Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, "Ukrayna Rusiyaya nifrət edir”, Rusiyanı "həmişə və hər yerdə” təqib edəcək və "hüquqi və ya fiziki” yolla ələ keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Podolyak Twitter-də yazıb.
Bununla, o, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun Rusiya vətəndaşlarına qarşı "nifrət nitqi”nə görə BMT-nin Təhlükəsizlik Şurasına göndərdiyi məktuba reaksiya verib.
"Rusiya BMT-nin fövqəladə iclasında "nifrətə təhrik” barədə qışqırır. Bəli, Ukrayna sizə nifrət edir. Bəli, biz sizi təqib edəcəyik. Həmişə və hər yerdə. Bəli, sizinlə danışacaq bir şey yoxdur - müasir insan dillərini bilmirsiniz... Bəli, Rusiya Federasiyasının nümayəndələri şübhəsiz ki, hər şeyin əvəzini ödəyəcəklər. Bəli, Ukrayna istər qanuni, istərsə də fiziki olaraq hər birinizi tapacaq”, - deyə Podolyak yazıb.
Xatırladaq ki, Vasili Nebenzyanın BMT Təhlükəsizlik şurasına məktubu Kirill Budanovun onun qurumunun rusiyalı ictimai xadimlərin "çoxuna əli çatıb” ifadəsi ilə bağlıdır. Beləliklə, o, Kiyevin Vladimir Solovyov, yoxsa Aleksandr Duqini "ələ keçirə bilərmi” sualına cavab vermiş olub. Bundan əvvəl Budanov Ukraynanın qələbəsinə qədər "dünyanın istənilən yerində rusiyalıları öldürmək” niyyətindən də danışıb.