11 sentyabr serialı: yanıb ölməmək üçün özlərini damdan atdılar... -
Yadigar Sadıqlı
11 sentyabr terrorundan 22 il ötür. Bu hadisələr zamanı ələ keçirilən, amma sərnişinlərin müqaviməti üzündən terrorçuların məqsədlərinə çatmadığı dördüncü təyyarə haqqında ötən il yazmışdım. İndi digər üç təyyarə haqqında da yazmaq qərarına gəldim. Bu məqalə ələ keçirilən birinci təyyarə haqqındadır.

***

2001-ci il sentyabrında 11-də baş verən terrorun əsası 1996-cı ildə qoyuldu. Planın müəllifi olan Pakistan vətəndaşı Xalid Şeyx Məhəmməd öz ideyasını Üsamə bin Ladenlə bölüşdü. İlkin plan daha qəliz və daha böyük miqyaslı idi: ABŞ-ın həm qərb, həm şərq sahilində 10 təyyarənin qaçırılması, onların, biri atom elektrik stansiyası olmaqla, müxtəlif obyektlərə çırpılması nəzərdə tutulurdu.

Üsamə əvvəlcə bu planı rədd etdi, amma iki il sonra daha məhdud miqyasda həyata keçirilməsinə razılıq verdi. Dörd təyyarə qaçırılacaqdı və hər aksiyada beş olmaqla, cəmi 20 nəfər iştirak edəcəkdi. İcraçı kimi Almaniyanın Hamburq şəhərində fəaliyyət göstərən radikal qrupun üzvləri seçildi. Misirli Məhəmməd Atta həmin qrupun rəhbəri təyin olundu.

Qrupun dörd üzvü qaçırılan təyyarələri idarə edəcəkdi. Buna görə də 2000-ci ilin may-iyununda onlardan üçü ABŞ-a gələrək, pilot məktəblərində dərs almağa başladılar. Dördüncü şəxs isə zatən pilot olduğundan daha gec, dekabrda gəldi.

Dəyən zərərin çox olması üçün təyyarələrdə bolluca yanacaq olmalı idi. Buna görə də ABŞ-ın şərqindən qərbinə uçan təyyarələri uçuşun lap əvvəlində ələ keçirmək və nəzərdə tutulan hədəflərə çırpmaq nəzərdə tutulurdu.

2001-ci ilin avqustunda hədəflər qəti müəyyənləşdi və gün təyin olundu: 11 sentyabr, Nyu Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələri, Vaşinqtonda Pentaqon və Kapitoli.

***

Həmin gün ələ keçirilən birinci təyyarə “American Airlines” şirkətinə məxsus, ABŞ-ın şərqində yerləşən Bostondan 11 saylı reyslə qərbdəki Los Ancelesə uçan “Boeing-767” təyyarəsi (AA11) idi. Bu təyyarənin ələ keçirilməsi Məhəmməd Attadan başqa Əbdüləziz Öməri, Satam Suqami, Valid və Vail Şəhri qardaşlarına tapşırılmışdı. Dörd nəfərin hamısı Səudiyyə Ərəbistanı vətəndaşı idi.

Aksiya günü Atta və Öməri Bostona Portlenddən uçdular, digərləri isə yerüstü nəqliyyatla əvvəlki günlər gəlmişdilər. CAPP sistemi onlardan üçünün baqajını daha ciddi yoxlama üçün seçsə də, nəzarətçilər şübhəli bir şey tapmadılar. Dəftərxana bıçaqları vardı, amma onlarla terror aktı törətmək imkansız sayılırdı.

Saat 07:35-də Atta və Öməri AA11-ə daxil oldular. Dörd dəqiqə sonra digər terrorçular yerlərini tutdular. Onların hamısı ən lüks birinci dərəcəli salonda uçurdu. Bura pilot kabinəsinə yaxın idi. Üstəlik, 9 nəfərlik salon idi və onların etdiklərini sərnişinlərin və stüardların əksəriyyətinin görmək imkanı olmayacaqdı.

Con Oqonovskinin kapitan olduğu təyyarədə 81 sərnişin və 11 heyət üzvü (2 pilot və 9 stüard) vardı. AA11 qrafikə görə 07:45-də uçmalı idi, amma 14 dəqiqə gecikdi və 07:59-da uçuş zolağında hərəkətə başladı. 08:13-də, təyyarə 7900 metr hündürlükdə uçarkən pilotlar sonuncu dəfə Boston uçuş mərkəzindəki dispetçerlə əlaqə saxladılar.

