Yoluxma sayı azdır, amma... -
İnfeksionist Nicat Əzimli: “Koronavirusun tamamilə yox olmasını gözləməməliyik, o, insanlarla bərabər yaşayacaq”
Məktəblərin açılmasından sonra ölkədə COVİD-19-a yoluxanların sayında hələ ki ciddi artım qeydə alınmayıb, yoluxma 4 rəqəmliyə keçməyib. Bununla belə, rəsmi statistikaya əsasən, hər gün təxminən 100-150 yoluxma olur. Beləcə davam edəcəkmi? Görəsən, koronavirusun kökü niyə kəsilmir? Payız mövsümünün başlaması ilə əlaqədar təzədən vaksinasiyaya ehtiyac varmı?

Bu arada Rusiyada yoluxanların sayında artım var. Son sutka ərzində 30 085 nəfər koronavirusa yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 21 049 027 nəfərə çatıb. Bundan əlavə, son sutka ərzində koronavirusdan 96 nəfər ölüb, 46 992 nəfər isə sağalıb.

Koronavirus pandemiyası dövründə ən az yoluxma hallarının baş verdiyi ölkələrdən biri olan Yaponiyada artıq 10-cu həftədir ki, dünya üzrə ən çox belə hal qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı (DST) məlumatında yayıb ki, son həftə ərzində Yaponiyada 535 mindən artıq yeni yoluxma halı qeydə alınıb. Bu, 361 min yoluxma sayı ilə ikinci yerdə olan ABŞ-dan demək olar ki, iki dəfə çoxdur. Mütəxəssislərin bildirdiyinə görə, Yaponiyada hazırda yeddinci yoluxma dalğası davam edir. Son sutka ərzində təqribən 50 min yeni yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Tokio Siyasi Araşdırmalar Fondunun məlumatına görə, Yaponiya əhalisinin koronavirusa qarşı kollektiv immuniteti təqribən 90 faiz təşkil edir. Buna baxmayaraq, Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə girişlə bağlı tətbiq edilən məhdudiyyətləri oktyabrın 11-dən aradan qaldırmaq barədə qərar qəbul edib. Qərara əsasən, həmin gündən etibarən ölkəyə sutka ərzində gəliş sayına tətbiq edilən limit, qısamüddətli vizaların verilməsi məhdudiyyətləri və fərdi turizm barədə qadağa aradan qaldırılacaq.

Son bir həftənin statistik məlumatına əsasən, dünyada COVİD-19-dan ölənlərin sayı 6,5 milyonu, yoluxanların sayı isə 608 milyonu ötüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilib ki, ÜST öz statistik məlumatlarında yalnız yoluxmuş və ölənlər haqqında dövlətlər tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən çox yoluxma ABŞ-da qeydə alınıb - 94 237 260. Hindistan (44 522 777), Braziliya (34 558 992), Fransa (33 796 693) və Almaniya (32 643 742) sonrakı yerlərdə qərarlaşıb. Ölənlərin sayına görə ardıcıl olaraq ABŞ (1,041,323), Braziliya (685,121), Hindistan (528,273) qeydə alınıb.

Göründüyü kimi, pandemiyanın bitəcəyi barədə məlumatlar verilsə də, görünən odur ki, virus yoluxmaqda davam edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1664859299_2.jpg
Nicat Əzimli

Həkim-infeksionist Nicat Əzimli isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, yoluxmalarda artım olsa da, olmasa da, bu, insanları narahat etməməlidir: “Çünki hazırda koronavirusun üstünlük təşkil edən variantları əhalidə ağır xəstəlik hallarına çox az hallarda səbəb olur. İnsanlar xəstəliyi daha yüngül formada keçirirlər. Xəstəlik sayında nə qədər artım olmuş olsaydı, bu, hər hansı məhdudiyyətlərə, tədbirə ehtiyac olmayacaq idi. Bu da yaxşı bir xəbərdir ki, yoluxmalarda ciddi bir artım yoxdur. Koronavirusun kökündən kəsilməsini gözləməməliyik. Bu virus bundan sonra da davam edəcək kimi görünür. Bunun əsas xüsusiyyəti nədir, insan çox rahatlıqla yoluxur, insan hüceyrələrində də çox rahatlıqla bölünüb çoxala bilir. Xüsusilə də hər keçirilən mutasiyadan sonra bu xüsusiyyətlərində güclü artım müşahidə edilir. Hər yeni variant insan orqanizmində daha çox kopyalanmaq, çoxalmaq xüsusiyyətinə malik olub. Bu da onu göstərir ki, bu virus nəinki insan orqanizmindən uzaqlaşır, insan orqanizminə daha da uyğunlaşır. Bu uyğunlaşmanın həm də bir cəhəti var ki, o, yoluxduğu insanı xəstələndirməməyə və daha az simptomatik olaraq özünü göstərməyə başlayır”.

Həkim əlavə edib ki, insanlar xəstəliyi yüngül keçirirlər, bu, virusun özünə də lazımdır, bununla da o davam edə bilir: “Bölünüb çoxalmağa, insandan insana ötürülməyə başlayır. Çünki yoluxduğu insanı öldürməsi təbii seleksiya nəticəsində ona mənfi təsir edir. Yəni digər insana virusun yoluxma ehtimalı azalmış olur. Əgər yoluxduğu insan xəstəliyi nə qədər az simptomatik keçirərsə, nə qədər yüngül keçirərsə, o, insanın bədənində daha uzun müddət qalır. Daha çox ehtimal olur ki, yeni-yeni insanlara bu virus ötürülsün. Bu cür olan halda da yoluxma saylarında artım baş verir. Amma xəstəliyin ağırlığı, şiddəti azalmış olur. Belə başa düşülür ki, bu virus insanlarla bərabər yaşamağa davam edəcək. Necə ki, uzun dövrlər boyu bizimlə yaşayan bir çox virus var. Misal üçün, qrip, influenza virusu bunlardan biridir. Bu virusu da hamı normal qəbul edir. Bir çox hallarda qripi evdə yüngül keçiririk. Koronavirus da bu cür xüsusiyyətlər qazanmağa başlayıb”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
 

Dünyapress TV

Xəbər lenti