Tviter-i aldığı gündən bu yana onlarla dəyişiklik edən İlon Mask indi də Tviter-in adını X.com olaraq dəyişib.
Publika.az xəbər verir ki, o loqonu da X olaraq dəyişib. Tviter hesabının açıqlama hissəsinə "X.com" yazan Mask, "X.com" ünvanının artıq "twitter.com"a yönləndirildiyini açıqlayıb.Bundan əlavə, "X.com" saytında quş loqosu yerinə X loqosu görünür. Çox sevilən loqonun niyə dəyişdirilməsi maraq doğururdu. Mask bir müddətdir ki, "hər şey tətbiqi" adlandırdığı və alış-verişdən bank xidmətlərinə qədər hər şeyi bir araya gətirdiyi X-i həyata keçirməyi planlaşdırırdı. Mask Tviter-i satın aldıqdan sonra onun rəsmi adı "X Corp." olaraq dəyişdirilmişdi. Yalnız bununla məhdudlaşmır. Maskın oğlunun adı X Æ A-12-dir. Bundan əlavə, Maskın son dövrlərdə tətbiq etdiyi süni intellekt tətbiqinin adı xAI, Teslanın ən məşhur modeli Model X-dir. Bəs Maskın X sevgisi nədən qaynaqlanır? Əslində bunun cavabı köhnə illərə gedib çıxır. 28 yaşında təqvimlər 1999-cu ili göstərərkən Mask onlayn bankçılıq şirkəti qurmaq istəyirdi. "PayPal" rəhbəri bu prosesdə baş verənləri belə təsvir edib:
"Bir gecə İlon və şirkətin digər qurucuları beynimizdə şirkət üçün bir ad haqqında düşünürdük. Məqsədimiz bank məlumatlarını bir araya gətirən tam hüquqlu inqilabi maliyyə platforması yaratmaq idi. Əslində bizim oturduğumuz kafedə ofisiant xanım şirkətin adını qoyub. Q, Z və X hərflərini göstərdim və o, "X.com"u bəyəndiyini söylədi. İlon isə əlini masaya çırparaq, “onda belə”, - dedi." "X.com" 1999-cu ilin sonlarında yaradılıb və 2000-ci ildə rəqibləri ilə birləşib. Ancaq şirkətin adı da daxil olmaqla bir çox fərqli mövzuda fikir ayrılıqları 2000-ci illərin sonunda Maskın şirkətdən qovulmasına səbəb oldu. Əslində şirkət rəhbərlərinin "X.com"u MAsk qədər bəyənmədiyi ortaya çıxdı. "X.com" 2001-ci ildə adını "PayPal" olaraq dəyişdirdi. Maskın "X.com" adını "PayPal"dan satın aldığı bilinir.