Dispetçer bir neçə saniyə sonra 11 saylı reysin 11 000 metr hündürlükdəki eşalonu tutmasını istəyəndə cavab ala bilmədi. Təyyarə həmin hündürlüyə də qalxmadı. Ehtimal olunur ki, AA11 həmin ərəfədə artıq ələ keçirilib: dəftərxana bıçaqları ilə silahlanan terrorçular kəmərləri bağlamaq işarəsi sönən kimi kabinəyə hücum ediblər.

Başqa salonda olduqları üçün hücum anını görməyən stüardessa Betti Onq 08:19-da “American Airlines” şirkəti ilə telefonla əlaqə saxladıqda iki həmkarının – Karen Martin və Barbara Aresteqinin yaralandığını, birinci dərəcəli salona ehtimal ki, gözyaşardıcı qaz sıxıldığını deyir. Bundan əlavə, bir sərnişinin öldürüldüyü bildirilir. Həmin şəxsin ABŞ-İsrail vətəndaşı Deniel Levin olması ehtimal olunur. Levin xüsusi təyinatlı “Sayeret Matkal” hissəsində xidmət etmişdi və ehtimal olunur ki, təyyarənin ələ keçirilməsinə mane olmaq istəyərkən boğazı kəsilib. Beləliklə, o, 11 sentyabr terrorunun ilk qurbanı sayılır. Pilotların öldürülməsi, yaxud başqa üsulla zərərsizləşdirilməsi aydın deyil.

Təyyarəni ələ keçirənlər 08:21-də transponderi söndürürlər. Bununla da AA11 haqqında məlumat (sürət, hündürlük, kurs və s.) azalır. O, radarda yalnız nöqtə kimi əks olunur. Bu da həmin ərazidə qarışqa kimi qaynayan təyyarələr arasında AA11-in identifikasiyasını və izlənilməsini çətinləşdirir. Dispetçerlər başqa təyyarələrə 11 saylı reyslə rabitə yaratmağı xahiş edirlər. Amma o təyyarələrə də cavab verilmir.

08:24-də dispetçerlər təyyarədən iki xəbər eşidirlər: “Bir neçə təyyarə bizim əlimizdədir. Sakit olun və hər şey qaydasında olacaq. Biz hava limanına qayıdırq” və “Heç kəs tərpənməsin. Hər şey qaydasında olacaq. Əgər nə isə etməyə çalışsanız, özünüzü və təyyarəni təhlükəyə atarsınız. Sadəcə, sakit olun”.

Danışanın ingilis dilini sərbəst bilən Məhəmməd Atta olması təxmin edilir. Güman ki, o, sərnişinləri sakitləşdirmək istəyirmiş, amma səhvən başqa düyməni basdığından mesajını sərnişinlər yox, dispetçerlər eşidir. Bundan iki dəqiqə sonra təyyarə 100 dərəcə dönərək Nyu Yorka istiqamətlənir. 08:34-də son mesaj səslənir: “Lütfən, kimsə tərpənməsin. Biz hava limanına qayıdırıq. Hər hansı axmaq addımlar atmağa çalışmayın”.

175 saylı reyslə Bostondan Los Ancelesə uçan, amma “United Airlines” şirkətinə aid olan və özü də bir neçə dəqiqədən sonra ələ keçiriləcək daha bir “Boeing-767”-nin pilotu 08:37-də dispetçerlərlə əlaqə saxlayaraq, 11 saylı reysi özündən 10 mil (16 km) aralıda gördüyünü deyir.

Təyyarənin qaçırılması haqqında məlumat alan yerdəki xidmətlər müəyyən narahatlıq keçirsələr də, böyük təlaşa qapılmadılar. Əgər təyyarə havada partladılmayıbsa, çox güman, haradasa enəcək və terrorçular öz tələblərini irəli sürəcəklər. Ondan sonrası isə artıq hökumətin və xüsusi xidmətlərin işidir.

Bununla belə, Boston dispetçer mərkəzi hərbçilərlə əlaqə saxlayaraq, F-15 təyyarələrinin havaya qaldırılmasını istədi. Amma hərbi komandanlıq zənciri ilə qırıcıların havaya qalxmasına icazə almaq üçün vaxt lazım gəldi. İki F-15 08:53-də havaya qalxdı. Bu zaman 11 saylı reyslə uçan “Boeing-767” təyyarəsi artıq mövcud deyildi.

