Ağ ev bunu prezidentin katibəsi Rouz Vudsun səhvi ilə izah etməyə çalışdı.

1974-cü ilin əvvəllərində prezidentin şəxsi vəkili Herbert Kalmbaç və seçki qərargahının məsləhətçisi Herbert Porter özlərini and içərək yalan danışmaqda və seçki kampaniyası qaydalarının pozulmasında müqəssir bildilər. Martın 1-də isə Böyük jüri ikinci “Uotergeyt yeddiliyi”nə cinayət sövdələşməsində və ədalət məhkəməsinə əngəllər törətməkdə ittiham irəli sürdü. Mitçell, Erlixman, Holdeman daxil olmaqla prezident administrasiyasının keçmiş üzvləri müttəhimlər kürsüsündə oturdular. İttiham aktında Nikson özü “ittiham olunmayan ortaq” adlandırılırdı.

Xüsusi prokuror Koksun yerinə təyin olunan Leon Javorski prezidentdən audioyazıları təkrar tələb etdi. Ağ ev buna cavab olaraq danışıqların 1200 səhifəlik redaktə olunmuş variantını paylaşdı. Konqresdə bunu yetərli saymadılar və mayın 9-da Nümayəndələr palatası prezidentin impiçmenti prosedurunu işə saldı. Nikson audioyazıların verilməsi tələbini Ali məhkəmədə mühabisələndirməyə çalışdı, amma iyulun 24-də hakimlər prezidentin kasetləri müstəntiqlərə verməli olması barədə yekdilliklə qərar verdilər.

Avqustun 5-də Ağ ev Niksonun Holdemanla 1972-ci il iyunun 23-də, demokratların mənzil qərargahına müdaxilədən cəmi 6 gün sonra baş tutan söhbətinin yazısını paylaşdı. Söhbət zamanı prezident öz müşaviri ilə istintaqa təzyiq göstərməyi, bunun üçün CIA-dan istifadə etməyi və susmağa görə “santexniklər”ə pul ödəməyi müzakirə edir.


Tezliklə respublikaçı senatorlar Niksona bildirdilər ki, yetərli sayda həmkarları impiçmentə səs verəcəklər (Nikson özü də respublikaçı idi – Pressklub.az). Avqustun 9-da prezident televiziyadan amerikalılara müraciət edərək, istefaya getdiyini açıqladı.

Nikson potensial cinayət təqibindən müdafiə olunmaq üçün hüquqşünaslar komandası topladı, amma cinayət işi açılmadı. Yeni prezident Cerald Ford bir aydan sonra partiyadaşını preventiv qaydada əfv etdi.

Qalmaqaldan sonrakı şəffaflıq

Uotergeyt qalmaqalı zamanı 69 nəfərə ittiham irəli sürüldü. Onlardan 48-i günahını etiraf etdi və ya günahkar bilindi. Əksəriyyət canını kiçik müddətlərlə qurtardı. Demokratların mənzil-qərargahına müdaxilənin təşkilatçıları hamıdan çox həbsxanada oldular - Hovard Hant (33 ay) və Qordon Liddi (4,5 il).

Qalmaqal prezident ofisinə və bütövlükdə ABŞ siyasi sisteminə etimadı sarsıtdı. Niksonu pis prezident sayırlar, “-geyt” sonluğu isə digər siyasi qalmaqalları təsvir etmək üçün indiyəcən istifadə olunur. Hərçənd, Uotergeyt Amerika sisteminin dayanıqlılığını nümayiş etdirdi.

Ali məhkəmə kasetlərin verilməsi haqqında qərarında vurğuladı ki, “prezidentin istənilən şərtlər altında məhkəmə iddialarından qoruyacaq mütləq, qeyd-şərtsiz immuniteti yoxdur”. Qalmaqal nəticəsində məhkum edilənlərin əksəriyyətinin hüquqşünas olması peşədə dəyişikliyə səbəb oldu. Amerika hüquq assosiasiyası 1983-cü ildə yeni etik kodeks qəbul etdi. İndi o, hüquq oxuyan tələbələrin öyrənməsi üçün məcburidir.

Konqres seçki kampaniyalarının maliyyələşdirilməsi haqqında yeni qanun qəbul edərək, şəffaf hesabatlılıq sistemi yaratdı və ianələrin həcminə limit tətbiq etdi. İnformasiya azadlığı haqqında qanuna edilən dəyişikliklər dövlət sənədlərinə çıxış əldə etməni asanlaşdırdı. 1978-ci ildə Konqres prezidentlərin sənədlərini dövlət mülkiyyəti elan etdi və onları Milli arxivə təhvil vermək öhdəliyi yaratdı.

Bundan əlavə, Uotergeytdən sonra xüsusi xidmət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq qərara alındı. Frenk Çerçin sədrlik etdiyi Senat komitəsi 1975-ci ildə işə başladı. Onun apardığı istintaq nəticəsində FBI, CIA və NSA-nın siyasi müxalifəti izləmək proqramları, amerikalıların oğurlanması və işgəncə verilməsi, narkotiklərdən istifadə edilməklə təxribatlar törədilməsi haqda məlumatlar aşkar edildi. Başqa ölkələrin liderlərinə qəsdlər və təbliğati materialların dərc edilməsində jurnalistlərdən istifadə cəhdləri haqqında məlumatlar ictimailəşdi. Çerç araşdırması sayəsində konqresdə xüsusi xidmət orqanlarına nəzarət üzrə profil komitələri yaradıldı, bu xidmətlərin səlahiyyətləri azaldıldı, izləmə icazəsi alınması prosesi isə qaydalar çərçivəsinə salındı.

