Aİ hökuməti məhkəmə sisteminin müstəqilliyinin və qərəzsizliyinin təmin olunması üçün əlavə addımlar atmağa çağırıb
Avropa İttifaqı (Aİ) Azərbaycanla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinin və qərəzsizliyinin təmin olunması üçün əlavə addımların atılmasına ehtiyac olduğu vurğlanıb. Bununla yanaşı, Aİ müstəqil şəxslərin davamlı təqib olunmasından narahatlığını ifadə edib.
Avropa İttifaqı Venesiya Komissiyasının 2022-ci il media və siyasi partiyalar haqqında yeni qanunlarla bağlı 2023-cü il rəyini xatırladıb.
Həmin qanunların Azərbaycanda siyasi plüralizmə və toplaşmaq azadlığından istifadəyə mənfi təsir göstərəcəyindən narahatlığını bildirib.
Bundan əlavə, bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunulub:
“Dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir. Biz Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamağa çağırırıq. Mövcud vəziyyət narahatedicidir və mənfi humanitar təsir göstərir, çünki etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərində dəfələrlə fasilələrlə üzləşib, atəşkəsin tez-tez pozulması xəbərləri isə onların rifahı ilə bağlı ciddi narahatlıq yaradır. Əgər bu, belədirsə, biz Bakını sabit enerji təchizatını təmin etməklə və elektrik şəbəkəsində texniki xidmətin aparılmasına icazə verməklə, etnik erməni əhalisinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırırıq.
Həmçinin bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə, saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir”.
Aİ minatəmizləmə fəaliyyətlərinə də dəstək göstərməyə hazır olduğunu bildirib.
Bəyanat Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasındakı çıxışına cavab olaraq yayımlanıb.
İyunun 6-da Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasındakı çıxışında təşkilatın fəaliyyətini tənqid etmişdi:
“İndiki məqamda təşkilat təhlükəsizliyimizə və sabitliyimizə qarşı çoxsaylı risklərə və çağırışlara effektiv cavab verməsini təmin etmək qabiliyyəti, siyasi iradə və institusional potensiala malik deyil. Təşkilat öz aktuallığını qorumaq və sürətlə inkişaf edən mühitə uyğunlaşmaq üçün çevik və adaptiv olmalıdır. Yalnız birgə həll yolları nəticə verə bilər. Köhnə rəvayətlərə və fərziyyələrə sadiq qalmaq faydasızdır və sadəcə, təşkilatı geriyə sürükləyəcək. Bu, təşkilatın daha yetkin və güclü olmasının yeganə yoludur. Kollektiv olaraq razılaşdırılmış sənədlərimiz və qərarlarımız çərçivəsində, təşkilatımız daxilində və xaricində reallıqları nəzərə alan yaradıcı həllər tələb olunur” – C.Bayramov çıxışında bildirib.