Elektron siqaretlər getdikcə daha çox yayılır, xüsusən də siqareti tərgitmək istəyənlər arasında.
2020-ci ilin fevral ayında Türkiyədə elektron siqaretlərin satışına və idxalına qadağa qoyulmasına baxmayaraq onların internetdə satışı davam edir. Google-da "elektron siqaret" sözünü axtarışa verəndə bir çox şirkətin bu məhsulun satışıyla məşğul olduğu üzə çıxır.
Elektron siqaret nədir?
Elektron siqaretdə nikotindən, müxtəlif iylərdən və qatqılardan ibarət maye var və bu maye qızıb buxara çevrilərək nəfəs borusu vasitəsilə ağciyərə yayılır.
Mütəxəssislər bunun ağciyər reaksiyalarına, tənəffüs çatışmazlığına və reanimasiya şəraitində müalicə tələb edən problemlərə səbəb olduğunu söyləyirlər.
Türk Toraks dərnəyinin araşdırmasına görə, elektron siqaretlərin tərkibində müxtəlif kimyəvi maddələr var:
propilen
qlikol
qliserin
etilen spirti
polietilen qlikol (PEG400)
diasetil dietilen qlikol
amino-tadalafil
rimonabant
kannabibinoid
nitrozaminlər
formaldehid
asetaldehid ketonu
merkuri
tetrametilpirazin
qurşun
nikel
xrom
nikotin
süni qoxular
Ekspertlər BBC Türkçe-yə elektron siqareti populyarlaşdıran səbəblərdən danışıblar.
"E-siqaret zərərsiz alternativ kimi təqdim olunur"
Memorial Baxçalıevlər Xəstəxanasının Siqareti Tərgitmə Poliklinikasının həkimi Sinem İliaz elektron siqaretlərin "zərərsiz alternativ" kimi təqdim edildiyini deyir:
"Amma onların təhlükəsiz olduğunu demək üçün əlimizdə kifayət qədər və uzunmüddətli elmi sübutlar yoxdur. Bunun əksinə qısa müddətdə çox mənfi nəticələr olduğuna dair məlumatlar çıxmağa başlayıb. Əlimizdə dəqiq məlumatlar olmasa da, dünyada olduğu kimi, Türkiyədə də gənclər və uşaqlar arasında elektron siqaretdən istifadə artmaqdadır".
"E-siqaretdən siqaret bazarını aktiv saxlamaq üçün istifadə edirlər"
İliaz e-siqaretin ənənəvi siqaret şirkətləri tərəfindən satıldığına diqqət çəkir və deyir ki, siqaretin zərərlərinə və ya siqaret çəkməyi azaltmağa yönəlmiş təbliğata görə onlar bu bazara üz tutmağa başlayıblar:
"Məqsəd siqaret çəkənlərə daha az zərər vermək deyil, e-siqaretin tərkibindəki nikotin sayəsində asılılığı davam etdirməkdir. Bu siqaretə keçənlərin yenidən adi siqaretə qayıtması halları çox yaygındır. Ona görə də hesab olunur ki, şirkətlər tütün/nikotin asılılığını və dolayısıyla siqaret bazarını aktiv saxlamaq üçün e-siqaretlərdən istifadə edirlər".
Elektron siqaretlərin asanlıqla əldə olunması adi siqaretdən istifadə edənlər və ya e-siqareti sınamaq istəyənlər üçün təşviqedici amildir.
"Sağlamlığa hə deyək" dərnəyinin rəhbəri Elif Dağlı Türkiyədəki e-siqaret bazarını belə xarakterizə edir:
"Ölkəmizdə elektron siqaretlərin istehsalı və idxalı qadağandır. Amma 18 yaşdan yuxarı şəxslər şəxsi istifadə üçün xaricdən 1 ədət gətirə bilərlər. E-siqaretlərə qoyulan qadağaya baxmayaraq, təəssüf ki, onu əldə etmək çox asandır. İnternetdəki axtarış sistemlərinə "e-siqaret" sözünü yazın, bütün satış saytları qarşınıza çıxacaq.
E-siqaret alıcılarına kredit kartıyla onlayn ödəmə, qapıda ödəmə, köçürmə yoluyla ödəmə təklif olunur. Sifariş verilən kimi bildirilir ki, məhsul karqoya veriləcək və hətta elə həmin gün kuryer vasitəsilə çatdırılacaq. Apardığımız araşdırmalar bu məhsulların saytlarda qanunsuz olaraq satıldığını və rəsmi karqolarla göndərildiyini göstərdi".
