Simonyanın media quruluşları Azərbaycanda niyə bağlanmır
“Sputnik Armeniya” radiostansiyasının Qarabağ ərazisində, eyni zamanda Xankəndi və ermənilər yaşayan bölgələrdə yayımı dayandırılıb.
Bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Məlumatda iddia olunur ki, bu barədə Marqarita Simonyanın adına sorğu göndərən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin (ermənipərəst mövqeyi ilə fərqlənir) qəribə cavab alıb. Marqarita Simonyana bağlı olan media holdinqin adından məşhur jurnalist Dmitri Kiselyovun cavabı belə olub. Bunun səbəbi (“Sputnik Armeniya” radiostansiyasının yayımının Qarabağda dayandırılması) Ermənistanın (Paşinyanın) Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

“Russia Today” media qrupunun baş direktoru Dmitri Kiselyov Dövlət Dumasının deputatı Konstantin Zatulinin məktubuna cavab olaraq bildirib ki, “Sputnik” radiosunun Qarabağda yayımının dayandırılması Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 1991-ci il sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımağa hazır olması barədə bəyanatı ilə bağlıdır. O qeyd edib ki, bundan sonrakı yayım üçün rəsmi Bakıdan icazə lazımdır: “Azərbaycanın razılığı olmadan Qarabağ ərazisində radiokanalımızın fəaliyyəti Moskvanın Bakı ilə münasibətlərinin səmimiliyinə şübhə yaradır”.

Xatırladaq ki, Avropa İttifaqı “Russia Today” telekanalının yayımını və “Sputnik” agentliyinin üzv ölkələrdə fəaliyyətini qadağan edib.

Ötən il “Sputnik” Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbərliyində kadr dəyişikliyi olub. “Sputnik” rəhbərliyinin qərarına əsasən agentliyin Bakı bürosuna Rusiya Xüsusi Xidmət Orqanlarının nümayəndəsi Vitali Denisov gətirilib. Məlumata görə, Rusiya Xüsusi Xidmət Orqanlarının polkovniki Vitali Denisovun jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Onun daha öncə Cənubi Osetiyada Rusiyanın strateji tapşırıqlarını icra etdiyi bildirilir. Denisov agentliyin rəhbəri olduğu ilk gündən Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərc olunmasını qadağan etməklə, azərbaycanlı jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırıb.

Yeri gəlmişkən, ötən ilin avqustunda “Sputnik Azərbaycan”ın rus redaksiyasının dörd redaktoru eyni gündə istefa vermişdi. İstefa verən redaktor Cəmilə Əfəndiyeva bildirmişdi ki, səbəb yeni direktor Vitali Denisovun Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatına tamamilə zidd olan açıqlamasını sayta yerləşdirməkdə israr etməsi oldu. Rusiya MN-in mətnində çoxdan mövcud olmayan “Dağlıq Qarabağ” sözləri yazılmışdı, üstəlik onlar Azərbaycan tərəfini rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə atəşkəsi pozmaqda günahlandırırdılar. Sitat: “Həmin gecə növbədə olan buraxılışa məsul redaktor ümumi ”çatda" yazdı ki, biz xəbəri bu formada dərc edə bilmərik. Yəni Azərbaycan MN-in bəyanatına ziddir, agentlik Rusiyaya məxsus olsa da, Azərbaycanda işləyirik. Ancaq Denisov israr etdi ki, xəbər çıxmalıdır, agentlik Rusiyanın olduğuna görə də Rusiyanın nöqteyi-nəzərini əks etdirməlidir. Guya biz öz üzərimizə böyük məsuliyyət götürürük və bizim məsləhətlərimizi heç soruşmur. Növbədə olan redaktor bildirdi ki, sabah ərizə yazacaq. Biz də onunla həmrəy olduğumuzu bildirdik".

Millət vəkili Vahid Əhmədov da bir neçə dəfə Rusiyanın “Sputnik” agentliyinin Azərbaycandakı fəaliyyətinin dayandırılmasının zəruri olduğunu bildirib: “Ukraynada baş verənlərdən və Marqarita Simonyanın Moskvada Azərbaycanın ali rəhbərliyinə qarşı aşkar tərbiyəsizlik sərgiləməsindən sonra onun rəhbərlik etdiyi agentliyin kitabının bağlanmaması bir yana, fəaliyyətinə yeni nəfəs verilməsinə ad tapa bilmirəm. Vaxtilə bu agentliyin əməkdaşı mənə müraciət edib açıqlama istəyəndə sərt şəkildə bildirmişdim ki, missiyası sonadək bəlli olmayan və Marqarita Simonyan kimi bir Azərbaycan düşməninin rəhbəri olduğu agentliyə mən heç zaman danışmaram. Zaman mənim haqlı olduğumu göstərdi və hesab edirəm ki, belə bir təxribatçı adamın rəhbərlik etdiyi media resursunu hamı ”iqnor" etməlidir. Üstəlik, Ukraynada baş verənlər və M. Simonyanın bu məsələlərdə tutduğu faşist mövqe, bu azmış kimi Moskvada səfərdə olan prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qarşı aşkar hörmətsizlik, hətta deyərdim ki, tərbiyəsizlik etməsindən sonra gözləmək olardı ki, belə bir təxribatçı agentlik gəldiyi yerə qədər qovulacaq. Amma biz bunun əksini görürük. Marqarita Simonyana niyə qapını göstərmirik? Heç nədən çəkinmək lazım deyil. M.Simonyanın qəbuledilməz hərəkətləri ortadadır və Azərbaycanda hamının nifrət etdiyi bir adamın rəhbəri olduğu agentliyə yer olmamalıdır".

