Dərman monopolistlərinin əlində məhv olan xalq:
Son günlər Azərbaycan apteklərində satılan dərmanların keyfiyyətinin aşağı olması ilə bağlı mətbuatda və televiziyalarda məlumatlar yer almaqdadır.

Aparılan araşdırmalardan məlum olur ki, əhalinin əksəriyyəti onlara lazım olan dərmanları xarici ölkələrdən, xüsusən Gürcüstan, Türkiyə və Rusiyadan gətirməyə üstünlük verdiyini açıqlayıb. Sakinlər bunun səbəbini dərmanların həddindən artıq baha olması ilə əlaqələndirir.

Əhali dərman almaq üçün xarici ölkələrə üz tutursa, Azərbaycanda günü-gündən sayı çoxalan apteklər şəbəkəsinin taleyi necə olacaq?

Həkim Səxavət Əlisoy “Qaynarinfo”ya açıqlamasında bildirib ki, dərman ləvazimatları hər bir ailənin gündəlik təlabatlarından biridir:

“Bünün üçün öncə jurnalistlər aşağıdakı üç sualın cavabını araşdırmalıdır:

1. Xaricdən dərman preparatlarını Azərbaycana kimlər gətirir?
2. Gətirilən dərman preparatları harada və hansı labarotoriyada ekspertizadan keçirilir?
3. Bu günə qədər (son 30 ildə) xaricdən alınan dərman preparatlarının hansı birinin keyfiyyətinə görə istifadəsinə qadağa qoyulub?

Bu 3 sualın içində çox nəsnələr yatır. Dərman biznesi çox gəlirli biznesdir. Və belə bir biznesi, el dili ilə ifadə etsək, “xalqın öhdəsinə” kimsə buraxmaz. Bu biznesin arxasında çox yekə adamlar dayanır adətən. Dərman da gündəlik təlabat mallarından biridir”.

Ekspert gün ərzində ən azı 2 milyon insanın dərman qəbul etdiyini vurğulayıb: “Tibb müəssisələrində qeydiyyatda dayanan xroniki xəstələrin sayına rəğmən, bu rəqəm ortaya çıxır. Belə bir durumda dövlətin xüsusi bir “Dərman təhlükəsizliyi” kinsepsiyasına malik olması gərəkdi. Tibbi biliyi olmayanlar tam anlaya bilməz, qazanc xətrinə bəzi dərman preparatlarının apteklərə yol açması çox təhlükəlidir. Bu, çox ciddi bir problemdir”.

Səxavət Əlisoy hesab edir ki, Səhiyyə Nazirliyi istəsə belə, bu problemin həllinə nail ola bilməz: “Vətəndaşların dərman preparatları ilə təmin olunmasını dövlət özü çiyninə çəkməlidir, nədən ki, monopolistlər üçün əhalinin sağlamlığı önəm daşımır. Böyük ehtimalla gələcəkdə vahid mərkəzdən idarə olunacaq, bir ələ tabe olan aptek şəbəkəsi yaradılacaq. Əgər yaradılacaq bu şəbəkə dövlətin tabeçiliyində olsa, əhalinin sağlamlığına diqqət olacaq. Monopolistlərin nəzarətinə keçsə, vətəndaş bugünkü duruma şükr edəcək”.
 
 
 

Dünyapress TV

Xəbər lenti