Marketlərdəki ən təhlükəli yer -
Bir çox insan şəkər xəstəsi olmasa da, marketlərdəki diabetik şöbənin daimi alıcısına çevrilib. Xüsusilə də pəhriz saxlayan insanlar hesab edirlər ki, həmin bölmədən alacaqları məhsullar digərlərindən daha faydalı və ya az zərərlidir.
Sosial şəbəkələrdə son günlər Azərbaycanın marketlərində satılan bu məhsullarla bağlı ciddi müzakirələr gedir. İnsanlarda qidaların qarışıq tərkibinə görə ciddi narahatçılqı var.

"Medicina" xəbər verir ki, bizim.Media-nın bu narahatçılıqlarla bağlı sualına qida texnoloqu Ağa Salamov aydınlıq gətirib.

Mütəxəssis söyləyib ki, bu məhsulların tərkibində dadlandırıcı, rəngləndirici və başqa qatqı maddələri olduğuna görə zərərlidir:

“Az qala bütün qidaların üzərinə “pəhriz” yazıb satırlar. İnsanlar da buna güvənərək alıb istehlak edirlər. Nəticədə biznesin qurbanına çevrilirlər. Bu qidaların üzərində şəkərli diabet xəstələri üçün olduğu yazılsa da, tərkiblərində məhsulun ömrünü uzatmaq üçün əlavə edilmiş qatqı maddələri də daxil olmaqla insan orqanizminə zərərli olan çox şey var. Məsələn, şəkərin yarlığında yazılır ki, tərkibində 95% saxaroza var. Bu, diabet xəstələri üçün zərərlidir, ürək-qan-damar sisteminə mənfi təsirləri də qaçılmazdır. Buna görə yaxşı olar ki, diabet xəstələri həmin bölmədən uzaq dursunlar”.

Həmin şöbədə satılan çörəklərə qaldıqda isə mütəxəssis bunun da məsləhətli olmadığını bildirib:

“O çörəklərin tərkibi naməlumdur. Onlar liflərdən ayrılmış, zərərli qidalardır. Diabet xəstələrinin çovdar, buğda unundan ev şəraitində hazırlanmış çörəkdən az miqdarda istifadə etmələri daha məqsədəuyğundur, nəinki həmin çörəklərdən”.

Ağa Salamov onu da bildirib ki, qeyd etdiyimiz məhsullarla yanaşı üzərində “diabetik” yazılmış, lakin un, şəkər kimi tərkibə malik qidalardan istifadə edənlər də ehtiyatlı olmalıdırlar:

“Baxmayaraq ki, həmin məhsulların üzərində diabetik olduğu yazılıb, lakin onların da tərkibi qarışıq və eyni dərəcədə zərərlidir. Bəzi insanlar bunu nəzərə almır və ya bilmirlər. Diabetik yazılıb deyə həmin şirniyyat, un məmulatlarını çox istehlak edirlər. Diabet xəstələri yaxşı olar ki, həkim məsləhətinə əsasən təbii tərkibli qidalara üstünlük versinlər”.

Qeyd edək ki, bu ilin mart ayında qəbul edilmiş qanuna əsasən, qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək.
 

Dünyapress TV

Xəbər lenti