Avropa İttifaqı ilk dəfə olaraq Rusiyaya dəstək verdiyi iddia edilən Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırlaşır. Sanksiyalar həmçinin İran şirkətlərinə də aid edilə bilər.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
“Brüssel Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiya hərbi maşınına dəstək verən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib”, - məqalədə qeyd olunub.
Qəzetin ixtiyarına düşən Aİ-nin yeni məhdudiyyətlər paketinin layihəsinə əsasən, söhbət “Rusiyaya avadanlıq tədarük etməkdə” ittiham olunan 7 Çin şirkətinə qarşı mümkün sanksiyalardan gedir. Onların arasında “3HC Semiconductors”, “King-Pai Technology”, həmçinin Honq-Konqun “Sinno Electronics” və “Sigma Technology” var.
Qəzetin vurğuladığı kimi, Avropa İttifaqının mümkün məhdudiyyətləri, çox güman ki, Brüsselin “qlobal təsir uğrunda mübarizədə” Vaşinqtonu dəstəkləməsinə mane olmaq istəyən Pekini narazı sala bilər. İddia olunur ki, Avropa Komissiyası Rusiyaya idxalı qadağan edilən malların siyahısını genişləndirmək imkanını da nəzərdən keçirib.
Eyni zamanda, qəzetin yazdığına görə, Avropa İttifaqı bəzi İran şirkətlərinə “Rusiyaya kömək etdiyinə görə” sanksiyalar tətbiq etməyi təklif edib. Qəzet bildirib ki, Brüssel həmçinin tankerlərin Aİ ölkələrinin limanlarına daxil olması üçün “üzrlü səbəb olmadan” yerlərini gizlətmələrinə yasaq qoyulmasını müzakirə edib.