Koronavirus pandemiyası ərzində məhdudlaşan sosial ünsiyyət başqalarının həyatına olan marağı artırdı. Bəzilərimiz hətta qonşularımızdan hansının çölə çıxarkən maska taxdığına fikir verirdik. Sosial şəbəkələrdə keçirdiyimiz vaxt rekord səviyyədə artdı.
Bu təəccüblü deyil, çünki informasiyanı, xəbərləri və şəxsi yeniliklərlə bağlı məlumatları internetdən əldə edirik.
Londondakı Brunel Universitetinin tədqiqatçısı Anne Chappell, insanların təbiətcə belə olduğunu, bizim öz hekayələrimizin başqalarının həyatı ilə mübadilə nəticəsində formalaşdığını deyir.
Bu, başqalarını "rentgendən keçirmək" kimi görünsə də, o qədər də pis olmaya bilər.
Lakin pandemiya dövründə başqalarının həyatlarına olan bu maraq daha da artdı.
Pandemiya kimi dövrlərdə başqalarının həyatını müşahidə etmək prosesi qəbul etmək, hətta vəziyyətə uyğunlaşmaq üçün yaxşı ola bilər.
Təbii ki, "rentgendən keçirmək" yeni anlayış deyil.
"İnstagram" hekayələrinə çevrilən "People" jurnalından əvvəl 19-cu əsr qəzetlərində Kardashian üslublu səhifələrə rast gəlmək olar.
Bu gün isə marağımızı təmin etmək üçün daha çox üsul var.
"Facebook"dan "İnstagram", "Snapchat", "TikTok" və "Clubhouse"a qədər bütün sosial şəbəkələrdə başqalarını müşahidə etmək üçün bir çox kanal var.
Chappell, adətən, şüursuz şəkildə başqalarının həyatlarını müşahidə etməyin xəstəlik olmadığını bildirir. Bu, daha çox mübadilə, ətrafımızdakı dünyanı anlama cəhdidir.
Anne Frank kimi tarixi şəxslərin gündəliklərini xatırladan Chappell bunların bir şəxsin düşüncələrindən ibarət olmadığını, həm fərdi, həm də ictimai həyatdan bəhs etdiyini deyir.
Görünən odur ki, başqalarını müşahidə etmək arzumuz yaşadıqlarımızı mübadilə etmək istəyimizdən qaynaqlanır.
Digər insanlarla ünsiyyəti təmin edir
"Covid-19"un qlobal miqyasda yayılmasından bəri hər növ məlumat almaq istəyimizin artması ilə başqalarının həyatlarına marağımız daha çox artıb.
Bu, iş yerindən darıxdığımız bir dostumuz, ya da övladımızın məktəbindən bir valideyn ola bilər.
New Yorkdakı Lenox Hill Xəstəxanasından klinik psixoloq Sabrina Romanoff qeyd edir ki, "pandemiya zamanı artan sosial məsafə bizi ətrafımızdakı insanların həyatları ilə daha çox maraqlanmağa məcbur edib."
Sosial media real həyat qədər qaneedici olmasa da, digər insanlarla ünsiyyət qurmağa imkan verir.
Sosial media və davranışlar üzrə tədqiqatçı Laura Tarbox deyir ki, bu real dünya ilə ünsiyyət üçün plasebo effekti yaradır.
Yeni bir nizam
Sosial media eyni zamanda yeni normaların formalaşmasında rol oynayır.
Tarbox sosial medianı nələrin məqbul sayıldığını, necə davranmalı olduğumuzu, nələri paylaşmağın təhlükəsiz olduğunu, yəni-yeni qaydalar öyrəndiyimiz yer olaraq izah edir.
Romanoff əlavə edir ki, insanlar sosial varlıqdır və ictimai fikrə daha çox güvənirlər.
Bundan savayı, başqalarının da qorxuları olduğunu görmək sakitləşdirici təsir göstərir və "proyektiv eyniləşdirmə" deyilən psixoloji proseslə izah edilir.
Eynilə dəhşətli bir hadisəni əks etdirən xəbəri yüzlərlə insanın paylaşması kimi, bu halda da bizdə olan qorxu və ya narahatlıq parçalanır və xarici mənbəyə ötürülür.
Pandemiya zamanı başqalarının həyatlarını müşahidə etmək, şüursuz da olsa, şəxsi problemlərimizi qəbul etməyə kömək etdi.