Rusiyanın "Luna-25" avtomatik stansiyasının qəzaya uğramasının səbəbi açıqlanıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Roskomos”-un baş direktoru Yuri Borisov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, avtomatik stansiyanın qəzaya uğramasının səbəbi onun mühərrikinin lazım olandan daha uzun müddət işləməsi ilə bağlıdır.
"Luna-25" planetlərarası stansiyanın hərəkət sistemi orbitin korreksiyası zamanı nəzərdə tutulan 84 saniyə əvəzinə 127 saniyə işləyib. Bu, cihazın qəzaya uğramasının əsas səbəbi olub, - Roskosmos-un baş direktoru bildirib.
Qeyd edək ki, avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb. Bildirilmişdi ki, avqustun 19-da “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib.