30 provayderin saytı yoxdur
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi son bir neçə ayda 140 provayderi uçota cəlb edə bilib.
Bu provayderlərin siyahısı da icta.az -da yerləşdirilib.
İKTA-nın bu addımı istehlakçılara dəstək və əlçatanlıq baxımından, ictimai nəzarətin təşkilinə kömək və şəffaflıq baxımından, eyni zamanda istehlakçılarda özəl provayderlərə etimadın yaradılması baxımından çox əhəmiyyətli bir addımdır.
Provayderlərin siyahısına nəzər saldıqda isə diqqət cəlb edən bəzi məqamlar ortaya çıxır.
Qəribə də olsa, bu siyahıda 30-dan çox provayderin saytının olmadığı görsənir.
İnternet xidmətləri təqdim edən bir şirkətin saytının olmaması xeyli düşündürücüdür.
Eyni zamanda bu siyahıda provayderlərin xidmət göstərdiyi ərazinin təqdim edilməməsi, təqdim etdiyi xidmətlər və əlçatanlıqla bağlı yetərli məlumatların olmaması da xoşagəlməz haldır.
Düşünürəm ki, yetərincə gəlir götürən , müştərilərinə hörmətlə yanaşan, internet xidməti göstərən provayderin ilk işi məhz özünə sayt yaratmaq olmalıdır .
Bildiyim qədər İKTA telekommunikasiya xidmətlərinin keyfiyyət standartlarını hazırlayır.
Ümid edirəm İKTA bu standartlarda yuxarıda qeyd olunan məqamları da nəzərə alacaq.
Yeri gəlmişkən, müşahidələr göstərir ki, yeni tikilən binalarda MTK ilə sövdələşməklə haqsız rəqabət yaradan, "bir bina bir provayderindir" prinsipi ilə işləyən bəzi provayderlərin adları İKTA siyahısında gözə dəymir.
Xatırladıram ki, bir müddət öncə uçotdan yayınan bir provayderi də İKTA cərimələyib.
Görünür ki, bu tip provayderlər hələ də var.
Ümid edirəm İKTA, Antiinhisar Dövlət Xidməti və Şəhərsalma və Arxitektura Komitəsi yeni yaşayış komplekslərində internet xidmətlərinin təşkili üçün münbit şərait yarada biləcəklər.
Osman Gunduz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti