Yadigar Sadıqlı
Prezidentin qulağına pıçıldadılar:"Amerikaya hücum edirlər!"
11 sentyabr terrorundan 22 il ötür. Ötən il bu hadisələr zamanı ələ keçirilən, amma sərnişinlərin
müqaviməti üzündən terrorçuların məqsədlərinə çatmadığı dördüncü təyyarə haqqında məqalə
yazmışdım. İndi digər üç təyyarə haqqında da yazmaq qərarına gəldim. Bu məqalə ələ keçirilən
ikinci təyyarə haqqındadır.
***
2001-ci il sentyabrın 11-də ələ keçirilən birinci təyyarə kimi, ikinci təyyarə də Bostonun Loqan
hava limanından Los Ancelesə uçan “Boeing-767” idi. Amma “United Airlines” şirkətinə məxsus
idi və 175 saylı reys adlanırdı (UA175). Kapitan Viktor Sarançininin və ikinci pilot Maykl
Horroksun idarə etdiyi təyyarədə 7 stüard və 56 sərnişin vardı.
Bu təyyarənin ələ keçirilməsi üçün də beş nəfər ayrılmışdı. Qrupa Mərvan Şehhi başçılıq edirdi.
O, təyyarə ələ keçiriləndən sonra pilot yerini tutacaqdı. Şehhi və Fayez Bənihammad BƏƏ, digər
üç nəfər – Mohand Şehri, Əhməd və Həmzə Qəmdi qardaşları – Səudiyyə Ərəbistanı vətəndaşı
idilər. Onlar aksiyaya bir neçə gün qalmış ABŞ-ın başqa şəhərlərindən Bostona gəldilər.
Aksiya günü Şehhinin səhər tezdən dördüncü qrupun başçısı Ziyad Cərrah ilə, təyyarəyə
minməyə az qalmış isə birinci qrupun başçısı Məhəmməd Atta ilə telefonla danışması
məlumdur. Onların nə danışdığı bilinmir, yəqin ki, bir-birlərinə aksiyaya hazır olmalarını deyir,
uğur arzulayırlar.
UA175 saat 08:00-da uçmalı idi. Terrorçular uçuşa təxminən yarım saat qalmış təyyarədə
yerlərini tutdular. Bənihammad və Şehri birinci dərəcəli salonda yer tutdular. Şehhi və Qəmdi
qardaşları biznes-klasa bilet almışdılar. Onların silahı sadəcə iki cib bıçağı və iki dəftərxana
bıçağı idi.
Birinci təyyarə (AA11) kimi UA175 də 14 dəqiqə ləngidi və 08:14-də havaya qalxdı. Məhz həmin
dəqiqədə AA11-in terrorçular tərəfindən ələ keçirildiyi güman olunur. Buna görə də AA11 ilə
əlaqəsi kəsilən Boston dispetçer mərkəzi başqa təyyarələr kimi UA175 ilə də əlaqə saxlayaraq,
ələ keçirilən təyyarə haqqında məlumat istəyir.
Viktor Saraçininin dispetçerlərlə, o cümlədən hava məkanına daxil olduğu Nyu York mərkəzinin
dispetçerləri ilə son danışığı bu haqda olur. O, həmin təyyarəni özündən 16 km aralıda
gördüyünü deyir. Dispetçerlər ona AA11-in ehtimal ki, qaçırıldığını deyirlər və toqquşmamaq
üçün istiqamətini dəyişməyi məsləhət görürlər. UA175 ilə sonuncu əlaqə 08:42-də yaradılır. Bu
zaman o, 9400 metr hündürlükdə uçurdu.
Bundan sonra baş verənlərin süjeti belə təxmin edilir: Bənihammad və Şehri pilot kabinəsinə
hücum edərək, pilotları öldürürlər. Qəmdi qardaşları isə sərnişinləri və stüardları yalançı bomba
ilə qorxudaraq, üstəlik, gözyaşardıcı qaz səpərək, təyyarənin arxa hissəsinə çəkilməyə məcbur
edirlər. Saat 08:46-da təyyarə artıq terrorçuların əlində idi və sükan arxasında Şehhi oturmuşdu.
Bu zaman Attanın idarə etdiyi birinci təyyarə Ümumdünya Ticarət Mərkəzinin Şimal qülləsinə
çırpıldı.
08:51-də nyuyorklu dispetçer Devid Bottiqliya UA175-in öz kursunu və hündürlüyünü dəyişdiyini
sezir. O, növbəti dəqiqələrdə bir neçə dəfə pilotla əlaqə saxlamaq istəyir, amma cavab almır.
08:58-də ikinci təyyarə də Nyu Yorka tərəf istiqamət alır. Onu da deyim ki, qaçırılan birinci
təyyarədən fərqli olaraq, ikincinin Nyu Yorka uçuşu problemsiz ötüşmür. O, iki dəfə başqa
təyyarələrlə toqquşmaq təhlükəsi yaşayır.
UA175-dən də telefon zəngləri olur. Stüard Robert Fenqman və iki sərnişin, Piter Henson və
Brayan Suini radiotelefon vasitəsilə yerlə əlaqə saxlayırlar, təyyarənin qaçırıldığını xəbər verirlər.
İlk zəngi Fenqman edir. O, “United Airlines” şirkətinin San Fransiskodakı texniki xidmət ofisinə
zəng vurur və təyyarənin qaçırıldığını deyir. Təxminən həmin vaxt dispetçer Bottiqliya da ikinci
Boeingin qaçırılması qənaətinə gəlir.
Piter Henson atası ilə, Brayan Suini isə anası ilə danışırlar. Henson 09:00-da ikinci dəfə atası ilə
danışır. Bu zaman təyyarə Ümumdünya Ticarət Mərkəzinin Cənub qülləsinə maksimum sürətlə
çırpılmaq sürətlə aşağı enirdi. Henson da atasına “Sərnişinlər özlərini pis hiss edirlər, ürəkləri
bulanır. Təyyarə kəskin hərəkətlər edir. İnanmıram ki, onu pilot idarə edir” söyləyir.
Təyyarə son beş dəqiqə ərzində aşağı şığıyır. Dispetçer Biqliyanın müşahidələrinə görə, son iki
dəqiqədə təyyarə hər dəqiqə 3000 metr aşağı enir ki, bu da sərnişin təyyarəsi üçün ağlasığmaz
göstəricidir. Nəticədə UA175, birinci təyyarədən 17 dəqiqə sonra, 09:03-də saatda 850 km
sürətlə Cənub qülləsinı çırpıldı. Hadisə birinci qəzanı işıqlandıran onlarla KİV-in kamerası
qarşısında baş verdi və milyonlarla insan bunu canlı yayımda gördü. Məhz bu zaman hamıya
aydın oldu ki, baş verənlər terrordur.
Təyyarə qülləyə dönərək girdiyindən, sol qanadı aşağıda, sağ qanadı isə yuxarıda olduğundan
daha çox mərtəbəni sıradan çıxardı: 77-85. Amma eyni zamanda UA175 binanın ortasına deyil,
bir qədər yan tərəfinə girdiyindən Şimal qülləsindən fərqli olaraq, həmin mərtəbələrdə olanların
hamısı həlak olmadı. Üstəlik, bir pilləkən şaxtası salamat qaldı. Nəticədə tam alov və tüstü
bürüməmiş 18 nəfər həmin pilləkənlə xilas oldu.
İkinci təyyarə də binaya çırpılan zaman çənlərində 38 000 litr yanacaq olması təxmin edilir.
Cənub qülləsini dəhşətli yanğın bürüdü. Bina 56 dəqiqə yanandan sonra, 09:59-da çökdü. Bu
zaman onun əkiz tayı hələ yerində idi.
Şimal qülləsindən daha gec zədələnən Cənub qülləsinin daha tez uçması bəzən suallar doğurur
və hətta konspiroloji nəzəriyyələrə bəhanə verir. Əslində isə burada qeyri-adi bir şey yoxdur.
AA11 ilə müqayisədə UA175 qülləyə daha böyük sürətlə çırpılmışdı. Çəkilən video və fotolarda
onun bəzi hissələrinin binanın əks tərəfindən çıxması əks olunur ki, AA11 hadisəsində bu baş
verməmişdi. Dolayısı ilə, UA175 Cənub qülləsinə daha ağır xəsarət yetirmişdi.
Digər tərəfdən, AA11 93-99 mərtəbələrə girmişdi və həmi yerdən yuxarıda 11 mərtəbə
vardı.UA175 binanın daha aşağı hissəsinə, 77-85-ci mərtəbələrə çırpılmışdı. Oradan yuxarıda isə
25 mərtəbə vardı. Deməli, zədələnən konstruksiyaların üzərinə daha ağır yük düşürdü.
Cənub qülləsinin daha aşağıdan zədələnməsinə və daha tez uçmasına baxmayaraq, burada
ölənlərin sayı Şimal qülləsindəkindən az oldu: təxminən 1000 nəfər civarında. Bunun da əsas
səbəbi o idi ki, birinci qülləyə təyyarə çırpılanda, ikinci qüllədəkilər bunun hələ terror olduğunu
bilməsələr də, instinktiv olaraq iş yerlərini tərk etmişdilər. Nəticədə qüllədə ölənlərin sayı 600
nəfər təxmin edilir ki, bu da Şimal qülləsindən xeyli azdır. Amma binanın uçması gözlənilmirdi,
buna görə də aşağı mərtəbələrdə və ətrafda xeyli adam həlak oldu. Şimal qülləsi uçanda analoji
qurbanların sayı az oldu.
***
Prezident Corc Buş həmin gün Florida ştatındakı Sarasota şəhərində Emma Buker adına ibtidai
məktəbin şagirdləri ilə görüşə hazırlaşırdı. 08:55-də müşaviri Karl Rouv ona Şimal qülləsinə
yüngül ikimotorlu təyyarənin çırpıldığını xəbər verir. Buş milli təhlükəsizlik üzrə müşaviri
Kondoliza Raysla əlaqə saxlayır. Rays binaya böyük sərnişin təyyarəsinin çırpıldığını deyir.
Corc Buş uşaqların olduğu sinfə daxil olandan iki dəqiqə sonra, 09:05-də prezident
administrasiyasının rəhbəri Endrü Kard ona yaxınlaşaraq, qulağına deyir: “İkinci təyyarə ikinci
binaya çırpılıb. Amerikaya hücum edilir”.
pressklub