Bu il iyunun 14-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda rəsmi səfərdə olub. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, səfər çərçivəsində keçirilən rəsmi mərasimdə iki dost ölkənin rəhbərinin mətbuata verdikləri bəyanat zamanı Məhəmməd Şahbaz Şərif Azərbaycanın paytaxtı Bakı şəhərinin son dərəcə təmiz olduğunu bildirərək onun gözəlliyinə valeh olduğunu xüsusi vurğulayıb və şəhər planlaşdırılması, tullantıların emalı, xüsusilə də yaşıllaşdırma sahəsində Bakının təcrübəsinə Pakistanda ehtiyac olduğunu bildirib. Qeyd edilən səfərdən sonra İslamabad Paytaxt İnkişafı Hakimiyyətinin dəvəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov və landşaft dizaynı üzrə mütəxəssis Firuzə Əhmədovadan ibarət Bakı şəhərinin nümayəndə heyəti Pakistanın paytaxtı İslamabadda işgüzar səfərdə olublar. Azərbaycandan gələn nümayəndə heyəti yerli mütəxəssislərlə birgə İslamabad da daxil olmaqla bir neçə şəhərdə park və yaşıllıq sahələrinə baxışlar keçiriblər. Mövcud şəraitlə tanışlıqdan sonra Azərbaycanlı mütəxəssislər burada yaşıllıq sahələrinin yeni dizaynla qurulması, landşafta yeniliklərin gətirilməsi, gözəl mənzərə yaradan layihələrin tətbiqi, mövcüd olan ağaclara qulluq, mütəmadi olaraq gübrələrin verilməsi, daha gözəl görünməsi üçün yaşıl guşələrdə müxtəlif rəng çalarlarından, mövsümi güllərdən istifadə edilməsi, yol kənarlarına alleya görünüşü verilməsi üçün onlara paralel yeni ağacların əkilməsi, dekorativ bitki və daşlardan geniş istifadə edilməsi və s. bu kimi təkliflər veriblər. Səfərin sonunda İslamabad Paytaxt İnkişafı Hakimiyyətinin rəhbərliyi tərəfindən Azərbaycanlı mütəxəssislərə təşəkkür bildirilib.