İnsanlar niyə elektron siqaretə meyl edirlər?
Sinem İliaz deyir ki, ''Siqaretin bahalanması və vergiyə çəlb edilməsi ona olan tələbi azaltmaq üçün istifadə edilən planlı bir hökumət və xalq sağlamlığı strategiyasıdır. Gündə bir qutu və ya daha az siqaret çəkən insanlar maddi səbəblərə görə elektron siqaretə meyl edə bilərlər'.
İnternetdəki e-siqaret ticarəti saytlarından birinin adını açıqlamaq istəməyən nümayəndəsi elektron siqaretə marağın müxtəlif səbəblərə görə yüksək olduğunu deyir.
"Adi siqaretdən istifadə edənlər onun sağlamlıqlarına və ya fəaliyyətlərinə pis təsir etdiyini görəndə elektron siqareti sınamaq istəyirlər. Digər faktorsa siqaretlərin qiymətidir. Bahalaşmaya görə də tələbatda artım ola bilir.
Elektron siqaretlər "Facebook", "Telegram", "İnstagram" kimi sosial şəbəkələrdə, o cümlədən, bir çox fərqli forum və vebsaytlarda satılır. Hansısa saytlar bağlansa da, yeniləri açıla və satış davam etdirilə bilər. Vaxtaşırı e-siqaret satışıyla məşğul olan mağazalar da var. Biləndə, cərimə edirlər".
Bu il siqaret 6 dəfə bahalanıb. Qiymətlər ötən illə müqayisədə 50 faiz artıb. Siqaretlərin ən bahalısı 33,5 lirəyə, ən ucuzu 27 lirəyə satılır (hazırkı məzənnəyə görə, 11 lirə təxminən 1 Azərbaycan manatına bərabədir).
"E-siqaretdən gənclər və uşaqlar da istifadə edirlər"
Mütəxəssislərin fikrincə, elektron siqaretlərlə bağlı digər təhlükə onlardan istifadə edənlərin yaş həddidir.
Elif Dağlı gənclərin e-siqaretə meyl etməsində siqaret sənayesinin rolu olduğunu belə izah edir:
"Tütün/nikotin/çətənə sənayesi gənclərin elektron siqaretə yönəlmələri üçün açıq və gizli, hər cür reklama əl atır. Sosial şəbəkələr elektron siqaret şəkilləriylə doludur. "İnfluencer" adlandırılan gizli reklamçılar vasitəsilə e-siqaretləri cəlbedici şəkildə təqdim edirlər - onların zərərləri barədə heç bir məlumat vermədən. Bir zamanlar siqareti təşviq etmək və asılılıq yaratmaq üçün istifadə olunan taktika indi elektron siqaretlərin təbliğatına tətbiq edilir".
Sinem İliaz elektron siqaretin artıq gənclər və uşaqlar arasında da populyar olduğunu deyir: "İnkişaf etmiş ölkələrdə elektron siqaretdən istifadənin sürətlə artması onun bütün dünyada, xüsusən də gənclər və uşaqlar arasında yayılmasına səbəb olub. E-siqaretin iyi adi siqaretlərdəkindən daha yaxşıdır və müxtəlif qoxularla cəlbediciliyi artırılır. Bu isə gənclərin və uşaqların diqqətini çəkir".
"Əlimizdə dəqiq rəqəmlər yoxdur, amma Britaniya və Amerikadakı qədər olmasa da, Türkiyədə də gənclər və uşaqlar arasında elektron siqaretdən istifadə artmaqdadır. Bundan başqa, sosial şəbəkələrdə və TikTok kimi platformalarda gənclər bir çox mövzularda bir-birilərinə təsir edə bilirlər. Düşünmürəm ki, e-siqaret mövzusunu bundan kənarda saxlamaq mümkün olsun".
Xoş qoxusuna görə e-siqaretlərin evlərdə və uşaqların yanında da çəkildiyini bildirən İliaz qeyd edir ki, "E-siqaret çəkməyin adiləşməsi uşaqlarda və gənclərdə bunun zərərli vərdiş olmadığı fikrini yaradır. Böyüklər gənclərə və uşaqlara pis nümunə olurlar."
