“Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsun”
Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı çoxluq təşkil edir. İllər əvvəlki vəziyyət dəyişir və qızların sayı azalmaqda davam edir. Bu isə cəmiyyətdə kəskin sosial problemlərin çarçısıdır. Müşahidələr və statistik göstəricilər göstərir ki, son on illiklərdə Azərbaycanda yeni doğulanlar arasında cinsi nisbətin disbalansı baş verir. Bu isə həqiqətən də ciddi problemdir.

Bəs, demokrafik bəlanın qarşısını necə alaq?

DİA.AZ bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan sosialoq Ağasəlim Həsənovun fikrincə, sosial bəlaya qarşı ən effektiv mübarizə metodu maarifləndirmədir. Sosioloq ailələrdə qız uşaqlarına münasibətin dəyişilməsi üçün sosial çarxların, kütləvi tədbirlərin köməyilə ciddi maarifləndirmə işləri aparmağın vacibliyini qeyd edib:

“Qız və oğlan övladlarının balansı istənilən halda qorunmalıdır. Təcrübə göstərir ki, normal qəbul ediləcək nisbət 49 faizin 51 faizədir. Statistik göstəricilər bu şəkildə olarsa, biz bunu normal hesab edə bilərik. Təəssüf ki, Azərbaycanda son illər yeni doğulanlar arasında cinsi nisbət oğlanların xeyrinə davam etməkdədir.

Bunun təbii bir proses olduğunu şübhə ilə qarşılayıram. Əlbəttə ki, bu məsələdə subyektiv amillərin təsirlərinin rolu var. İlk səbəb ailədə ənənəvi olan baxışların hələ də hakim olmasıdır.

Yəni mütləq şəkildə oğlan uşağının doğulması bir şərt kimi qəbul olunur. Valideynlər bu istəklərinə çatmaq üçün müasir texnaloji yeniliklərin imkanlarından istifadə edərək ana bətnindəki dölün cinsiyyətinə kənar müdaxilələr edir. Doğulacaq körpə qızdırsa, abortlara gedilir. Bu da həm tibbi, hə də dini baxımdan zərərlidir. Beləliklə də normal gediləcək proseslərin qarşısı alınır. Məlum subyektiv təsirlər nəticəsində disbalans reallıq ortaya çıxır”.

Ağasəlim Həsənovun sözlərinə görə reallıq odur ki, Azərbaycan ailələrində cütlük oğlan övladının doğulmasını bir ailənin və nəslin davamçısı kimi qəbul edirlər:

“Məhz bu düşüncə hər bir ailədə oğlan övladının olmasını zəruri şərt kimi ortaya qoyur. Fikrimcə, bu baxış yalnışdır və bu istiqamətdə Azərbaycan gənclərinə aşılayacaq xeyli işlər həyata keçməlidir. Dövlət və cəmiyyət olaraq birmənalı şəkildə buna qarşı olmalıyıq. XXI əsrdə belə bir düşüncənin dominant olmasından narahat olmalıyıq və ona qarşı mübarizə aparmalıyıq”.

Sosialoq mübarizə yollarından biri kimi inzibati cəza növünün tətbiq edilməsini də təklif edib:

“Abortla qızın məhv edilməsi faktı olarsa, bu məsələyə qarşı nəzarət gücləndirilməlidir. Abortu həyata keçirən həkimə və qərarı vermiş cütlüyə qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirləri sərtləşdirilməldir. Ona da əmin deyiləm ki, inzibati yollarla aparacağımız sərt mübarizə mövcud problemi tam həll edə bilər. Amma sayının azalmasına və tendensiyanın zəifləməsinə, tədricən isə müsbətə doğru irəliləməsinə şərait yarada bilər. Ən təsirli və mübarizə metodu məhz maarifləndirmədir. Xüsusilə gənc ailələrlə geniş iş aparılmalıdır.

Maarifləndirmə işinə dini, mənəvi və tibbi aspektdən yanaşmaq lazımdır. Bu sahə ilə məşğul olan mütəxəssislər işə cəlb olunmalıdır. Universitet auditoriyalarında, layihələr çərçivəsində bu işə təkan verməliyik. Həm də gender bərabərliyi qabardılmalıdır. Məsələyə sosial aspektdən yanaşsaq, ən yüksək işlərdə, vəzifələrdə nümunə çəkə biləcəyimiz xanımlarımız var.

Qadına münasibət dəyişməlidir. Onların da hansısa işlərdə heç də kişilərdən geri qalmaması önə çəkilməlidir. Təkcə onu unutmaq lazım deyil ki, ötən əsrin 20-ci illərində qadına seçmək və seçilmək hüququ verən xalqıq. Azərbaycanda Cümhuriyyət dövründə bu imkanlar yaradılanda bu, əslində qadına verilən ən yüksək dəyər idi. Bu kimi tariximizdə olan müsbət örnəklərdən çıxış edərk, gənclərimizlə iş aparmalıyıq”, - deyə ekspert əlavə edib.

Dünyapress TV

Xəbər lenti