"Reuters" 1996-cı ildə Filippində ABŞ-ın 42-ci prezidenti Bill Klinton və həyat yoldaşı Hillariyə qarşı sui-qəsdin təfərrüatlarını öyrənib. Qaynarinfo xəbər verir ki, nəşrin mənbələrinin məlumatına görə, sui-qəsd "Əl-Qaidə" terror qruplaşması tərəfindən təşkil edilib. Bill və Hillari Klintona sui-qəsd cəhdi 1996-cı il noyabrın 23-də Amerika prezidentinin Manilaya səfəri zamanı baş verib. Sonra Bill Klinton Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının illik sammitinə uçub. Prezidentin korteji hava limanını tərk edərkən amerikalı kəşfiyyatçılar partlayıcı qurğunun aşkarlanması barədə məlumat alıblar. Qurğu zərərsizləşdirilib və heç kim xəsarət almayıb. 7-si o vaxt Manilada olan 8 təqaüdçü ABŞ kəşfiyyatçısı "Reuters" agentliyinə bildirib ki, partlayıcı qurğu körpüdə tapılıb. Prezident korteji oradan keçməli idi. Lakin mümkün terror aktı ilə bağlı xəbərlərdən sonra konvoy alternativ marşrut seçib. Daha sonra Filippin kəşfiyyat orqanları körpüyə bomba qoyulduğunu, həmçinin içərisində AK-47 avtomatları olan tərk edilmiş qırmızı "Mitsubishi Pajero" avtomobilinin olduğunu bildirib.
Agentliyin məlumatına görə, terror aktı Usamə bin Ladenin göstərişi ilə təşkil edilib. Bunu "Əl-Qaidə"nin üzvləri və onun Filippin qolu hesab edilən "Əbu Səyyaf" qruplaşması həyata keçirməli idi. Bundan əlavə, dörd "Reuters" mənbəsi qeyd edir ki, terror aktının təşkilatçılarından biri ABŞ-da 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarını təşkil edən Xalid Şeyx Məhəmmədin qardaşı oğlu Rəmzi Yusif ola bilərdi. Rəmzi Yusif 1993-cü ilin fevralında Nyu Yorkda Dünya Ticarət Mərkəzində törədilən partlayışda rol aldığı üçün hazırda Kolorado həbsxanasında ömürlük həbs cəzası çəkir.
"Reuters" qeyd edir ki, hadisə mediada az işıqlandırılıb və daha sonra prezidentin 2010 və 2019-cu illərdə nəşr olunan kitablarında qısaca xatırlanıb. Həmçinin ABŞ hökumətinin sui-qəsd cəhdi ilə bağlı hər hansı təhqiqat aparması barədə məlumat verilməyib. "Reuters" ABŞ kəşfiyyat orqanlarının insidentlə bağlı gizli araşdırmalar apardığını müəyyən edə bilməyib.