AA11 08:44-də yəqin ki, sürət yığmaq üçün sürətlə aşağı enir. Bu zaman stüardessa Emi Suini “American Airlines” şirkətinin Boston ofisi ilə əlaqə saxlayır və menecer Maykl Vudvordla danışır. O, təyyarənin ələ keçirilməsində iştirak edən üç sərnişinin oturacaq yerlərini deyir və Vudvord kompüterdə onların şəxsiyyətini müəyyənləşdirir.

Suini söhbəti davam etdirir: “Nə isə normal deyil, Mayk… Biz sürətlə enirik”. Vudvord onun pəncərədən nə gördüyünü soruşanda cavab verir: “Su görürəm. Binalar görürəm… Biz aşağıdan uçuruq. Biz çox, çox aşağıdan uçuruq. Biz həddən artıq aşağıdan uçuruq”.

Həmin anlarda Ümumdünya Ticarət Mərkəzinin birinci qülləsinin (Şimal qülləsi) 98-ci mərtəbəsində yerləşən sığorta şirkətində çalışan Patrisiya Massari telefonla əri ilə danışırdı. Onlar ilk övladlarının olacağını yenicə öyrənmişdilər və Patrisiya təkrar testin nəticəsinin də müsbət olduğunu ərinə deyirdi. Onların danışığı yarımçıq qaldı…

AA11 saat 08:46:40-da 710 km/saat sürətlə Şimal qülləsinə çırpıldı və 110 mərtəbəli qüllənin 93 və 99-cu mərtəbələri arasından, demək olar, tamamilə binanın içinə girdi. Tikilinin əsas konstruksiyaları zədələnir, hər üç pilləkən şaxtası dağılır və yuxarı mərtəbələrdəki insanların təxliyəsi mümkünsüz olur.

Təyyarə qülləyə çırpılan zaman çənlərdə 38 min litr yanacaq qaldığı ehtimal olunur. Nəticədə güclü yanğın başlayır. Təyyarə və binadakı yanan materiallar alovu daha da gücləndirir. Yüzlərlə insan dərhal həlak oldu. 100-110-cu mərtəbədə olan və sayı 1400-dən çox ehtimal edilən insanları isə daha dəhşətli ölüm gözləyirdi.

Təyyarənin girdiyi yerdən daha yuxarıda olanlar dama çıxmağa cəhd etdilər. Onlar helikopterlə xilas ediləcəklərinə ümid edirdilər. Amma çıxış bağlı idi. Üstəlik, tüstü və isti üzündən helikopterin binanın damına enməsi mümkünsüz idi. Sayları 100 və 200 arası təxmin edilən adamlar tüstüyə, istiyə dözməyərək yanmaqdansa özlərini yerə tullamağı üstün tutdu. Onlardan biri yanğınsöndürən Deniel Surun üzərinə düşdü və onu da öldürdü.

Şimal qülləsində yanğın 102 dəqiqə davam etdi və binanın konstruksiyasını məhv etdi. Yuxarı mərtəbələrin ağırlığına daha davam gətirməyən bina saat 10:28-də çökdü. AA11-də və Şimal qülləsində, eləcə də qüllənin uçması ilə yerdə ölənlərin sayı 11 sentyabr terrorunda ölənlərin ümumi sayının yarısından çoxunu təşkil edir – təxminən 1600 nəfər.

Kinorejissorlar Jül və Gedeon Node qardaşları sentyabrın 11-də Manhettendə yanğınsöndürənlər haqqında sənədli film çəkməyə hazırlaşırdılar. Bu zaman onlar başlarının üzərindən uçan təyyarənin səsini eşidirlər və kameranı ona qarşı döndərməyə macal tapırlar. Beləcə, AA11-in Şimal qülləsini taran etməsini çəkirlər. Bundan əlavə, hadisə avtomobildə gedərkən ətrafı çəkən çex mühacir Pavel Hlavanın da kamerasına tuş gəlir.

Nyu Yorkun WNYW telekanalı isə yaxınlıqda canlı yayın aparırdı və terrordan bir neçə saniyə sonra hadisəni işıqlandırmağa başladı. Az sonra digər kanallar da reportaja başlayırlar. Bu zaman mətbuat baş verənləri daha çox bədbəxt hadisə kimi qiymətləndirir. Yalnız ikinci təyyarə Cənub qülləsinə çırpılandan sonra hadisənin terror aktı olmasına şübhə qalmadı…\pressklub
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti