“Qafan hava limanının açılması Azərbaycanla sülh danışıqları prosesini çətinləşdirən növbəti erməni təxribatıdır. Sərhəddən belə yaxın məsafədə havaya qalxan Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanını pozması qaçılmazdır”.
Bunu “Report”a açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.
Politoloqun fikrincə, Ermənistan bu hava limanını işə salmaq imkanını nəzərdən keçirməzdən əvvəl Azərbaycanla məsləhətləşməli idi.
“Eurocontrol” bu məsələdə vasitəçi ola bilər, çünki onlar Azərbaycanın milli aviadaşıyıcısından (AZAL) Ermənistanın hava məkanı üzərindən Naxçıvana uçuşlar üçün ödəniş tələb edirlər. Bundan əlavə, Ermənistan təyyarələrinin hərbi məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı ciddi narahatlıqlar var. Bu isə işğaldan azad edilmiş Zəngilan ərazisi üçün birbaşa təhlükədir. Müvafiq tədbirləri görən Azərbaycan qonşu ölkənin hava məkanını pozmamaq üçün Ermənistanla sərhəddən xeyli aralıda Zəngilan aeroportunu tikib”, - N.Vatson bildirib. Ekspert hesab edir ki, Qafan hava limanının açılması ilə bağlı qərar Ermənistanı dəstəkləyən ölkələrin iştirakı ilə verilib:
“Ermənistan heç vaxt təkbaşına hərəkət etmir. Görünür, Rusiya və İran bu təxribatı bəyəniblər və hava limanının tikintisini yəqin ki, beynəlxalq erməni diasporu maliyyələşdirib. Nikol Paşinyan yaxşı bilir ki, sülh sazişi imzalanmalıdır. Lakin hava limanının tikintisinə icazə öz ölkələrindəki qruplaşmaları və nüfuzlu beynəlxalq erməni diasporunu sakitləşdirmək üçün alınıb. Bu addım Paşinyanın lider kimi səmərəsiz fəaliyyətinin növbəti təsdiqidir”.