Böyük Yeddilik (G7) ölkələri son həftələrdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdiriblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti yazır.
Nəşrin yazdığına görə, buna Avropa İttifaqının Ukraynaya 50 milyard avro dəyərində dördillik dəstək proqramının qəbul edilməsinin, həmçinin ABŞ Konqresində Ukraynaya hərbi yardımla bağlı hələ də qərar verilməməsi səbəb olub. Hər iki mərkəzdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin Ukraynaya transferini “alternativ maliyyə mənbəyi” kimi görməyə başlayıblar. İddia olunur ki, ABŞ nümayəndələri bu məsələdə gözlənilmədən qətiyyətli mövqe tutaraq, aktivlərin “beynəlxalq hüquqa uyğun olaraq” müsadirə edilməsinin bir yolunun olduğunu və problemin yaxın vaxtlarda həllinə ehtiyac olduğunu bəyan ediblər.
“Financial Times”ın əldə etdiyi və ABŞ-ın müzakirə üçün G7 dövlətlərinin digər nümayəndələrinə təqdim etdiyi sənəddə bildirilir: “G7 üzvləri və müharibədən daha çox təsirlənən digər ölkələr Rusiyanı təcavüzü dayandırmağa məcbur etmək üçün əks tədbir kimi Rusiyanın suveren aktivlərini müsadirə edə bilər” .
Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri və Böyük Britaniyanın keçmiş baş naziri (2010-2016) Devid Kemeron ölkə parlamentində çıxış edərək Rusiyaya məxsus vəsaitlərin müsadirə olunmasının Ukraynaya köçürülməsinin qanuni yolunun mövcudluğuna əmin olduğunu bildirib. Onun sözlərinə görə, “xüsusi vaxtlar xüsusi həllər tələb edir”. Nazirin fikrincə, belə bir addım investorları qorxutmaqla G7 ölkələrinin iqtisadiyyatına zərər verməyəcək.
Davam edən müzakirələrdə iştirak edən avropalı diplomat FT-yə deyib: “Biz Ukraynanı istənilən formada pulla təmin etmək üçün bir yol tapmalıyıq. Getdikcə daha çox ölkə bu aktivlərə diqqət yetirir və onların hələ də işə yaramadan saxlandığına təəccüblənirlər”.