Hazırda orbitdə Beynəlxalq Kosmik Stansiyaya (BKS) bərkidilmiş Rusiyanın “Soyuz” kosmik gəmisində kiçik dəlik aşkar edilib.
Yoxlamalar zamanı məlum olub ki, dəlik kosmik gəmidən soyuducu mayenin sızmasına səbəb olub.
Dekabrın 14-nə keçən gecə “Soyuz” gəmisinin göyərtəsində böyük həcmdə soyuducu mayenin sızması qeydə alınıb. Bu, iki rusiyalı kosmonavtın kosmosa çıxmağa hazırlaşdığı zaman aşkar olunub. Nəticədə kosmonavtlar kosmik gəminin göyərtəsində qalıblar.
NASA-nın məlumatına görə, BKS-in çölündə yerləşən “Canadarm2” robot qolun kameralarından istifadə edilərək hadisənin potensial səbəbi aşkar edilib.
“Biz kiçik dəlik gördük. Həmçinin dəliyin ətrafındakı radiatorun səthinin rənginin də dəyişdiyini müşahidə etdik. “Roskosmos” alınan görüntülərin qiymətləndirilməsini aparır. Bu dəliyin mikrometeoritlə toqquşma nəticəsində yarandığı, yoxsa istehsal mərhələsində defektə yol verildiyi aydınlaşdırılır”, – deyə NASA-nın məlumatında qeyd edilir.
İndiyə qədər Rusiya tərəfindən mikrometeoritlə toqquşma əsas fərziyyə kimi irəli sürülür.
Hələ sentyabr ayında “Soyuz” kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelini və NASA-nın astronavtı Frenk Rubionu BKS-ə çatdırmışdı. Onların mart ayında Yerə qayıdacaqları gözlənilirdi. Ancaq bununla bağlı problemlər yarana bilər.
Hələlik “Roskosmos” kosmik gəminin evə qayıda biləcəyi ilə bağlı dəqiq məlumata sahib deyil, çünki orada nə qədər soyuducu mayenin qaldığı bilinmir. Yekun qərar dekabrın sonuna kimi veriləcək.
Əgər “Soyuz” gəmisi sonrakı uçuşlar üçün yararsız elan olunarsa, kosmonavtların Yerə qaytarılması üçün Baykonur kosmodromundan başqa bir “Soyuz” buraxılacaq. Mənbə: Space.com