Azərbaycanda enerji içkiləri ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaradan məhsullar istehsal edən sahibkarlıq subyektlərinə və satış şəbəkələrinə ciddi xəbərdarlıq olunub.
Eyni zamanda həm istehsalçı şirkətlər, həm də satış şəbəkələrinin rəhbərləri ilə görüşlər keçirilib, onlara öz fəaliyyətlərini normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmələri barədə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, nəzarət tədbirləri çərçivəsində enerji içkiləri ilə bağlı agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək 2022-ci il 1 avqust tarixindən ticarət və ictimai iaşə müəssisələrində aidiyyatı qurumlarla birgə 1 537 ticarət və ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlər zamanı qeyd olunan sahədə fəaliyyət göstərən 297 ticarət şəbəkəsində enerji içkisi olmayan içkilərin enerji içkiləri kimi satışının həyata keçirildiyi vitrinlərdə satılması, həmin məhsulların qiymət kağızının üzərində məhsulun enerji içkisi kimi təqdim edilməsi kimi nöqsanlara rast gəlinib.
Aşkarlanan faktlarla bağlı sahibkarlıq subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.