Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar son günlərdə
Avropa ölkələrində keçirilən tədbirlərdə “Mangal Steak House”
restoranın komandası milli mətbəximizi layiqincə təmsil edib. Belə
tədbirlər İsveçrədə, İtaliyada, Vatikanda təşkil olunub.
Ölkəmizin İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə səfir Rəşad Aslanov xalqımızın ümummilli liderinin
siyasi və dövlətçilik fəaliyyətindən danışıb, onun ideya və arzularının
uğurla həyata keçirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil
Azərbaycanın uğurla inkişaf etdiyini, dünyada və Avropada etibarlı
tərəfdaş kimi tanındığını bildirib.
Tədbirdə ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov,
həmçinin İtaliyada yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.
Elşad Nuriyevin başçılıq etdiyi “Mangal Steak House” komandasının
üzvləri - aşpazlar İsak Temel və Tural Kərimli hazırladıqları dadlı təamlar
və göstərdikləri yüksək xidmət mədəniyyəti ilə tədbir iştirakçılarında xoş
təəssürat yaradıblar. Onlar milli mətbəximizin zənginliyini və
füsunkarlığını böyük fəxrlə nümayiş etdiriblər.