Hakan Fidanın xarici işlər naziri təyin edilməsindən sonra Milli İstihbarat Təşkilatının sədri vəzifəsinə İbrahim Kalın təyin olunub: son illər Türkiyənin önə çıxan beyinlərindəndir, onun qurduğu SETA mərkəzi dərin araşdırmaları ilə diqqət çəkir. İbrahim Kalın Azərbaycana xüsusi sevgisi olan şəxs kimi tanınır, lakin bu bağlılıq təkcə Ərdoğanın yürütdüyü siyasi xəttdən yox, şəxsi amillərdən də qaynaqlanır. Bununla bağlı Cəmaləddin Quliyevin maraqlı qeydləri var: “İbrahim Kalının Azərbaycana bağlılığı ərzurumlu olması, ailə-məişət dilinin Azərbaycan türkcəsi (dadaş ləhcəsi) olmasından, ələvi-qızılbaş ənənəsinə, Azərbaycan musiqisinə yaxınlığından irəli gəlir. Özü də Şah İsmayıl irsinə müraciət edir, sözü və melodiyası İbrahim Kalına aid bəstələr “azəri türküsü” adı ilə ifa olunur”. Hakan Fidanın XİN-ə, İbrahim Kalının MİT-ə gətirilməsi Türkiyənin “Yeni yüzillik” adlandırdıqları dövrdə regional güc rolunu daha da möhkəmləndirmək və qlobal proseslərdə təsiredici oyunçuya çevrilmək planından xəbər verir. Asif Nerimanli