"Mən sizə söz verirəm ki, mən yaxşıyam" – Detroyt şəhərindəki yeməkxana önündə toplaşan insanların önündə çıxış edən Bayden deyib.
Bayden cümə günü təşviqat görüşü zamanı “mənim cəmi 41 yaşım var” deyərək, zarafat etdi. O, keçən ayın sonu zəif debat performansından sonra namizədliyinin davam etdirməsi ilə bağlı şübhələrin artdığı bir zaman rəqabətli Miçiqan ştatında seçki tədbirləri keçirir.
"Mən namizədliyini davam etdirirəm və biz qalib gələcəyik!" - o, saatlar sonra Detroytun mərkəzindəki dolu məktəb idman zalında dedi və bu, alqışlarla qarşılandı.
Bayden 2000 fəal tərəfdar qarşısında keçirilən mitinqdə abortun qanunla təsbit edilməsi, seçicilərin səsverməyə əlçatımlılığının artırılması, sosial müdafiə proqramlarının genişləndirilməsi, hücum silahlarının qadağan edilməsi, mənzil xərclərinin məhdudlaşdırılması kimi bir sıra kampaniya vədlərini verdi. O həmçinin milyarderlərə minimum 25% vergi tətbiq edərək, "zənginlərin ədalətli payını ödəməyə məcbur etməyi" planlaşdırdığını bildirdi.
Bayden bununla bərabər 78 yaşlı Respublikaçı rəqibini hədəfə aldı və “Tramp qolf arabasından düşmür" deyə zarafat etdi.
“Bizim siyasətə əyləncə və realiti şou kimi yanaşmağı dayandırmağın vaxtıdır” deyən Bayden əlavə etdi ki, “Donald Trampın mümkün daha dörd ili ölümcül dərəcədə ciddidir”.
Bu qətiyyətli sözlər onun seçkidə qələbə perspektivləri haqda həm onun tənqidçiləri, həm də Demokrat partiyası daxilində şübhələrin artdığı bir zaman deyilir. Baydenin təşviqat kampaniyası rəsmiləri bu narahatlıqlar əks olaraq Baydenin qələbə qazanmaq üçün ən uğurlu namizəd olduğunu dilə gətirirlər.
"O, noyabr ayında Donald Trampa qarşı çıxmaq üçün mümkün olan ən yaxşı namizəd olduğunu sübut etməyə fokusludur" deyə, Bayden kampaniyasının sözçüsü Maykl Tayler, prezidentin təyyarəsində jurnalistlərlə danışarkən bildirib.