İsrailin baş naziri Benyamin Netanyahu Həmas qruplaşmasının İsrailə hücumuna görə İranın məsuliyyət daşıdığını bildirib. İran illərdir Həmas və Hizbullahı silahlandırır və bu iki qruplaşmanı gərəkli maliyyə ilə təmin edir. Tehran İsrailin ərəb ölkələriylə dialoqundan narahat idi. İsrail son illərdə bir neçə ərəb ölkəsi ilə diplomatik əlaqə quraraq qarşılıqlı şəkildə səfirliklər açmağa nail olmuşdu. İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasıyla bağlı danışıqlar son mərhələyə qədəm qoymuşdu. Tehran bu gedişatı pozmağa qərar verdi. Hizbullah təşkilatının da Livan ərazisindən İsrailə zərbə endirəcəyi istisna deyil. Bu halda İsrail iki cəbhədə savaşmalı olacaq. Görünür, Tehran hesab ediblər ki, Yaxın Şərqi qarışdırmaqla həm İsrailin, həm də ABŞ-ın planlarını pozmuş olacaqlar. Yaponiya 1941-ci ildə Amerikanın Pearl Harbor hərbi bazasına hücum edəndə gedişatın öz xeyrinə dəyişəcəyini düşünürdü. Amerikanın intiqamı dəhşətli oldu. ABŞ 1945-ci ildə Yaponiyaya yeni kəşf etdiyi iki atom bombası atmaqla düşmənini ağ bayraq qaldırmağa məcbur etdi. Yaponiyanın hərbi xuntasının Amerikaya hücumundan sadə yaponlar əziyyət çəkdilər, atılan atom bombaları yüzminlərlə yaponun ölümünə səbəb oldu. İndi də İsrailə hücum əməliyyatını planlaşdıranlar və əmr verənlər öz xalqlarını böyük təhlükəylə üz-üzə qoyublar. Elxan Şahinoğlu Teref.az