Konqresin hökumət etikası haqqında 1978-ci ildə qəbul etdiyi qanun bütün dövlət məmurlarını maliyyə gəlirləri haqda mütəmadi hesabat verməyə məcbur edirdi. Eləcə də xüsusi prokurorların təyinatı prosesini kodifikasiya edirdi: onları işdən çıxarmaq olmazdı (aşkar qanunsuzluqlar və ya işini apara bilməməsi istisna olmaqla). Hətta 1999-cu ildə qanunun təsir müddəti bitəndən sonra da onun müddəaları Ədliyyə nazirliyinin prosedur qaydaları kimi qüvvədə qaldı.

Uotergeytin sıfırlanması

Uotergeyt yarım əsr ərzində Amerika sistemində prezidentin qərəzliliyinin və FBI, Ədliyyə nazirliyinin, məhkəmələrin, Konqresin, jurnalistlərin onun hakimiyyətinə qarşı durmaq bacarığının nümunəsi kimi qalırdı. 2024-cü ilin yayında isə qalmaqaldan çıxarılan bütün institusional nəticələr təhlükə altına düşdü: Ali məhkəmənin yeni, ultramühafizəkar heyəti prezident immuniteti haqda işdə Donald Trampın xeyrinə qərar çıxardı.

Keçmiş prezident hakimiyyəti saxlamaq və 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqinə mane olmaq haqda işdə ittihamların üzərindən götürülməsini istəyirdi. Məhkəmə qismən onunla razılaşdı və 2024-cü il iyunun 1-də qərar verdi ki, prezident:

Bundan əlavə, Ali məhkəmə hakimlərə mübahisəli hərəkətin rəsmi akta çevrilməsini müəyyənləşdirmək üçün prezidentlərin motivasiyasını qiymətləndirməyi qadağan etdi, prokurorları isə Ağ evin sənədlərindən dəlil kimi istifadə etmək imkanından məhrum etdi.

Bu, Uotergeyt qalmaqalının nümunəsində nə deməkdir? Ağ evin keçmiş hüquqşünası Con Din hesab edir ki, belə immunitet Niksona hakimiyyətdə qalmaq imkanı verərdi: “Praktiki olaraq, Uotergeytlə bağlı onun bütün əməlləri və bütün dəlillər asanlıqla rəsmi davranış kimi səciyyələndirilə bilər”.

Xüsusi prokuror Javorskinin ofisində işləmiş Filip Lakovara hesab edir ki, Nikson və administrasiyası deyə bilərdilər ki, “telefon danışıqlarının qanunsuz dinlənilməsi və Ellsberqin psixiatrının ofisinə müdaxilə milli təhlükəsizlik üçün edilib”. Beləcə, prezidentin konstitutsiya səlahiyyətlərinə istinad edərək tam immunitet tələb edə bilərdilər.

Niksonun istintaqa mane olmaq üçün göstərdiyi bütün rəsmi əməllər indi öncədən leqal sayılır, axı məhkəmələr daha prezidentin motivasiyasını dəyərləndirə bilməzlər. Prokurorların işdən çıxarılması, audiokasetlərin gizlədilməsi, milli təhlükəsizlik bəhanəsi ilə FBI-ya təzyiq göstərmək üçün CIA-ya əmr vermək - indi bütün bunları müstəntiqlər araşdıra bilməzlər. Niksonun tabeliyindəkilər indi məhkəmədə deyə bilərdilər ki, prezidentin qanuni əmrlərini yerinə yetiriblər.

Virciniya universitetindən tarixçi Ken Hyuzun fikrincə, immunitet sayəsində Nikson hətta daha bayağı cinayətlərə görə də məsuliyyətdən yayına bilərdi. Məsələn, yenidən seçilməsi kampaniyasına böyük ianələr vermələri müqabilində süd istehsalçılarına federal subsidiyaları artırmışdı - amma indi deyə bilərdi ki, bu, motivindən asılı olmayaraq, “rəsmi akt”dır.

Uotergeyti araşdıran prokurorlar komandasında işləmiş Cill Vayn-Benks də bununla razıdır: “Niksonun cinayətkar müdaxilədə öz rolunu gizlətmək üçün Ədliyyə nazirliyindən, CIA-dən, FBI-dan, Ağ evdən və seçki qərargahından istifadə etməsi daha cinayət olmayacaq. Altı mühafizəkar hakimin qərarı imperiya prezidentliyi yaradır ki, Nikson bunu çox bəyənərdi. Onu istefaya getməyə məcbur edə bilməzdilər və bütün müddəti hakimiyyətdə qalardı”.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2024/08/10/rovno-50-let-nazad-richard-nikson-ushel-v-otstavku-posle-uotergeytskogo-skandala
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib

Dünyapress TV

Xəbər lenti