TEREF.AZ-ın məlumatına görə, Media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a şərhində qeyd etdi ki, “Sputnik Armeniya” radiostansiyasının Azərbaycan ərazisində fəaliyyət göstərməsi hüquqi baxımdan problemli idi. Ekspert qanunvericiliyin tələblərinə diqqət çəkərək bildirdi ki, Azərbaycan qanunvericiliyinə görə milli tezlik resursları dövlətə məxsusdur və ölkə ərazisində lisenziya alaraq fəaliyyət göstərə bilərlər: “Radio və televiziya fəaliyyəti üçün əsas şərtlərdən biri təsisçinin azərbaycanlı olmasıdır. Yalnız dövlətlərarası müqavilələrə əsaslanan müəyyən istisnalar ola bilər, bu isə qarşılıq prinsipinə əsaslanır. Bildiyim qədər Azərbaycana məxsus informasiya resurslarının hər hansı ölkədə Azərbaycan dilində fəaliyyəti yoxdur. Mövcud qanunvericilik çərçivəsində lisenziyalı fəaliyyətin dövlət tərəfindən tənzimləndiyini nəzərə alsaq, ”Sputnik"in fəaliyyətinin dayandırılması hüquqi baxımından normal hesab olunur".

Ekspert vurğuladı ki, informasiya resurslarının etik çərçivəsi olmalıdır, “Sputnik”in quruluş fəlsəfəsi isə təbliğata əsaslanır: “Sputnik” hər yerdə Rusiyanın aqressiv, işğalçı, bəzən diskriminasiya yaradan siyasətinin legitimləşdirilməsi məqsədi ilə fəaliyyət göstərir, açıq şəkildə ağ-qara, boz propaqanda ilə məşğul olur. Avropa məhz buna görə qadağa tətbiq etdi. Hesab edirəm ki, Azərbaycan ciddi şəkildə milli maraqlarını, informasiya təhlükəsizliyini nəzərə alıb, xüsusilə rusdilli əhali arasında təbliğatın qarşısını almalıdır. Bu baxımdan “Sputnik”in fəaliyyətinə əvvəldən icazə verilməməli idi".

TEREF.AZ bildirir ki, AzTV-nin Xəbərlər studiyasının baş redaktor müavini Jalə Mütəllimova “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik. Nəyə görə Azərbaycanın dövlət mövqeyi ifadə olunan yazılarda müəlliflər hədəf olur? 2000-ci illərin əvvəlində xarici media orqanlarının Bakı ofisləri bağlandı çünki anti-Azərbaycan fəaliyyəti ilə məşğul idilər. Marqarita Simonyanın rəhbəri olduğu media quruluşu anti-Azərbaycan mövqeyi sərgiləməsə də, Azərbaycan dövlətinin mövqeyinə yer vermir. Guya neytral, balanslı mövqe saxlamağa çalışırlar, əslində isə o, dəfələrlə Ermənistan tərəfindən mükafatlandırılıb. Eyni zamanda Marqarita Simonyan prezindet İlham Əliyevin ”gəlin, reallıqları görün" dəvətinə reaksiya vermədi. “Sputnik Azərbaycan”da milli media üçün yararlı kadrlar var ki, sosial problemlərdən dolayı ora sığınıblar. Onları Azərbaycan mediasına cəlb etmək, dolayısı ilə “Sputnik Azərbaycan”ın fəaliyyəti üçün əsas qoymamaq lazımdır. Bu media quruluşu Avropada bloklansa da, dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərirdi ki, birmənalı olaraq Rusiya siyasi kursunun təbliği ilə məşğul idi. Bunun tərkib hissəsi həm də Ermənistanın dəstəklənməsidir. Məhz bu xəttə görə şərtlər irəli sürə bilərik, məsələn media quruluşu Simonyanın şəxsi vəsaiti ilə, yaxud 51% Azərbaycanın maliyyəsi ilə fəaliyyət göstərə bilər, yaxud tamamilə bloklana bilər. Xatırladım ki, “Sputnik Azərbaycan”ın əvvəlki rəhbərlərindən biri diplomatik nömrə ilə gəzirdi və hər kəsə deyirdi ki, Ermənistanın mövqeyini dəstəkləyir. Belə olan halda, “Sputnik Azərbaycan”ın fəaliyyətinə niyə son qoyulmasın?"
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti