Abdullah Çatlıya aid olduğu iddia edilən görüntü böyük səs-küyə səbəb olub. Türkiyə KİV-nə istinadən bildirir ki, sosial şəbəkədə paylaşılan və 1993-cü il tarixli görüntüdəki şəxsin Abdullah Çatlı olduğu iddia edilib. 10 saniyəlik videoda polisin spirtli içki olub-olmadığını yoxlayarkən kameraları görən şəxsin üzünü gizlətməyə çalışması müzakirələri daha da qızışdırıb. Sözügedən videoya baxan hər kəs “videoda Abdullah Çatlı varmı?” sualına cavab axtarmağa başlayıb.
Qeyd:
Abdullah Çatlı - Türkiyənin gerçək Polat Alemdarı kimi tanınır. Müəmmalı şəkildə ölən Çatlı barədə indiyədək çox əfsanələr danışılıb, yazılıb; onun Susurluq qəzasında ölmədiyi, estetik əməliyyatla üzünün dəyişdirildiyi və sağ olduğu iddiaları var.
Rəsmi məlumatıara görə, türk mütəşəkkil cinayətkarlıq lideri, mafiya lideri, dərin dövlət agenti və kontr-partizan üzvü olub. O, Türkiyədə müxtəlif qətllərə görə mühakimə olunub. O, 12 sentyabr çevrilişindən sonra xaricə qaçıb və narkotik ticarəti ilə bağlı mühakimə olunub. O, həbsxanadan qaçıb. 1996-cı ildə Susurlukda vəfat edib.
Xatırladaq ki, Susurluk Qəzası və ya Susurluk Skandalı, 3 Noyabr 1996-cı ildə Balıkesir-Bursa avtomobil yolunun Susurluk mahalı Çatalceviz məntəqəsində baş verən yol qəzası nəticəsində dövlət-polis-mafiya münasibətlərinin ortaya çıxması ilə başlayan qalmaqaldır. Türkiyə Cümhuriyyəti tarixinin ən mühüm qalmaqallarından biridir.