E-siqaret ticarəti saytının nümayəndəsi isə bildirir ki, "müştəri bazamız ortalama 20-60 yaş arasındadır."
"Biz yaşının 18-dən az olduğunu müəyyən etdiyimiz heç bir müştərini karqo xidmətiylə təmin etmirik. Onlayn yük çatdırılmalarında şəxsiyyət vəsiqələrinə baxış qaydası ayrı-ayrı şirkətlərdə müxtəlif ola bilir. Müştərilərlə bağlı məlumatlar karqo firmalarında da var".
E-siqaretdən istifadəni necə əngəlləmək olar?
Elif Dağlı deyir ki, e-siqaret istehlakının qarşısını almaq üçün qaydalara nəzarət edilməli və çəkindirici sanksiyalar tətbiq edilməlidir:
"Asılılığa qarşı mübarizə və onun qarşısının alınması çox ciddi və güclü siyasi iradə tələb edir. Güclü iqtisadiyyatı olan ölkələr buna nail ola bilərlər. Digərlərində siqaret sənayesi hamıya qazanmaq vədləri verir. Təkcə qanunlar və müvafiq qaydalar tətbiq etmək kifayət deyil. Onların icrasına yerlərdə və internetdə nəzarət etmək lazımdır, mənbələr yoxlanmalı və sanksiyalar çəkindirici olmalıdır.
Hüquq-mühafizə orqanları qeyri-qanuni e-siqaret ticarətiylə mübarizə aparmalıdırlar. Qeyri-qanuni satışları davam etdirən siqaret sənayesinin "vergidən yayınma hallarının qarşısını almaq üçün satışı liberallaşdırmaq" tələbi rədd edilməlidir".
Sinem İliaz da hesab edir ki, e-siqaretdən istifadəyə münasibətimiz adi siqaretə münasibətimizdən fərqli olmamalıdır:
"Gənclərin və uşaqların gözü qarşısında siqaret çəkilməməli, bu cihazlardan istifadə təşviq edilməməli, e-siqaretin də nikotin aludəçiliyi yaratdığı unudulmamalıdır. E-siqaretdən istifadə edən gənclərdə nikotin asılılığı yaranır və onlar gələcəyin potensial siqaret çəkənlərinə çevrilirlər".
"E-siqaret təhlükəsiz deyil"
"Sağlamlığa hə deyək" dərnəyinin rəhbəri, uşaq sağlamlığı və sinə xəstəlikləri üzrə mütəxəssis Elif Dağlı deyir ki, elektron siqaretin yan təsirləri adi siqaretdə olduğundan daha çoxdur:
"E-siqaret təhlükəsiz deyil. Müxtəlif araşdırmalarda aşkar edilib ki, bu siqaretə əlavə edilən qoxu və dadlandırıcılar tənəffüs sisteminə zərər vurur. Elektron siqaretlərin tütün tərkibli siqaretlərdən imtinaya vadar etdirməsinə dair heç bir elmi sübut yoxdur. Bu siqareti çəkəndən dərhal sonra üzə çıxan kəskin yan təsirlər də adi siqaretdəkindən daha çox olur".
Sinem İliaz vurğulayır ki, e-siqaretin tərkibindəki nikotin bu maddədən asılılığı artırır:
"Nikotin bədənimizdə olan və mühüm funksiyalara malik bir maddədir. Ancaq bu maddənin uzun müddət, məsələn, siqaret çəkməklə yüksək dozada qəbul edilməsi asılılığa səbəb olur.
"Elektron siqaretin tərkibindəki nikotin eynilə adi siqaretdəkinə bənzər şirniklənmə mexanizmlərini işə salır; xoşbəxtlik, məmnunluq və rahatlıq hissi əmələ gətirir və beləliklə, asılılıq yaradır. Narkomaniyada da oxşar mexanizmlər işləyir".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "tütün epidemiyası" nəticəsində hər il 8 milyondan çox insan ölür. Bu ölümlərin 1,2 milyonu passiv istifadəçilikdən qaynaqlanır. ÜST tütün epidemiyasını dünyanın üzləşdiyi ən böyük ictimai sağlamlıq təhdidlərindən biri hesab edir.
Türkiyə Səhiyyə Nazirliyi BBC Türkçe-nin elektron siqaretdən istifadəylə bağlı suallarını cavabsız qoyub.