Dünya xalqları içərisində türklərlə kürdlər qədər bir-birinə yaxın ikinci toplum yoxdur. Nə yazıq ki, qlobal imperializm öz müstəmləkəçilik məqsədləri naminə bu iki xalqı da bir-birinə düşmən etməyə çalışır. Və etiraf edək ki, hər iki tərəfdən bəzi aşırı şəxsləri öz təxribatçı siyasətinin alətinə çevirməyi bacarıb da. İran adlanan məmləkətin şimal-qərbində tarix boyu Azərbaycan türkləri ilə kürdlər bir arada yaşayıblar. Təsadüfi deyil ki, kürdlər ilk müasir dövlətlərini belə, İkinci Dünya müharibəsindən sonra Azərbaycan Milli Hökumətinin lideri Mir Cəfər Pişəvərinin təşviqi ilə yardımı ilə hazırda Qərbi Azərbaycan ostanlığı adlanan bu vilayətin cənubundakı Mahabad diyarında qurmuşlar. Onlara ən ciddi dəstəyi isə Mir Cəfər Pişəvəri ilə o dövrdə Sovet Azərbaycanına rəhbərlik edən Mir Cəfər Bağırov vermişdi. Cəmi 1 il yaşayan Milli Hökumət və Mahabad Cümhuriyyəti fars şovinistləri tərəfindən məhv edildi. Mahabad Cümhuriyyəti süquta uğradıqdan sonra bu dövlətin Müdafiə naziri olan Molla Mustafa Bərzani əvvəl SSRİ-yə, sonra isə üzvü olduğu əşirətin məskunlaşdığı Şimali İraqa mühacirət etdi və indiki Şimali İraq Kürd Muxtariyyətinin qurulmasında önəmli rol oynadı. Molla Mustafa Bərzaninin ölümündən 8 il sonra onun qurduğu Kürdüstan Demokrat Partiyasının rəhbərliyi altında 1986-1988-ci illərdə bağımsızlıq hərəkatına qalxan kürdlər dövrün İraq lideri Səddam Hüseynin qanlı repressiyasına məruz qaldılar, xüsusilə Hələbcə qətliamından sonra üsyançılardan bəziləri İrana sığındılar. İran molla rejimi kürdlərin bu faciəsindən tarix boyu qardaş kimi bir yerdə yaşadıqları Azərbaycan türklərinə qarşı istifadə etdi. Onları Qərbi Azərbaycanın Türkiyə ilə sərhədlərinə yerləşdirib faktiki olaraq Türk dünyası arasında təbii bufer zona yaratmaq planları qurdu. Molla rejiminin bu məkrli siyasətinə qarşı ən çox dirəniş göstərənlərdən biri 2014-cü ilə qədər Urmiyə imam-cüməsi olan Höccətul-İslam Qulamrza Həsəni idi. Urmiyədə Molla Həsəni adı ilə tanınan imam-cümə İslam Cümhuriyyətinin qurucularına yaxın bir şəxs kimi tanınırdı. Lakin o, bölgədə fəal olan kürd terror qruplaşmalarına qarşı çox sərt mübarizə aparır və bu səbəbdən də Azərbaycan türkləri tərəfindən çox sevilirdi. ✅ Məlum olduğu kimi, İslam inqilabının ilk illərində Güney Azərbaycanın qərb bölgələrini kürd terrorizmi bürümüşdü və separatçılar Sulduz şəhərində qətliam törədərək şəhəri türk əhalidən təmizləməyə çalışırdılar. Həmin vaxt Molla Həsəni terrorçulara qarşı mübarizədə böyük şücaət göstərib yerli əhalinin mübarizəsinə rəhbərlik edərək bölgəni terrorçulardan təmizləmişdi. Bənzər mübarizəni İraqdan bölgəyə sığınan və molla rejimi tərəfindən Türkiyə ilə sərhədə yerləşdirilən kürd separatçılarına qarşı da aparmışdı. Fəqət 2014-cü ildə o, yaşının çoxluğu bəhanə gətirilərək imam-cüməlikdən uzaqlaşdırıldı, 2018-ci ildə isə 91 yaşında dünyasını dəyişdi. “Ot kökü üstə bitər”, - deyiblər. Qulamrza Həsənidən sonra onun qız nəvəsi Tumac Vahidi Qərbi Azərbaycan torpaqlarının kürd separatçılarına peşkəş çəkilməsinə qarşı mübarizəni yarımçıq qoymadı. Hazırda Urmiyə Bələdiyyə Şurasının üzvü vəzifəsini icra edən Tumac Vahidinin İranın bu məkrli siyasətinə qarşı çıxışında Cənubi Azərbaycanda məşhur olan “biz torpaq yeyərik, amma torpaq vermərik” aforizmini dilə gətirərək İran molla rejiminin separatizmi dəstəkləyən siyasətinə meydan oxuyur. Heydər Oğuz TEREF