Havalar soyudu, dəm qazından boğulmalar başladı - nə etməli...
Eyyub Hüseynov: “Heç olmasa ildə bir neçə dəfə əhalini maarifləndirmək lazımdır”
Havalar soyuyan kimi dəm qazından boğulmalar başlayır . Noyabrın 1-də Sumqayıtda hərbçi dəm qazından boğularaq ölüb. Bir neçə gün əvvəl Gəncədə ana və bala dəm qazından boğulmuşdular.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin (KTM) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu “Yeni Müsavat”a bildirdi ki, ötən ay dəm qazı zəhərlənməsi ilə 3 müraciət olub.

TEREF.AZ yazır ki, “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, şikayətləri araşdıranda bir çox səbəblər üzə çıxır: “İlk növbədə qazdan istifadə qaydalarına bələd olmayan insanların, xüsusən də rayondan, kənar yerlərdən gəlmiş adamların ev kirayələyib orada qalması, ev əmlakına biganə yanaşması, qazdan istifadə qaydalarına əməl etməməsi, ucuz kirayə yaşayış yerlərində mərkəzi istiliyin olmaması, yəni qazdan evin qızdırılması üçün istifadə edilməsi, qazı qapatmadan yatmaq və s. İkincisi, kommunal xidmətlərə cavabdehlik daşıyan qurumların biganəliyidir. Cavabdehlik yalnız mənzilin, binanın girəcəyinə qədərdir. Mənzilin qazlaşdırılması, orada standartlara uyğun qaz xəttinin quraşdırılması ilə demək olar ki, heç kəs məşğul olmur. Təəssüflər olsun ki, elə bir qurum da yoxdur ki, bu işləri görsün. Buna görə də, necə deyərlər, kimin necə gəldi öz biliyinə uyğun mənzillərin içərisində qaz xətlərinin yerləşdirilməsi və s., o cümlədən detektorların quraşdırılması evdə partlayışlara səbəb olur. Hamamlarda su qızdırıcıları vasitələrinin quraşdırılması məsələsinə də diqqət etmək lazımdır. Birmənalı şəkildə qapıda böyük diametrli deşiklər olmalıdır. Hava axınını təmin edən tüstü bacası olmalıdır. Birmərtəbəli evdə isə pəncərədən çıxarılarsa, tüstü borusu elə quraşdırılmalıdır ki, külək əsəndə ona doğru təpmə olmasın. Əksər hallarda küləkli havada geri təpmə olur və ən sağlam insanlar belə hamam otağında boğulurlar. Qaz boğulması tədricən olur. İnsanlar onu hiss etmir, birdən-birə huş gedir. Əgər boru bayıra çıxarılmayıbsa, bina evindədirsə, tüstü bazasına birləşdirilibsə, tüstü bacalarının təmizlənməsi məsələsi yenə də sual altındadır. Bu könüllüdür. Gərək ayrı-ayrı mənzil istismarı idarələri, kooperativ sahibləri bu işi təşkil etsinlər və bu işlərə, məndə olan məlumata görə, Fövqəladə Hallar Nazirliyi baxır, onların ayrıca qurumu var. Gərək müraciət edəsən, gəlib təmizləsinlər. Borularda quş ölüləri, ot qırıntıları, quş yuvası və s. olur. Eyni zamanda çimərkən evdə tək olmamaq tövsiyə olunur. Qeyd etdiyim kimi, hamam otaqlarında digər qaz, işlədici cihazların quraşdırılması tək boru məsələsi deyil. Onun müəyyən hündürlükdə olması, içəri qaz buraxılması barədə məsələləri diqqətlə araşdırılmalıdır. Həmçinin heç olmasa ildə bir neçə dəfə əhalini maarifləndirmək lazımdır. Azad İstehlakçılar Birliyi minə qədər öz hesabına ayrıca balaca kitabça dərc edib və paylayıb. Lakin təəssüflər olsun ki, bu günə kimi kitabçaların əhaliyə paylanması üçün dəstək yoxdur. Biz ildən-ilə bu vəziyyətin bəzi cəhətlərdən yaxşılaşmasını görürük. Misal üçün, 6-7 il öncə qaz işçisi binanın qazını kəsərdi, orada bir "svarka" işini görərdi, kimdənsə pul alıb çıxıb gedərdi. Şükürlər olsun ki, məsələ xeyli düzəlib. Yəni “Azəriqaz” öz resursları çərçivəsində mümkün olanları edir. Əhalinin şikayət etdiyi başqa məsələlərdən biri qazın təzyiqinin az olması məsələsi və yaxud qazın istilik vermə qabiliyyətinin az olması məsələsidir. Düzdür, “Azəriqaz” bunu heç vaxt etiraf eləmir, deyir, hər yerə bərabər təzyiqlə verir, lakin əslində belə deyil. Xüsusilə Ramana ərazisindən çox zəng gəlir. Mən “Azəriqaz” yanında İctimai Şuranın üzvüyəm. Lakin bu kimi məsələləri biz həll etməyə nail olmamışıq".
 

Dünyapress TV

Xəbər lenti