“İnanıram ki, xalqım gələn bazar günü keçiriləcək seçkilərdə güclü türk demokratiyası nümayiş etdirəcək. İlk turda 90 faizə qədər seçici fəallığı var idi. Bu, çox böyük göstəricidir. Dünyada belə nəticə yoxdur. Ümid edirəm ki, millətim bu dəfə də bizi yanıltmayacaq". Bunu “CNN International”ın aparıcısı Becky Andersonun suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, indiyədək 15 seçkidə qələbə qazandığını xatırladıb. Ərdoğan bildirib ki, hazırda Suriyanın şimalında evlər tikilməkdədir: “Bu evlər niyə tikilir? Türkiyədəki qaçqınların öz torpaqlarına qayıtması üçün, bu proses artıq başlayıb. İndi biz yeni bir addım atırıq. Hətta 1 milyona yaxın qaçqının öz torpaqlarına qayıtması üçün Suriyada ev inşası ilə bağlı bəzi layihələr hazırladıq. Bunlar gözəl layihələrdir. Bu layihələrlə suriyalı qaçqınların geri qayıtmasını təmin edəcəyik”. "Yenidən seçilsəniz könüllü qayıtmaq istəyən qaçqınların ən azı 1 milyonunun müəyyən bir dövrdə geri qayıda biləcəyini söyləyirsiniz?” sualına cavabında isə Ərdoğan bildirib ki, bəlkə də bu rəqəm daha çox olacaq: "Çünki hazırda oradakı infrastruktura yatırılan sərmayələr deməyə əsas verir ki, bu rəqəm çox ola bilər. Layihəni elə hazırlamışıq ki, insanlar öz torpaqlarına sevə-sevə qayıtsınlar".