“CivilNet” nəşri Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsi (OCCRP) ilə birlikdə Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasına şübhəli ianələrlə bağlı araşdırma dərc edib.
Gununsesi.info “news.am” portalına istinadən xəbər verir ki, bu barədə “Transparency International” təşkilatının antikorrupsiya mərkəzinin proqram rəhbəri Varujan Oktanyan bildirib.
Məlum olub ki, pul verən bir çox vətəndaşlar ya partiya fonduna köçürdükləri məbləğdən xəbərsizdirlər, ya da bu ianələr onların gəlirlərinə uyğun gəlmir. Araşdırmalar ianələrdə də şübhəli təsadüflər olduğunu ortaya çıxarıb.
Oktanyan əlavə edib ki, Ermənistanın əvvəlki hökumətləri dövründə belə hallarda ianələrin şirkətlər tərəfindən edildiyi üzə çıxmışdı: “Prinsip ondan ibarətdir ki, şirkətlər bu və ya digər qüvvənin seçkilərdə qalib gəlməsi üçün ianə edirlər və sonra lazım gələrsə, bu şirkət üçün əlverişli olan qanunlar və ya qərarlar qəbul edilir və bununla da “borcları” qaytarılır”.
O hesab edir ki, araşdırma aparılsa, ianələri böyük şirkətlərin etdiyi üzə çıxacaq. “Fatiki olaraq söhbət şəffaf qanun pozuntusundan, partiyaların maliyyələşdirilməsi ilə bağlı qanunun kobud şəkildə pozulmasından gedir. Bunun cəzası olmalıdır. Çünki bu kimi halların açılması müvafiq nəticələrə gətirib çıxarmırsa, belə şəffaflıq kimə lazımdır?!”, – Oktanyan söyləyib.
Araşdırmaya əsasən, 2022-ci ildə hakim partiyaya pul bağışladığı iddia edilən 140 nəfərdən yalnız 6-sı son regional seçkilərdə “Vətəndaş sazişi” partiyasının namizədi olmayıb.
On şəhərdə yerli hökumət orqanlarına namizədlərin azı onu eyni gündə eyni məbləği hakim partiyaya köçürüb. Məmurların vergi bəyannamələrinə əsasən, 26 halda ianə onların illik gəlirlərinin və ümumi yığımlarının ən azı yarısını təşkil edib. 4 halda ianələr icazə verilən maksimum ianə məbləğini (2,5 milyon dram və ya 6 200 ABŞ dolları) keçib. Şübhəli köçürmələr hökumətin hüquqi şəxslərdən nağd şəkildə vəsaitlərin və köçürmələrin qəbul edilməsini qadağan edən və fiziki şəxslərin töhfələrinin həcmini məhdudlaşdırandan antikorrupsiya islahatları həyata keçirməsindən bir il sonra baş verib.