Britaniyalı komandandan qorxunc iddia:
“Bu, nə birbaşa itkilər, nə də başqa ölkənin ərazisinə hücumdur, ona görə də Qərbin birbaşa hərbi reaksiyasına səbəb ola bilməz”

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, dünya hər iki tərəfin yaxın günlərdə atacağı addımlarla bağlı proqnozlar verir. Daim Rusiya ilə bağlı kəşfiyyat məlumatları toplayan Britaniyanın Silahlı Qüvvələrinin ən yüksək səviyyəsindən gələn iddia ortalığı daha da qarışdırır.

Putinin “Şimal axını 1” və 2-ci boru kəmərlərində dörd sızma və sualtı partlayışlar törətməkdə ittiham edilməsindən sonra danışan ingilis komandan Rusiyanın növbəti hücum hərəkəti barədə xəbərdarlıq edib və diqqəti qurudakı müharibədən başqa səmtə yönəldib.

Admiral ser Toni Radakin Putinin kosmosda hücumlara başlaya biləcəyi ilə bağlı dünyaya xəbərdarlıq edib. Onun iddiasına görə, Rusiya həm yeraltı, həm də səmada Ukraynada müşahidə olunan ənənəvi quru müharibəsinin istiqamətini dəyişə bilər.

“Rusiyanın nüvə potensialı var, Rusiyanın sualtı imkanları var. Və onların kosmosda imkanları var. Biz bunun nümunəsini keçən ilin sonunda Rusiyanın kosmosda böyük miqdarda dağıntılar yaradan obyekti partlatması zamanı gördük”, - deyə komandan bildirib.

“Ukraynada atdığı addımlar, enerji sahəsində və diplomatik münasibətlərdə gördükləri işlərlə yanaşı, Rusiyanın digər sahələrdə də imkanları var. Və bunun ən mühüm sütunlarından biri informasiya müharibəsidir”, - deyə o vurğulayıb.

Keçən ilin noyabrında Rusiya yerdən təxminən 300 mil yüksəklikdə olan peyklərindən birini vuran yerüstü raketi sınaqdan keçirdi. Moskva həmçinin Böyük Britaniya və ABŞ tərəfindən 2020-ci ildə kosmosa silaha bənzər raket buraxmaqda ittiham edilib.

“Royal United Services Institute” beyin mərkəzinin baş direktorunun müavini Prof. Malcolm Çalmers bildirib ki, Rusiya peykləri məhv edərsə, bütün dünyada təsiri hiss olunacaq: “Rusiya həm hərbi, həm də mülki GPS sistemlərinə dünyanın hər yerində hücum edə bilər. Telefonlarımızın və avtomobillərimizin əksəriyyətində istifadə edilən peyk naviqasiya sistemləri kimi mülki xidmətlərdə müəyyən fasilələr ola bilər”.

Çalmers qeyd edib ki, boru kəmərlərinin təxribatı kimi, peyklərin məhv edilməsi də “nə birbaşa itkilər, nə də başqa ölkənin ərazisinə hücumu” əhatə edir və buna görə də Qərbin birbaşa hərbi reaksiyasına səbəb ola bilməz.

Bununla belə, admiral Radakin təkid edir ki, əgər Rusiya dünya informasiyasının 95 faizindən çoxunun yayıldığı sualtı dəniz kabelləri vasitəsilə və ya kosmosda kritik infrastruktura hücum etsə, NATO ölkələrinin sərt reaksiyasına səbəb olacaq.

Bu ayın əvvəlində Putin Ukraynadakı müharibəni öz xeyrinə çevirmək üçün 300 000 ehtiyatda olan əsgərin qismən səfərbər edilməsi əmrini verərkən, eyni zamanda nüvə silahından istifadə ilə bağlı blef etmədiyini də bəyan etmişdi.

Lakin Putinin bütün ritorikasına baxmayaraq, ser Toni "Rusiya nüvə müharibəsi istəmir" deyə düşünür: “Rusiya NATO ilə müharibə istəmir. Rusiya beynəlxalq ictimaiyyəti öünə qarşı indi olduğundan daha artıq qaldırmaq istəmir. Çünki bu, Rusiya üçün daha böyük problemlər yaradır”.

Mənbə: “Hurriyet”

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
 
 

Dünyapress TV

Xəbər lenti