BMT-nin ömür uzunluğu, təhsil və həyat standartları ilə bağlı indeksi üzrə Azərbaycanın göstəriciləri necədir?
Birləşmiş Millətlər Təşkilatının yenicə açıqladığı hesabatda dünyada gözlənilən ömür uzunluğu, təhsil və iqtisadi rifah sahələrində onillərlə davam edən irəliləyişlərin pandemiya nəticəsində gerilədiyi bildirilir. Azərbaycan 195 ölkə arasında 91-ci sırada qərarlaşıb. Qonşu Ermənistan, Gürcüstan və Türkiyədə vəziyyət daha yaxşıdır; Ermənistan bu siyahıda 85, Gürcüstan 63, Türkiyə isə 48-ci yerdədir. BMT-nin qlobal inkişafı ölçən İnsan İnkişafı İndeksi üzrə göstəricilər son iki ildə hər 10 ölkədən 9-da azalıb. Burada Covid-19-la yanaşı, Ukraynadakı müharibə və qlobal iqlim dəyişikliyinin zərərli təsirlərinin də rol oynadığı bildirilir.

İsveçrə dünyada gözlənilən 84 illik ömür uzunluğu, 16,5 illik təhsil və 66 min frank orta gəlirlə İnsan İnkişafı İndeksinə başçılıq edir.Siyahının sonunda 55 il ömür, 5,5 il təhsil və orta illik gəliri 768 dollar olan Cənubi Sudan gəlir.

BMT bildirir ki, hesabatda 2021-ci ilin göstəriciləri əhatə olunub.

Azərbaycanda İnsan İnkişaf İndeksi üzrə vəziyyət
Hesabata görə, Azərbaycanın İnsan İnkişaf İndeksi ötən il bir qədər artaraq 0,745 olub. 2020-ci ildə bu rəqəm daha az olub: 0,741.
Azərbaycan Gender Bərabərsizliyi İndeksi üzrə 177 ölkə arasında 70-ci yerdədir. Ölkə parlamentində təmsil olunan qadınlar isə bütün sayın 18,2 faizini təşkil edir.

Ölkədə gözlənilən ömür uzunluğu ümumilikdə - 69.4, qadınlar üzrə 73,3, kişilər üzrə isə 65,6 yaşdır.

Ölkədə doğuş zamanı ana ölümlərinin sayı hər yüz minə 26 nəfərdir.

Hesabatda, həmçinin bildirilir ki, Azərbaycanda ən azı orta təhsili olan 25 və daha yuxarı yaşda qadın və kişilər əhalinin 93,6 və 97,6 faizini təşkil edir.

Ölkədə gözlənən təhsil ili - 13,5, orta təhsil müddəti isə - 10,5 ildir.

Hesabatda, o cümlədən Azərbaycanda adambaşına orta illik gəlirin 14,257 manat olduğu bildirilib.

2021-ci ildə ölkədə qadınlar və kişilərin gəlirləri arasında 8,9 faizlik fərq olub. Ötən il ərzində qadınlar orta hesabla 10,536 manat gəlir əldə edərkən, kişilər 18 min manatdan daha çox qazanıb.
Dünyada insan ömründəki 30 illik artımda geriləmə

İndeksə daxil olan 191 ölkənin əksəriyyətində, xüsusən də gözlənilən ömür uzunluğunda geriləmələr baş verərək 2016-cı ildə müşahidə olunan səviyyəyə qayıdıb, bu isə 30 ildir artan ömür uzunluğunun ilk dəfə geriləməsi deməkdir.

ABŞ-da gözlənilən ömür uzunluğu 2019-cu ildən bəri iki il azalıb, bəzi ölkələrdə isə bu rəqəm daha böyükdür. BMT 1990-cı ildə inkişafın ümumi daxili məhsula (ÜDM) qədər azalması tendensiyası ilə mübarizə aparmaq üçün İnsan İnkişafı İndeksini işləyib hazırlayıb.

O vaxtdan bəri müxtəlif böhranlar səbəbindən bir çox ölkələrin indeksləri zaman-zaman azalsa da, ötən ilə qədər qlobal tənəzzül müşahidə edilməmişdi.Keçən ilki enişdən sonra bu il də indeksin aşağı düşməsi inkişaf tendensiyasının bərpasının çətin ola biləcəyini göstərir.

Zəngin ölkələrin üçdə ikisində bu il eniş trendi başa çatsa da, əksər ölkələrdə azalma davam edib.Bu il açıqlanan indeksin məlumatları ötən ilə aiddir.

Hesabatın müəlliflərindən olan Achim Steiner builki məlumatların daha bədbin göründüyünü, 80-dən çox ölkənin öz borcunu ödəməkdə çətinlik çəkdiyini bildirir:"Biz ciddi pozuntular müşahidə edirik və onların yaxşılaşdırılması üçün illər lazım ola bilər".

BBC.com
 

Dünyapress TV

Xəbər lenti