Polşa, Latviya, Litva və Estoniya DİN başçıları Belarus rəhbərliyinə ünvanlanan birgə bəyanatla çıxış ediblər.
Bəyanatda Belarus rəhbərliyindən “Vaqner”-in bu ölkənin ərazisindən çıxarılması tələb olunur.
Polşa DİN başçısı Mariuş Kaminskinin elan etdiyi bəyanatda bildirilir ki, əgər “Vaqner”-in iştirakı ilə hər hansı təhlükəli insident baş versə, hər 4 ölkə Belarusla sərhədləri bağlayacaq. Bu isə birmənalı olaraq, Belarusun Avropaya çıxışını tam bağlamaq deməkdir.
Bəyanatda həmçinin, Lukaşenko hakimiyyəti Belarusun özünün qərb sərhədlərinə qəsdən çoxlu sayda miqrant toplamaqda günahlandırılır. Qeyd olunur ki, Lukaşenko Afrikadan və Yaxın Şərqdən gələn miqrantları sərhədə toplamaqla həmin dövlətlərə təzyiq etməyə çalışır.