Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Rusiya prezidenti Vladimir Putinin yeni nüvə təhdidlərini şərh edərkən, bütün tərəfləri təmkinli olmağa çağırıb və "nüvə müharibəsi aparılmasının və belə müharibədə qalib qəlməyin mümkün olmadığı” bildirib.
Qaynarinfo xəbər verir ki, Mao Nin bu barədə cümə günü, martın 1-də mətbuat konfransı zamanı bildirib.
"2022-ci ilin yanvarında beş nüvə dövlətinin liderləri nüvə müharibəsində qalib gəlmək və ya belə müharibənin aparılmasının mümkün olmadığını qeyd edən birgə bəyanat veriblər. Çin ardıcıl olaraq bütün nüvə silahına malik dövlətlərin ümumi təhlükəsizlik konsepsiyasını dəstəkləməsi və qlobal strateji tarazlığı və sabitliyi qorumağı müdafiə edir. Mövcud şəraitdə bütün tərəflər gərginliyin azaldılmasına kömək etmək və strateji riskləri azaltmaq üçün birgə işləməlidir”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Mao Nin həmçinin bütün tərəfləri "sakitliyi və təmkinliyi qorumağa və dialoq və məsləhətləşmələr vasitəsilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasını inkişaf etdirməyə” çağırıb.
Qeyd edək ki, fevralın 29-da Vladimir Putin Federal Məclisə müraciəti zamanı Qərb ölkələrini nüvə zərbələriylə hədələməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın lazımi silahları var və onun strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir.
Bundan əlavə, o, NATO qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə Alyansın "faciəli nəticələrlə” üzləşəcəyi ilə hədələyib.